İNDİ OXUYUR
Emil Quliyevin pərdəarxası

Emil Quliyevin pərdəarxası

Haqqında çox danışılan “Əqrəb mövsümü” teleserialından sonra rejissor Emil Quliyev növbəti filmini tamaşaçıların ixtiyarına verdi. O, filmin baş rollarına “Əqrəb mövsümü”ndəki aktyorları – Hikmət Rəhimovu və Azər Aydəmiri dəvət edib. Ssenarini isə rejissorla birlikdə Nurlan Həsənli və Nicat Muxtarov qələmə alıblar. “Pərdə” trilogiyasının üçüncü, “Sonuncu pərdə”sinin operatoru Orkhan Abbasoff da yenə quruluşçu operator kimi filmin vizual dilini yaratmaqda məsuldur. İlk baxışdan, filmi izləmək üçün kifayət qədər əsaslar yarandığı şübhəsizdir. Üstəlik, janrın bizdə çox tez-tez müraciət edilməyən, edilsə də çox zaman uğurlu alınmayan triller, daha dəqiq desək, psixoloji triller olması daha çox marağın yaranmasına səbəb verir. Bütün bunlar filmin “Pərdəarxası” məqamları idi, indi isə filmin özünə keçə bilərik.

33 yaşlı Həsən (Hikmət Rəhimov) inşaat şirkətində satış meneceri işləyir və onun evlilik həyatı heç də gözlədiyi kimi getmir. Həyat yoldaşı Fəridə (Arzu Abdulova) ilə çox istəsələr də, uşaqları olmur. Bu qısırlıq problemi onların həyatının mərkəzindədir. Üstəlik, Həsəngilin ana ilə birlikdə yaşaması, ənənəvi gəlin-qayınana konflikti, ailədaxili söz-söhbətlər onun ürəyini sıxır. Həsən heç öz işində də uğurlu deyil, Samirin (Azər Aydəmir) işləməyən qohumunun da əvəzinə işləyir, tez-tez Samirə kofe süzür, onunla dostluqlarına ümid bəsləyib şirkətdəki vəzifəsinin qalxacağını gözləyir.


Qəhrəmanın içində olduğu çıxılmaz vəziyyətin təsviri, onun yol tapmaq üçün vurnuxması, qapı-qapı, həkim-həkim gəzməsi hekayənin dramatik inandırıcılığını qurmaq üçün kifayət edir. Kamera bütün film boyunca obrazı izləyir, müşahidə edir və ondan kənarda heç bir görüntü mövcud deyil. Həsən ya hadisələrin içindədir və biz onu görürük, ya da baş verən hadisəni onun gözündən görərək qavrayırıq. Bu təhkiyə forması bizə qəhrəmanın böyük dəyişikliklər keçirəcəyindən xəbər verir. Bütün diqqət Həsənin üzərindədir.

Çarəsiz Həsən və həyat yoldaşı Fəridə anasının təkidləri ilə hətta rayonda bir mamaçanın yanına da gedir. Bundan sonra isə Fəridə tez bir zamanda hamilə qalır və onların həyatı artıq müsbətə doğru çevrilə biləcək. Lakin hər şey heç də gözlənilən kimi olmur, işin içindən başqa işlər çıxır. Emil Quliyev bu hadisələri ardıcıllıqla göstərmir. Ənənəvi təhkiyədən kənara çıxaraq zaman keçidləri edir, gah əvvələ, gah axıra, gah şəhərə, gah rayona istiqamətlənir. Zamanın bu cür parçalanması isə kino zamanının yaranmasına xidmət edir – kino zamanında dinamika, gərginlik, tamaşaçını yerinə oturdub son ana qədər sıxıb saxlamaq – əgər film triller olmağa iddialıdırsa – vacibdir. Filmin əsas ideyası ilə filmin forması uzlaşır və bu cür istifadə bizim kinomuzda tez-tez qarşılaşdığımız hallardan deyil.

Digər “Pərdə” filmləri də triller olmağa iddialı olsa da, bəlkə də bunu ən yaxşı bacaran “İkinci pərdə” olmuşdu. Lakin orada gərginliyi yaradan əsas məqam zorakılıq və bu zorakılığın gözlənilməzliyi qarşısında məruz qalanların şok və isterikası idi. Uzun işgəncə səhnələri, ağlaşma səsləri sözügedən effektin yaranmasında böyük rol oynayırdı. Burada isə hekayə özü asta-asta başlayaraq pikə doğru yönəlir, nəticədə uzanmalar hiss olunmur. Əksinə, axıcılıq təmin edilir ki, zorakılıq pornoqrafiyası vasitəsilə tamaşaçıya təsir edilmir, əvəzinə zorakılıq hekayənin içindən çıxaraq özünü göstərir, ən əsası isə uzadılmır. Bu baxımdan “Mən burada tək olmuşam” özündən əvvəlki işlərdən müsbət mənada fərqlənməyi bacarır.


Obrazların dəqiq işlənməsi, onların davranışlarındakı motivlər filmin ortasına qədər çox yaxşı həll olunur. Adicə bir kofe ilə qəhrəmanın dəyişməsinin işartıları çatdırılır. Əgər Həsən daim Samirə kofe hazırlayan, kofeni içə bilməyən biridirsə, Fəridənin hamiləlik xəbərindən sonra hər dəfə qarşısından keçdiyi səyyar kofe satıcısının qarşısında ayaq saxlayıb kofe almaq qərarına gəlir. Bu dəfə kofeni Samir üçün yox, özü üçün istəyir və daha sonra Fəridəyə də – O, mənasını tam qavramasa da – bu cümləni qurur: Əsl kişilər kofe içir.

Həsən üçün Samir əsl nümunədir – evi, uşaqları olan, başqalarının yanında sözü keçən… indi isə kişi olmaq növbəsi onundur. Bu kimi məqamlar filmin dönüş nöqtəsinə qədər yaxşı işlənsə də, həmin andan sonra unudulur. Qəhrəmanın hərəkətlərindəki səbəb/nəticə əlaqəsi yerini mənasız davranışlara və ani qəzəb partlayışlarına verir ki, bu da bir məqamdan sonra inandırıcılığı azaldır. Bütün bunlar baş verərkən, Həsənlə Samirin arasındakı münasibət xətti də tam aydın olmur. Həsən yeri gələndə onu əzən, yeri gələndə kömək edən Samirə qarşı hansı hissləri bəslədiyi, ona olan münasibəti hansı formadan hansı formaya düşdüyü açılmır. Beləliklə, filmin üç əsas xəttindən biri finalda da suallar yaradır və yetərli cavabları tamaşaçıya vermir.


Filmin əvvəlindən diqqət çəkən məqam Orkhan Abbasoffun ustalıqla kamera istifadəsi və obrazın daxili dünyasını ötürmək bacarığıdır. Kamera Həsəni izlədikcə hər dəfə onun barədə yeni informasiya ötürməyi bacarır, bəzən təkrarlar etsə də, obrazın yeni qatlarını açır. Filmin rəng tonlarında da boz və mavi çalarlar üstünlük təşkil edir, qəhrəmanın sıxıntısını, narahatlığını soyuq rənglər çatdırır. Hətta maşında getdikləri səhnədə Həsənin üzünün bir hissəsi tamam qaranlıqda təsvir edilir ki, bu da qəhrəmanın daxili dünyasındakı xeyirlə şərin mübarizəsinin vizual həllidir. Əlbəttə, bu kimi həllər dünya kinosunda dəfələrlə istifadə edilib, ancaq bizim kino dilimizdə də yavaş-yavaş yerini tutması sevindirici haldır.

Filmi irəliyə aparan başqa bir məqam isə səs dizaynının səhnələrdə uğurlu istifadəsidir. Məsələn, Həsənin öz sağlamlığı barədə vacib bir xəbəri aldığı anda biz kənar səslərin getdikcə uzaqlaşdığını, sadəcə həkimin dialoqunun eşidildiyini hiss edirik. Bununla da qəhrəman eşitdiyi sözlərin təsirindən adi dünyadan qoparaq öz dünyasına düşür. Bu kimi həllər film ərzində tez-tez qarşımıza çıxır. Bəzən isə həddən artıq musiqi istifadəsi ilə səhnənin dramatik yükünü artırmaq istəyirlər ki, həmin anlarda çox da uğurlu alınmır.


“Mən burada tək olmuşam” psixoloji triller etiketinin altını doldura bilir. Bunu həm kamera istifadəsi, həm səs dizaynı, həm də montaj həlli ilə bacarır. Ssenaridə problemli məqamlar olsa da, qəhrəmanın davranışları əsaslandırıla bilməsə də, texniki tərəf sözügedən qüsurları örtməyi bacarır. Hətta filmin bir məqamında triller, yerini qorxu janrına verir. Bu kimi janrlararası keçid, marağı diri saxlamağa kömək edir.

Filmdə Hikmət Rəhimov Həsənin təlatümlərini, tərəddüdlərini əks etdirməyi bacarır. Hətta ssenari ilə əsaslandırılmayan, qaranlıq qalan məqamlarda da rejissorun köməyinə Hikmət Rəhimovun ifadələri çatır. Ancaq filmin əsl tapıntısı mamaça rolunu oynayan Nəsibə Eldarovadır. Bu ənənəvi şarlatan-fırıldaqçı obrazının fürsətcilliyi, gözünü qırpmadan yalan danışmağı və riyakarlığı Nəsibə Eldarovanın bədən dili ilə tam çatdırılır.

Filmin finalı isə Emil Quliyevin ənənəvi “açıq final” seçimi ilə yekunlaşır. Bu tərz finalların məqsədi əsasən, tamaşaçının beynində suallar yaratmaq və film barədə təkrar-təkrar düşünməyə sövq etməkdir. Rejissor bu final ilə məqsədinə çatmır, sadəcə daha bir sonu olmayan filmi bitirmiş olur. Buna baxmayaraq, indiyə qədər Emil Quliyevin çəkdiyi filmlər arasında bütün xüsusiyyətlərini nəzərə aldıqda “Pərdəarxası: Mən Burada Tək Olmuşam” digərlərindən müsbət mənada fərqlənməyi bacarır. Rahatlıqla demək olar ki, Emil Quliyev daha yaxşısını çəkənə qədər, çəkdiyi ən yaxşı film budur.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya