İNDİ OXUYUR
Çəkilin! Qadın ssenaristlər gəlir!

Çəkilin! Qadın ssenaristlər gəlir!

Kommersiya yönümlü komediyaların ənənəvi mövzusunu (evlilik, toy, ailə-məişət və s.) rejissor və ssenarist Valeh Əhmədov yenicə prokata çıxan “Evdə qalmış” filmində davam etdirir. Filmin adı konkretdir və tamaşaçı diqqətini cəlb etmək, onu kinoteatra çağırmaq üçün təhrikedici səslənir. Bununla belə, filmin adı istər-istəməz bu təsəvvürü də yaradır: biz yenə azərbaycansayağı evlənmək, elçilik adət-ənənələri haqda bəsit, basmaqəlib, əzbər bildiyimiz stereotiplər üzərində qurulan kinohekayə izləyəcəyik. Amma nə yaxşı ki, rejissor gözləntiləri alt-üst edir.

Valeh Əhmədovun peşəkar ssenari təhsili yoxdur, o, Texniki Universitetin məzunu, KVN layihələrinin iştirakçısıdır. Lakin öz üzərində işləyərək peşəkarlaşıb, dərin kino bilgilərinə yiyələnib və  populyar serialların ssenaristi, ssenari qrupunun rəhbəridir. “Evdə qalmış” onun rejissor kimi ikinci tammetrajlı bədii filmidir. Buna qədər isə o, bir neçə il öncə rejissoru və ssenaristi olduğu “Kişi ol” dramını çəkib.


Kinoyazar saytında İlqar Quliyev “Evdə qalmış” filmi haqda təfərrüatlı qeydlər etdiyindən, sadəcə, sözügedən ekran işi barədə vacib saydığım bəzi məqamları bölüşəcəyəm.  

Ssenaristlər (Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova) evlilik mövzusuna mümkün qədər fərqli baxış bucağından yanaşıblar. Daha çox diqqətimi çəkən, ssenari qrupunda qadınların yer almasıdır. Bizim kino sektorunda, xüsusən, kommersiya yönümlü komediyaların rejissor və ssenaristləri arasında bir qayda olaraq kişilər üstünlük təşkil edir. Qadınlar müəllif kimi yaradıcı heyətdə demək olar ki, yer almırlar. Səhv etmirəmsə, ilk belə təcrübə “Ər quyusu” (2017) komediyası ilə bağlı olmuşdu. Filmin ssenari müəllifi və rejissoru Saida Haqverdiyeva qadın mövzusuna toxunmuşdu və  maraqlı qadın obrazları yaratmışdı.

Niyə qadın faktorunu məxsusi vurğulayıram? Yenə o fikirdə qalıram ki, kişi rejissorlarımızın, ssenaristlərimizin əksəri qadın baxışı, xarakterləri, onların daxili dünyaları haqda dərin bilgilərə sahib deyillər və həssas münasibət göstərmirlər. “Evdə qalmış” komediyasının yaradıcı heyətində isə qadın müəlliflərin iştirakı səbəbindən maraqlı, rəngarəng qadın xarakterləri yer alıb. Buradakı  qadın personajların hər birinin özünəməxsus cizgisi, özəlliyi, davranışı, intonasiyası, plastikası, emosional-psixi dünyası var.


Dramaturji gedişlərdən, süjet xətlərinin bir-birini tamamlamasından, qəhrəmanlardan tutmuş ikinci plan ifaçılarının dəqiq təyinatına, kostyumlara, məkan seçimlərinədək hiss olunur ki, ssenari və film üzərində ciddi iş gedib. Müəlliflər, nəinki milli, eləcə də türk, hind seriali və filmlərdə, kliplərdə həddən çox istifadə olunmuş şablonlara burada da müraciət ediblər. Lakin şablonlar ironik intonasiyada işlənir, süjetdə gözlənilməz dönüşlər yaradaraq hadisənin inkişafına xidmət edir və qəhrəmanların münasibətlərini çətinləşdirir.

Misalçün, fillmin qəhrəmanlarının Sevda (Kəmalə Piriyeva) və Ruslanın (Şəhriyar Əbilov) ilk tanışlıq epizodları, klişe mizanla müşayiət olunur. Sevdanın ayağı büdrəyəndə Ruslan onu yıxılmağa qoymur və bu zaman gənclər hindsayağı romantik baxışırlar. Qızın hikkəli səsi  və sözləri (”Çox baxışacağıq?”), qəzəblənən Ruslanın onu asfalta buraxmasıyla bu klişe, obrazlı desək, tərsinə çevrilir.


Yaxud, meşədə qəhrəmanların mübahisəsi düşəndə yenə tipik melodramlardakı mizan təkrarlanır. Sevda qəzəblənib Ruslana şillə vurmaq istəyəndə oğlan onun qolundan tutur və “Yaxşı qız olsaydın, sənə vurulmaq üçün əla vəziyyət idi”- fikri səbəbindən, yenə gözlənilən romantik gedişat baş vermir və belə bir ənənəvi səhnəyə parodiya olunur.

Və ya başqa bir səhnədə Ruslan xəyalındakı qızı Sevdaya anladanda tamaşaçı onun haqda xoş sözlər deyəcəyini düşünür. Amma Ruslanın “Xəyalımdakı qız sənin kimi həyasız və eybəcərdir” dəyərləndirməsi yenə romantik ab havanı dağıdır.


Digər maraqlı məqam, filmdə intellektual mühitin, personajların təsviridir. Adətən bizim komediyalarda intellektual təbəqə gözardı edilir, konflikt daha çox sadəlövh, kasıb və hiyləgər yaxud küt, harınlamış zəngin obrazları üzərində qurulur. Ruslanın valideynlərinin (Həmidə Ömərova və Rüstəm Rüstəmov) timsalında isə intellektual, ziyalı bir ailə modeli təsvir olunur. Hətta, tamaşaçının valideynlərlə tanışlıq səhnəsi onların Kubrikin, Kiarostaminin, Berqmanın, Kurosavanın yaradıcılığının müzakirəsi ilə başlayır. Müzakirələr süjetdə boşluqda qalmır. Dərin yaradıcı söhbətlər edən valideynlərin birdən mental tərəfi ortaya çıxır. Çünki onların ən böyük arzusu Ruslanı evləndirməkdir. Nəinki evləndirmək, hətta onu məhz özlərinin seçdikləri qızla ailə qurmağa məcbur edirlər. Qərb mədəniyyəti, incəsənəti haqda bilgilərə, geniş dünyagörüşünə malik ailənin belə ibtidai düşüncəsi komik, paradoksal vəziyyət yaradır.

Başqa bir maraqlı cəhət odur ki, film dünya kinematoqrafiyasının usta isimlərinin yaradıcılığının müzakirəsi ilə açılsa da ümumən, “Evdə qalmış” filminin süjeti kütlə zövqünə xitab edən komediya kimi qurulur. Yəni əvvəldə rejissorun sənət filminə iddiası təəssüratı yaransa da, sonrakı səhnələrdə o, bu iddiaları dağıdır.

Yüksək sənət zövqünə malik, rəssam və fotoqraf işləyən, həyata tənqidi baxan Sevdanın peşəsi, ara-sıra dialoqlarda səslənən təsviri sənətlə bağlı mülahizələrin falş görünməsinə şərait yaratmır. Başqa sözlə, müəlliflər sənət söhbətlərini arqumentləşdirən situasiyaları verə bilirlər.

Yuxarıda dediyim kimi, filmdə əsasən qadın obrazları diqqətimi çəkdi: meyxanaçı ailəsində böyüyüb, meyxana ilə klassik musiqini sintez edən, öz hiss və həyəcanını musiqinin dili ilə ifadə edən Təhminənin (Nigar Əhmədova), qlamur həyata düşkün və sadəlövh Ceylanın (Aygün Akif), rusca danışmağa cəhd göstərən,vulqarlıqla ciddiliyin sərhədində oynayan  Şahnisənin (Sanura Cəfərova), Sevdanın TikTok-da canlı yayımlar açan, “evdə qalmış” bibisi Əmanətin (Firuzə Balayeva) obrazlarında gərəksiz qrotesk gözə dəymir. 


Kişi obrazları arasında ən maraqlısı videoblogeri oynayan Məcid Hüseynovun ifası oldu. Müxtəlif filmlərdə Hozu personajının estetikasını təkrarlayan, mübaliğəli oynayan Məcid Hüseynovdan Valeh Əhmədov çox doğru istifadə edir. O, Məcid Hüseynova sosial mediada yayılmış bir trend obraz həvalə edir: sinik, etik norma tanımayan, hər şeydən ortaya qalmaqal çıxaran, avantürist, tamahkar, insanların şəxsi həyatına müdaxilə edərək şou düzəldən aparıcı. Məhz belə bir obrazın konsepsiyası qrotesk tələb edir və Məcid Hüseynov ona verilən tapşırığı dəqiq yerinə yetirir. O, süjetboyu studiyasına qapadılaraq göstərilir və güman ki, bu, onun reallıqla əlaqəsi olmayan, gerçəkliyi təhrif edən obrazının tamamlayıcı detalıdır. 


Ümumiyyətlə, “Evdə qalmış”da sosial mesajlar çoxdur. Bunlardan biri, Sevdanın anası Xatirənin (Mehriban Xanlarova) təklifi ilə adaxlı namizədlərlə görüşüdür. Qısa səhnələrdə verilmiş görüşlərdə müxtəlif kişi xarakterləri ilə tanış oluruq. Çünki valideynlərin təkidi, onların seçdiyi namizədlə ailə qurmaq, əksər hallarda faciəyə, qadına şiddətə yol açır.

Filmin qüsurlarına gəlincə, Sevda ilə Ruslanın konfliktini əsaslandıran daha bir neçə epizod çəkilə və final səhnəsində ananın səmimi, lakin didaktik mətni ixtisarla verilə bilərdi.  

Bununla belə, “Evdə qalmış” təsvir həlli (operator Emil Qarayev) baxımdan keyfiyyətlidir və hekayədə bayağı zarafatlar yox, əsaslandırılmış, ümumi dramaturji materiala xidmət edən, yerinə düşən yumoristik vəziyyətlər var.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya