Now Reading
Ssenari yazmağın çətinlikləri

Ssenari yazmağın çətinlikləri

Film və serial sektorunda məşhur bir deviz var: “İş ssenaridən başlayır!”

Həqiqətən də, ssenari yoxdursa, heç kim heç nə edə bilməz. Çünki atılacaq addımlar ssenariyə görə müəyyənləşir. Ssenari olmadan qulağa xoş gələn hansısa bir ideyanı, yaxud hekayəni kanala gedib danışacaqsan və yaxud sosial şəbəkədə “uşaqlar var, şərait yoxdur” yazaraq giley-güzar edəcəksən. Başqa heç nə olmayacaq. Ssenariniz yoxdursa, aktyor heyətini təyin edə bilməyəcəksiniz, bəstəkara musiqi sifarişi verə bilməyəcəksiniz, çəkiliş məkanlarını dəqiqləşdirmək imkanınız da olmayacaq. Rejissorunuz, texniki heyətiniz, aktyor heyətiniz dünyanın ən yaxşısı olsa belə, ssenarisiz heç nə edə bilməyəcəksiniz. Buna nümunələr də gətirmək olar. Amma bizim bu yazıda məqsədimiz yerli ssenaristləri dağ başına qaldırmaq üçün xaricdən dəvət olunanların uğursuz işlərini tənqid etmək deyil.


Keçmişin qalıq fikirlərindən biri də budur ki, yaxşı ssenaridən keyfiyyətli film çəkilməyə bilər, amma pis ssenaridən yaxşı film çəkilmə ehtimalı var. Əslində, bütün dünyada daha çox qəbul olunan və özünü təsdiqləyən fikir budur ki, pis ssenaridən çox bərbad film çəkilə bilər. Çünki ekran işinin (film və ya serial, fərqi yoxdur) şahdamarı ssenaridir. Çoxlu pul xərcləməklə, məşhur aktyor/aktrisaları cəlb etməklə, hətta çəkilişi adını təsdiqləmiş rejissora və operatora həvalə etməklə bərbad ssenaridən “konfet” düzəltmək qeyri-mümkündür. Yəni filmin də, serialın da uğur qazanmasında ən vacib ünsür – ssenaridir. Bu yazıda biz serial ssenarisi haqqında söhbət edəcəyik. Əslində, buna söhbətdən çox təcrübə bölüşmək də demək olar.

Serial ssenarisi yazmaq çox çətindir. Niyə? Çünki ssenari ədəbi əsərdən daha çox texniki mətndir. Elə çətinliklər də məhz buna görə yaranır. Məsələn, siz ssenari yazırsınızsa, bütün texniki avadanlıqdan tutmuş məkanlara qədər hər şeydən xəbərdar olmalısınız. Amma iş təkcə bununla da bitmir. Siz xəyal etdiyiniz hər şeyi yaza bilməzsiniz. Serialda əvvəldən müəyyənləşdirilən büdcə olduğuna görə fantaziyanız o çərçivədən kənara çıxmamalıdır. Bunun da üstünə aktyor heyətinin çəkilişə gəlmək qrafikini əlavə etsək, ssenaristin işinə bir az da riyaziyyat əlavə olunur. Hələ mən ssenarinin rejissor/prodüser, televiziya tərəfindən bəyənilməsini xüsusi qeyd etmədim. Əslində, bu baxımdan özümü ssenarist kimi bir az şanslı sayıram. Ona görə bir nüansı da əlavə edim ki, ssenarist rejissorla birgə işləsə, onun işi daha rəvan gedər. Rövşən İsaxla və Vüqar Amir Ayazla birgə yazmaq sonradan ssenaridə oluna biləcək redaktələri və mətnin daranmasını minimuma endirir.

Təbii ki, ölkədə bütün rejissorlar oturub ssenaristlə birgə yazmalıdır deyə bir tələb olmasa da, ssenaristlə rejissorun müştərək fəaliyyəti işin keyfiyyətini daha da artırmağa kömək edir və sürətləndirir deyə düşünürəm. Bu həm də ona görə faydalıdır ki, 90 dəqiqəlik seriyanın ssenarisinin yazıldığı müddət ərzində müəllif olaraq birimizin təklif etdiyimiz vəziyyətlərə və hadisələrə digər iki nəfərin müxaliflik etməsi yazı müddətində alternativ versiyaların yaranmasına səbəb olur. Bəlkə də, tamaşaçıların əksəriyyəti bilmir ki, “Yuxu kimi” serialının televiziyada nümayiş olunan 1 seriyasının ssenarisinin yazılması üçün orta hesabla 5-7 gün, üstəgəl çəkilişlər və montaj üçün 10-12 gün vaxt sərf olunur. Pandemiya dövründə yaradıcı və texniki heyətdən kiminsə virusa yoluxması işləri daha da çətinləşdirib. Ssenarist üçün yaranan çətinliklərdən biri də aktyor heyəti ilə bağlıdır. Serial aktyorlarının böyük əksəriyyəti ölkənin fərqli teatrlarında işlədiyinə görə onların çəkilişə qatılmaq qrafikləri gözlənilmədən dəyişə bilir. İstər-istəməz aktyorlar qastrollara gedir, tamaşa premyeraları, məşqlər olur və sair. Təbii ki, ssenarist əvvəlcədən düşündüyü hadisəni ya dəyişməli, ya da hələlik təxirə salıb başqa obrazlara yer ayırmalıdır. Bundan başqa, gecə və gündüz çəkilişləri üçün ssenaridə uzlaşma aparmağı bacarmalıdır. Yəni ssenarist çəkiliş qrafikini pozmamaq üçün tarazlığı qorumağa məcburdur. Digər tərəfdən, çəkiliş heyətinin gözü həmişə ssenaristin üstündə olur: prodüser tez-tez növbəti seriyanın nə vaxt hazır olacağını soruşur və haqlıdır. Ssenari aktyorlara göndərilməlidir ki, mətni əzbərləyə bilsinlər. Soyuq havalarda çəkiliş qrupu açıq məkanlarda və xüsusən də gecə çəkilişlərinə görə ssenarist haqqında zarafatla da olsa, deyinir. Onlar da haqlıdırlar. Çünki soyuqda açıq hava çəkilişləri həm texniki, həm də yaradıcı heyətin işini çətinləşdirdiyinə görə: “Bəxtəvər isti otaqda çay içə-içə gör nə qədər yazıb”, – deyə gileylənirlər. Bir sözlə, serialda ssenaristdən başqa, işləyən hamının gecə evə tez gedə bilməyi, həftədə bir gün də olsa, dincələ bilməyi üçün ssenarist həftə ərzində dayanmadan işləməyə məhkumdur. Əslində, ssenaristin çətinliklərini saymaqla bitməz. Amma bir daha təkrar edim ki, serial ssenaristi olmaq xüsusilə çətin işdir. Bədii film ssenarisi yazmağın ən böyük üstünlüyü vaxt məhdudiyyətinin olmamağındadır. Yəni bədii filmin ssenarisini yazmağa altı ay və daha çox bəs etməsə, işləmək üçün yenə əlavə vaxt verilir. Amma hər həftə efirdə nümayiş olunan, xronometrajı 80-90 dəqiqə olan serial ssenarisi yazmaq və işə məsuliyyətli yanaşıb keyfiyyətlə təhvil vermək kənardan göründüyü kimi asan deyil.

Film və serial sənayesinin inkişaf etdiyi ölkələrdə istehsal edilən böyük büdcəli, maddi-texniki təchizatı yüksək səviyyədə olan işlərlə heç olmasa ssenarilərimizi müqayisə olunacaq həddə çatdırmaq üçün ruhdan düşməməli, əlimizdən gələnin daha yaxşısını etməyə çalışmalıyıq. Bəzən sosial şəbəkələrdə yerli ssenaristlərin “Hollivudda belə edirlər”, “türklər kimi edək” və sair bu kimi giley-güzarlarını, iradlarını oxuyuruq. Bu tipli fikirləri bir tərəfə qoymağın və yaxşı olar ki, unutmağın tərəfdarıyam. Yerli həmkarlarımız ən vacib nüansı unudurlar. Onsuz da amerikalılar da, türklər də gördükləri ən yaxşı işləri özləri kimi görürlər. Yəni biz nə qədər çabalasaq da, Hollivudu, türk həmkarlarımızı yamsılamağa çalışsaq da, onlar kimi olmayacağıq. Bizə özümüz olmaq lazımdır. Azərbaycan filmlərinin və seriallarının öz siması, öz ruhu olmadıqca hansısa inkişaf etmiş ölkələrin yaxşı işlərinin pis plagiatı olacaq. Bizim film və serial qəhrəmanları azərbaycanlı kimi davranmadıqca, danışmadıqca ona “türk”, “amerikalı”, “hind” yarlığı yapışdırılacaq. Ssenarist olmağa həvəsli dostlar yazmağa başlayanda özləri üçün inandırıcı və məntiqli olmağı vacib şərt kimi qoymasalar, onların yaradacaqları qəhrəmanlar tamaşaçıların gözündə süni olacaq. İnandırıcı olmaq deyəndə mən obrazlarınızın özləri kimi danışmalarını və davranışlarını, məntiqli olmaq deyəndə obrazlarınızın atacaqları addımların ardıcıllığını nəzərdə tuturam. Ekranda gördüyümüz qəhrəmanlar həyat tərzlərinə, məşğul olduqları sahəyə, tərbiyələrinə xas danışıqdan və davranışdan kənara çıxdıqları an sizin müəllif kimi ona müdaxilə etdiyiniz səbəbdən yaranmış məntiq pozğunluğu dərhal nəzərə çarpacaq. Təsəvvür edin ki, ekrandan həyatını bildiyimiz obraz öz yaşına və sosial statusuna uyğun danışmayanda, davranmayanda kənardan natamam kompleksli və ala-çiy, məntiqsiz, yarımçıq insan kimi görünəcək. Tamaşaçı dərhal “bu niyə belə dedi, niyə belə etdi?” suallarını verəcək. Yəni “mən müəllifəm, obrazın ağzı nədir mən yazdığım kimi deməsin” fikri yanlışdır. Obrazınıza əti-qanı, ruhu, öz fikri olan insan və şəxsiyyət kimi yanaşmadıqca ona müxtəlif yarlıqlar yapışdırılacaq. Qadın və uşaq obrazları da ssenarist üçün xüsusi diqqət tələb edir. Təəssüf ki, yerli istehsal olan film və seriallarda qadın və uşaq obrazlarının təqdimatı ürəkaçan deyil. Nədənsə qadınları daha çox şiddətə məruz qalan, miskin, uşaqları isə yaşlarından böyük danışan görürük. Fransız ssenarist Mişel Fessler müsahibələrindən birində deyir ki, davamlı olaraq qadın və uşaq jurnalları oxuyuram. Fessler bunu kişi ssenaristlərə ona görə tövsiyə edir ki, qadın və uşaq obrazlarını yaradanda daha az səhvə yol versinlər. Türk “Yeşilçam”ında mindən çox filmə ssenari yazan və ölkəsində “ssenarist prodüserin muzdlu qatilidir” fikri ilə tənqid olunan Bülənt Oran da qadın və uşaq obrazları yaratmağın çətinliklərindən danışanda deyir ki, bəzən ssenaristlər tanıdıqları 3-5 qadına görə, qohum-qonşudakı 2-3 uşağa görə kütləvi ümumiləşdirmə aparırlar. Ssenari fərdi yaradıcılıq olsa da, böyük təcrübələri olan əcnəbi ssenaristlərin təcrübəsindən nəticə çıxarmaq baxımından bu nümunələri qeyd etdim. İnanıram ki, bir gün Azərbaycanda da film və serial sektoru inkişaf edəcək və biz də yerli məhsullarımızı təkcə öz televiziyalarımızda və azsaylı kinoteatrlarda yox, digər ölkələrdə də görəcəyik.

Serial ssenaristi olmaq istəyən dostlar bu işə hobbi kimi yox, peşəkar yanaşacaqlarsa, bilməlidirlər ki, bu çətin işdə kaprizlərdən qurtulmaq və səbirli olmaqla yanaşı, hirslənməməyi öyrənməli, insanları dinləməyi, dostluq etməyi bacarmalı və kollektiv fəaliyyətin bütün çətinliklərinə dözməlidirlər.

Elxan Xanəlizadə

“Fokus” Analitik Kino Jurnalı. Sentyabr 2022 / №11

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top