İNDİ OXUYUR
Amerikasayağı performans

Amerikasayağı performans

Çoxlu sayda mükafatlara layiq görülüb, kino tənqidçilərinin xüsusi rəğbətini qazanmış filmlərin əksəriyyəti iddia, pafos və təmtəraqdan uzaq kinolentlərdir. Doğrudan da, “dahiyanə olan hər şey sadədir” formulu birmənalı şəkildə işləkdir. Söhbət, sözləri və kəlmələri, özgünlüyü və poetikliyi ilə sadəlik və həyatilik saçan, süjeti isə anlaşıqlı olduğu üçün – müəllifin qəribə, bizi qeyri-ixtiyari özünə çəkə biləcək fantaziyasından hali – komfort zonasında bərqərar olan filmlərdən gedir. Belə filmlərə baxandan sonra biz, həm müəlliflə, həm də aktyorların oyun tərzi ilə razılaşırıq, “inanıram!” faktını səssiz şərh edirik.

Mükafatlar qazanıb seçilmiş filmlər arasında özünə yer tutan ekran işlərindən biri də 1999-cu ildə rejissor Sem Mendesin Alan Bollun ssenarisi əsasında çəkdiyi “Amerikansayağı gözəllik” dir. Bir il sonra, 2000-ci ildə ekran əsəri beş Oskara layiq görülür, Sem Mendesə “Ən yaxşı rejissor işinə görə”, Kevin Speysiyə “Ən yaxşı kişi roluna görə”, Annet Beninqə “Ən yaxşı qadın roluna görə” “Oskar”lar təqdim edilir. Filmin büdcəsi hətta o dövr üçün çox cüzi idi – cəmi-cümlətanı 15 milyon dollar! Və 20 il keçməsinə baxmayaraq, bu filmə nəinki baxmaq olar, hətta baxmaq lazımdır – orada qaldırılan problemlər bu gün tamamilə aktualdır.


Lester Börnan (Kevin Speysi) 42 yaşında adi işgüzar adamdır (Amerika filmlərinin fərqli cəhəti odur ki, adi, sıravi bir insanı müəllif, günün və ya ilin adamı səviyyəsinə qaldırır, az qala onu bütə çevirir). Və onun ilk baxışda adi həyatını qəbul edərək biz artıq həmin şəxsin qeyri-adi, yeknəsəq güzəranının şahidi olmuruq, onun fərdi yolunun, şəxsi böyümə trayektoriyasının, onun öz problemlərinin öhdəsindən necə gəlməsinin, onu ruhlandıran nəsnələrin və sonda gəldiyi qənaətlərin müşahidəçisinə çevrilirik. Həmin bu şəxsin işgüzar həyatı tükənmə həddindədir. Baş qəhrəmanın həyatında nəsə ürəyincə deyil. Lakin məhz nə? – bu sualın cavabını film tam olaraq vermir.

O Karolinlə (Annet Beninq) evlidir və onların Ceyn adlı qızları var. Lester orta yaş həddinin böhranını yaşayır və film ərzində özünün motivasiyası altında dəyişilir və böyük fasilədən sonra arvadı ilə yaxınlaşmaq istəyəndə Qızıl Yarılma Möcüzəsi baş verir. Karolinə deyir ki, gəncliyində o, necə oynaq olub: dostlarının əyləncə gecəsində ürəkkeçmə imitasiya edirmiş və ya əl fənərilə uçub-keçən vertolyotlara işıq salırmış. Bəs keçmişindən ona tutqun xatirələr qalan, amma indi depressiv, gələcəyi isə sual altında olan Lester böhrandan necə çıxır? Ən standart üsulla – məşuqə tapır, uyuşdurucu ot çəkir, işdən çıxır və yarış maşını alır.

Sonrakı mərhələdə Lesterin arvadı, özünün iş yoldaşı, daşınmaz əmlak “kralı” Badi ilə ehtiraslı eşq macərası yaşamağa başlayır, onun qaraqabaq qızı Ceyn (Tora Börç) isə ruhi xəstəxanada yatıb-çıxmış qonşu oğlan Rikiyə bənd olub.


Lesterin özünün öz bəlalarında təqsirkar olduğunu, uğurun ondan üz döndərdiyi adama çevrildiyini və bütün bunların vaxtilə ona tay olmayan və Lesteri tədricən bir əski parçasına çevirən, tamamilə özünə uyğunlaşdıran həyat yoldaşı seçdiyi üçün baş verdiyini söyləmək doğru qənaət, düzgün fikir olmaz və mən bundan imtina edirəm. Axı filmin müəllifi mətbəxədək bütün otaqlar boyu bizə onların çərçivəyə salınmış ailə fotolarını, başqa sözlə, evin hər guşəsinin ailə xoşbəxtliyi və rifahı ilə nəfəs aldığını əbəs yerə təsvir etmir.

Lester Börnanın özü kadrarxası mətnlə bizə, onun və ailəsinin başına gələnlərin ipuclarını, metamorfozlarını verir:

“Mən haradasa uğursuzluğa düçar oldum. Nəsə çox vacib bir şeyi itirdim. Bunun nə olduğunu bilmirəm. Mən axı həmişə narkoz altında yaşamamışam. İtiriləni tapmaq heç vaxt gec deyil”.

Orta yaş həddinin böhranı hər kəsin keçdiyi bir mərhələdir. Məgər yalnız buna görə insanı hesabdan silib, onun varlığını puç sanıb ona “uğursuz” damğası vurmaq olarmı?!

Filmin ilk kadrlarında Lesterin qızı Ceyn, dostu Rikiyə (Ves Bentli) deyir (sərbəst montaj düzümündə bu kadr rejissor tərəfindən süjetin mərkəzinə qoyulub ki, qəhrəmanın nə dərəcədə antipatik olduğunu tamaşaçıya göstərsin): “Mənə elə bir ata lazımdır ki, ona oxşamaq istəyim, daha bitib-tükənmiş botanik yox. Kiminsə ürəyi yanıb onu öldürsəydi bircə”…

Ceyn özü daim qıcıqlı, özünə inamsız və çoxlu kompleksləri olan bir qızdır. Və belə kəskin danışıqlarına baxmayaraq, əslində o, atasını çox sevir. Lesterin arvadı isə emosiyalarını cilovlaya bilməyən və işinə-peşəsinə, bağçasına aludə olan, evdəki əşyalara həyatın özündən daha çox dəyər verən birisidir.
Börnan ailəsinin qonşuluğunda oğlu Riki və arvadı ilə birgə polkovnik Frenk Fitsin (Kris Kuper) ailəsi və bir də qeyri-ənənəvi sevgili cütlük olan Cim və Ci yaşayırlar. Anjela adı ilə tanınan Ceynin rəfiqəsi (Mina Suvari) ilk görüşdən Lesterlə flirt etməyə başlayır. Kimsə deyə bilər ki, müəllif əhvalatın önünə sarışın Anjelanı qoyur; yəni, baxın, əsl amerikasayağı gözəllik məhz budur. Lakin heç də hər şey göründüyü kimi sadə deyil. Əlbəttə, bu mətləb filmdə yer alıb, bu barədə heç kim mübahisə etmir (götürək, elə sarışın xanımla görüşdən sonra Lesterin erotik fantaziyalarını), lakin belə fikirlər yalnız üst qatda qalır.


Burada polkovnik Frenk Fitsdən bəhs edən süjet xəttinin ədalətsiz olaraq diqqətdən kənarda qalmasını qeyd etməmək olmaz. O, filmdə antaqonist qismində çıxış edərək Lesteri öldürür, doğma oğlunu döyür və ümumiyyətlə, bu personaj homofobların ümumiləşdirilmiş obrazıdır. Lakin burada bir məqam var –  bu ABŞ hərbi-hava qüvvələrinin adamı necə dəyişməsindən ibarətdir. Və yeri gəlmişkən, haqqında danışdığımız süjet şaxəsi məhz uzun müddət hərbi xidmətdə olan insanın nələrdən keçdiyini göstərir. Hər şeyi bir yerə toplasaq, polkovnik psixoloji cəhətdən şikəst edilmiş insandır. O, arvadını döyür (belə bir kadr filmdə olmasa da, bütün əlamətəri aşkardır), oğlunu döyür və onda əsgər xasiyyəti tərbiyə etməyə cəhd göstərir. Problem ondadır ki, o, başqa cür davranmağı bacarmır. Polkovnik oğlunu narkotiklərdən və qeyri-ənənəvi əlaqələrdən qorumaq istəyir, son nəticədə o, oğlunun müdafiəsini Lesteri öldürməklə reallaşdırır.     
Filmin finalı heyrətamizdir – Lester köhnə ailə fotosuna baxarkən başından aldığı güllədən ölür. Burada sətiraltı məna özünü tam doğruldur – biz bu zalım dünyada ailəmiz xatirinə, onu qoruyub-saxlamaq naminə dəridən-qabıqdan çıxanda hər dəfə ölürük!

Lester on dörd ildir ki dəb jurnalında çalışır. Böhran-menecer Breti isə işə məhz ondan ötrü götürüblər ki, əməkdaşları işdən “gözəl” şəkildə çıxarsın. Lakin Lester onun niyyətini anlayır və özü “gözəl” şəkildə işdən çıxır! İşəgötürənı yazılı müraciət ünvanlayaraq: “Ümumi cizgilərlə təsvir etsək, mənim işim yüksək vəzifələri tutan gicbəsərlərə nifrətimi ustalıqla gizlətməkdən və gündə bir dəfə ayaqyolunda xəlvətə çəkilib qapını kilidləyib cəhənnəmi daha az dərəcədə xatırladan həyat haqqında xəyallara dalmaqdan ibarətdir!”.

Ceynin keçmiş sinif yoldaşı və rəfiqəsi sarışın Anjela, Lesterə toxunaraq və intimə işarə edərək onunla eşqbazlıq etmək cəhdlərini səngitmir, çünki bilir ki, (tamaşaçıların buna aid fikir və şərhləri ilə razı deyiləm) o zəifdir və bacarmayacaq. Sonra isə dəyişiklik hiss edir, duyur ki, bu artıq həmin Lester deyil – ona dərketmə qabiliyyətində baş verən oyanma işartısı kömək edib. Anjela ilə görüşdən sonra Lester deyir ki, “sanki iyirmi il komada yatıb və indi ayılıb”. Anjela isə bundan bir neçə dəqiqə əvvəl fikrindən keçirir ki, bütün kişilər onu arzulayır və əgər əks cinsdə ona münasibətdə belə bir hiss yaranırsa, onun model olmaq şansları yüzdə yüzdür. Polkovnik Fitsin ailəsi təcrid edilmiş həyat tərzinə o dərəcədə üstünlük verir ki, hər qapı zənginə təccüblənirlər. Frenkin özü qəzetdə xəbərləri oxuyaraq Amerika haqqında nifrətlə danışıb “bu ölkə birbaş cəhənnəmə yuvarlanmaq üzrədir!” Bu ailənin birlikdə oturub televizor seyr etməsinə baxmaq çox gülməlidir. Bu üç nəfərin televizor qarşısındakı görüntüsü ortastatistik amerikalı səviyyəsində şablon xoşbəxtliyi xatırladır, beynəlxalq “məmnunluq”səviyyəsini də bura aid etmək olar. Amerika sevinc və gözəlliyinin ailə idilliyası, vətəndaş istehlakının komfortlu mövqeyindən ibarətdir. Amerika ordusunun yeni hərbçilərinin televiziya ilə deklamasiya etdikləri tezislər bunlardır: а) vətənpərvərlər b) öz ölkələrini sevirlər c) bizi çağırıblar – KİV-in təbliğat maşını haqqında danışaraq dünyaya daha yaxşı və daha şirin həyatdan müjdə verirlər. Lester istisna olmaqla bütün personajlar saxtadır, onlar görüntüyə xidmət etməkdən başqa heç nəyə yaramayan həyatlarını sürürlər, baxmayaraq ki, hər biri daxilən çox bədbəxtdir. Əlində vidеokamera olan Riki burada rejissor qismində çıxış edir (o, kontekstdən kənardadır), o, “amerikasayağı gözəlliyi” çəkir. Filmin yad cismi məhz Rikidir, hərbçinin oğlu. O, populyar brendlər haqqında düşüncələrə və ya başqalarının onun barəsində nə düşünəcəyi ilə bağlı fikirlərə qapılmır; o, sadəcə, yaşayır, video çəkir və prosesdən və həyatın özündən zövq alır. “Bir dəfə mən donmuş, səkidə uzanıb qalmış tənha qadın gördüm. O çox kədərli görünürdü. Mən onu çəkdim. Ehtiyatlı, ahəstə olsan, tapıb görə bilərsən. Gözəlliyi görə bilərsən”.


Rikinin çəkdiyi ölmüş quş, daha doğrusu, ölmüş göyərçin – dünyanı ayaqda saxlayan sülh məfhumunun artıq cansız olmasının əlamətidir. Sülh göyərçini – humanizmin və bəşəriyyətin cəsədidir, qarışıqlığın və narahatlığın rəmzidir.

Karolin gözəl qızılgüllərlə kadrda hərdənbir görünür, lakin onun isterikaları və qərəzli qeydləri, həmkarı Badinin ağuşuna atılmasına mane olmur, Badi isə hər yerdə özünün treninq-düşüncəsini car çəkir ki, “uğur qazanmaqdan ötrü həmişə uğurlu görünüşə malik olmaq vacibdir”. Biznesdə və həyatda uğurlu olmaqdan söhbət gedir. Yuxarıda qeyd etdiyimiz kimi, Karolin rieltordur, daşınmaz əmlak üzrə mütəxəssisdir. Konkret cəmiyyətdə orta əl iş yerləri liqasında bu pilotaj hesab olunur – münbit iş zəmanətinin prinsipinə çevrilmiş düzənli, sabit məşğulluq nümunəsi.

Bu vaxt Lester işdən çıxıb “Cənab Təbəssüm” adlı səsləyişli ada malik bistroya işə düzələrkən və baş verənlərin ümumi mənasızlığını anlayaraq yeni işverənə belə bir istehzalı rica ilə müraciət edir: “Mənə minimal məsuliyyət yükü olan iş lazımdır”.

“Öz-özünü təəccübləndirməyi bacardığını dərk etmək necə də gözəldir. Daha əvvəl nəyi bacardığını, sonra unutduğunu götür-qoy edirsən” və ona ünvanlanan suala cavabına əlavə edərək deyir ki, qaçışla məşğul olaraq çəki atmaq, ya da güc və çevikliyimi artırmaq istəyirəm – “mən sadəcə olaraq, çılpaq ikən yaxşı görünməyə can atıram” (o, onsuz da başqa bir anlamda “çılpaq” adamdır).
Polkovnikin mənzili. Onun ağıldankəm arvadı Ceyndən səliqəsizliyə görə üzr istəyir, halbuki mənzil ideal şəkildə səliqə-səhmanlıdır.
Bu ideal qayda-qanunu bəyan edən ölkələrdəki analoji situasiyaya edilən vurğudur: demokratiyadan, sivilizasiyadan, çiçəklənmədən dəm vurulur, əslində isə beyinlərdə və daxildə tam bir qaydasızlıq, xaos və səliqəsizlik hökm sürür. Filmdə “gözəlliyə” eyhamlar çoxdur, məsələn, Lesterlə Riki narkotik çəkə-çəkə “Reanimator” filmində başı kəsilmiş adamın öz başını qoltuğuna vurub yola düzəlməsi barədə söhbət edirlər. 
Çoxlu adamın ötüb keçdiyini görürük: ev-iş, iş-ev, Riki-rejissor sadəcə ayaq saxlayıb uçan paketi çəkə bilər. Çoxları ötüb keçirlər, çünki öz obrazlarının qurulması ilə məşğuldurlar. Riki gözəlliyi çəkmir! Eybəcərlikdəki gözəlliyi çəkir!


Film mozaik çevrilmələr və allüziyalar üzərində qurulub: ağıldankəm Riki, sağlamlardan daha sağlam şəkildə əks tərəfdəki müşahidəçini – ötüb-keçən həyatı müşahidə edən rejissoru oynayır. Əxlaqsız sarışın qız Anjelanı – idealda bakirə kimi tanıyırıq; nümunəvi Ceyn – qəribədir, içi komplekslərlə doludur; polkovnik Frenk – nizam-intizamlı və məsuliyyətli yox, tam bir psixopatdır; Karolin ilk baxışda göründüyü kimi sədaqətli həyat yoldaşı deyil, nəfsinin diktəsi ilə hərəkət edib macəra axtarışında olan qadındır;  Lester  – uğursuz insan deyil, şəxsiyyətdir, sadəcə hansısa anda “ayağı büdrəyib”.
Rikinin filmindəki uçan paketə gəldikdə isə bu kütləvi maraq doğurmuş məqam olaraq bütün baş verənlərin keyfiyyət nişanından bəhs edir. Bu Amerika xəyalının Azadlıq rəmzidir. Baxmayaraq ki, saxta Amerika xəyalı (bu xəyal “Amerikasayağı gözəllik” filmində imkanlar ölkəsi kimi artıq bəyan edilmir və böyük ehtimalla Amerika – təzadlar və qaçılmaz amillər ölkəsi kimi təqdim olunur. Burda aydın çatdırılır ki, gözəllikdən yorulma baş verə bilər, xoşbəxtliyin isə sürətlə ötüb-keçmək xüsusiyyəti var. Riki bu barədə “bəzən bu dünyada o qədər gözəllik olur ki, onu mənim ürəyim dözüb-daşıya bilmir, ürəyim dolub-daşır” deyərkən vurğulayır.
Baş qəhrəmanın özü də ölümündən bir az əvvəl deyir: “Bu gün sənin həyatının qalan hissəsinin son günüdür” sözlərini xatırlayırsınız? Bu həqiqətən də belədir, yalnız bir gün istisnadır – öldüyün gün”.
Filmin rejissoru Mendes dönə-dönə üç dəfə olmaqla Amerikanı, daha doğrusu, ölkənin bir rayonunu quş uçuşu səviyyəsindən göstərir, bu kadrları ümumi quruluşun obrazı və Amerika dünya duyumunun modeli kimi nümayişləyir; bu model isə özündə gözəlliyin sadəcə görüntü, uydurma olduğunu ehtiva edir, o yoxdur, o görünmür. Filmin müəllifi müasir Amerika cəmiyyətinin reallığını, həmin gözəlliyi bütün çılpaqlığı ilə göstərir; amma bu gözəllik dırnaq arasındadır. Bu reallıq çərçivəsində özlərinin partnyorluq münasibətlərini gizlətməyən homoseksuallar sizin qonşuluğunuzda yaşayırlar, keçmiş hərbçilər şikəst edilmiş mənəvi idbarlardır, gənclər marixuana çəkir və böyükləri də bu çirkin vərdişə öyrəşdirirlər, ailələrdə sədaqətsizlik var, stajlı adamı “gözəl” şəkildə əlüstü işdən çıxara bilərlər.

Film, Amerika kimi geniş imkanları olan ölkəyə sərt bir nəzərdir.

Və bu Amerika demokratiyasının pozğun imkanları məngənəsinə istənilən şəxs düşə bilər. Lakin bu kimsə olmaq bəxtsizliyi Lesterin qismətinə tuş gəldi, o, daha çox özünə qarşı deyil, cəmiyyətdə oturuşmuş qaydalar sisteminə qarşı çıxdı. O, yalançı dəyərlər, yalan, ibarəpərdazlıq şəraitində, dəqiqi, şəraitsizliyində yaşamaqdan imtina etdi. O, bundan kənardadır, Lester hər kəsin “borcluyam” prinsipi ilə yaşadığı və sağ qalmaq sistemində özünü  “istəyirəm” deyən kimi göstərmək davranışının bərqərar olduğu stereotiplərin sonsuz zəncirini qırdı. Və o, xilasolmanın dayaq nöqtəsini tapıb özünə kənardan baxdığı həmin andaca öldü! Hamının yavaş-yavaş, və həm də çoxdan ağlını itirdiyi bu əxlaqsız, pozğun, bədbin və qeyri-təbii cəmiyyətdə ona başqa nə qalırdı ki? Sivilizasiyanın beşiyi başında gizlində qalmış ixtilaf və süqut yatır. Və bu çürüməkdə olan kabusa qarşı çıxan yeganə şəxs Lester oldu ki ona da gerşəkliyin qəddar və öldürücü əlinin rəhmi gəlmədi.

Elçin Əsədov

Tərcümə etdi: Samirə Behbudqızı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya