İNDİ OXUYUR
Baş qəhrəmanı olmayan film

Baş qəhrəmanı olmayan film

Rejissor İlqar Nəcəfin çoxdan bəri gözlənilən “Suğra və oğulları” filminin premyerası yanvarın 19-da baş tutdu. Filmin mövzusu və süjeti haqqında məlumatsız insan çox güman ki tapılmaz, odur ki, filmdə nəzərimə çarpan bəzi məqamlara birbaşa keçid etmək istərdik.

Filmin belə bir əlamətdar tarixdə, yəni, 20 Yanvar Ümumxalq Hüzn günü ərəfəsində prokata çıxması yerinə düşdü. SSRİ-nin Azərbaycan xalqının başına gətirdiyi zülmlər təkcə 20 Yanvar 1990-cı il tarixi ilə məhdudlaşmır. Bu zülmlər, hələ Azərbaycanda SSRİ hökuməti qurulandan başlamışdı. Filmdəki qəhrəmanlardan biri – Əhədin (Səmimi Fərhad) dediyi “Bu müharibə bizim deyil” ifadəsinə eyham vuraraq qeyd edə bilərik ki, doğrudan da bu müharibənin bizə heç bir aidiyyəti yox idi, bizim öz “müharibələrimiz” vardı. Bu filmdə də məhz bu hadisələrin fonunda Azərbaycanın ucqar bir kəndində baş vermiş əhvalat nəql olunur.

Filmdə yaradılmış obrazların hər biri funksional yük daşıyır. Hətta əşyalar belə; qarpızın da orada maraqlı funksiyası var idi. Bu barədə biraz sonra danışacağıq.


Suğra (Günəş Mehdizadə), əri cəbhəyə yollanmış, təkbaşına iki oğlu ilə güzəranını keçirən bir qadındır. Amma filmboyu biz onun əri barədə cəbhədə olmasından savayı bir məlumat almırıq. Çünki, ər burada əsas deyil, şərti obraz daşıyır. Suğra çətin yaşayışın əlindən “kişiyə çevrilmiş” qadın obrazıdır. Onun üzü də əlləri kimi “qabarlaşaraq” monolit ifadə alıb. Biz bu cür obrazları analoji filmlərdə saçını yolaraq, dizlərini döyüb ağlayan kimi görməyə alışsaq da, müəllif bizə alternativ qadın obrazı təqdim edir. Onun antaqonisti isə kolxoz sədri Baratdır (İlqar Cahangir). Baratın “düşməni” isə onun şorgözlüyüdür. Qarşısında gördüyü hər qadına şəhvətlə baxan Barat elə şəhvətinin də qurbanı olur. İlqar Cahangiri belə tam mənfi obrazda görmək tamaşaçılar üçün sürpriz oldu. Çünki İlqar bəy adətən müsbət rolları ilə tamaşaçıların ixtiyarına verilib. Amma müəlliflər ənənəvi ssenari qanunlarına əks olaraq, Barat obrazını tamamilə pis bir insan kimi düşünüblər. Bu insandan yaxşı heçnə gözləmə… Suğranın oğullarının funksiyası ilk baxışdan aydın olsa da, müəlliflər onları müxtəlif və fərqli düşünüblər. Böyük oğlu Musa evə odun gətirir, ağır ev işlərini görür, bir sözlə, atasının yoxluğunu kompensasiya edir, amma kiçik oğlu Bəxtiyar isə nisbətən çoxşaxəli personajdır. O, atasının xiffətini çəkən, daim “özgə müharibəsinə” hazır olan və anasının yeganə “ümid” mənbəyidir. Amma Suğra bütün bunları “görmür” və kiçik oğluna olan münasibəti skeptikdir hətta biraz aqressivdir. Evin yeganə “nəqliyyat vasitəsi” olan uzunqulağı itirəndə onu az qala döyür… Bunu sevgisizlik adlandırmaq düzgün deyil. İnsanlar göz qabağında olanı “yaxşı”nı heç vaxt görmürlər, Suğra da onlardan biri kimi… Musa qaçaqlara qoşulandan sonra Bəxtiyarın rolu daha da böyüyür. İndi evə odun gətirmək, qonşulara pay aparmaq, qaçaqları ziyarət etmək və sair onun vəzifəsidir. Qaçaqların yanından gecə uzunqulaqla qayıdan zaman ulaşan çaqqalların səsindən qorxan Bəxtiyar, heyvanı da qoyub qaçır. Səhər anası ilə axtarışa gələn Suğra və Bəxtiyar zavallı heyvanı çaqqalların hücumuna məruz qaldığının şahidi olurlar. Lakin bu, vizual olaraq göstərilmir. Filmdə bir neçə metaforik işarələr verilib ki, bu da onlardan biridir. Çaqqalların hücumu, gələcək bədbəxt hadisələrin müjdəçisidir. Və biz onun finalda şahidi oluruq.


Filmdə bir sıra kiçik, lakin çox parlaq personajlar da var. Kənd müəllimi obrazını canlandıran istedadlı aktyor Rasim Cəfər həmişəki kimi bu rolda da parıldayır. İştirak etdiyi hər epizodun hər saniyəsini zərgər dəqiqliyi ilə canlandırmış Rasim Cəfərin qəhrəmanının simasında Cəbiş müəllimin cizgiləri də aydın görünür. Bu, yəqin ki, müəlliflərin öncədən düşündüyü addımdır. Cəbiş müəllim də İkinci Dünya müharibəsi dövründə fəaliyyət göstərirdi. Amma İlqar Nəcəfin “müəllimi” Həsən Seyidbəylinin “müəllimi” kimi müftə sabun paylamır, o, uşaqlara şeir əzbərlədir, Azərbaycan SSRİ-nin himnini öyrədir, bir sözlə birbaşa olaraq təyinatı üzrə fəaliyyət göstərir. Xalq artisti Qurban İsmayılovun yaratdığı poçtalyon obrazı da peşəkar aktyorun ifası nəticəsində kölgədə qalmır. Amma bu obraza belə az vaxt ayrıldığı biraz təəssüf doğurur.  Daha bir “təəssüf” hissi yaradan personajlardan biri də Əhəddir (Fərhad Səmimi). Rejissor İlqar Nəcəfin “Nar bağı” filmində də rol almış aktyorun yüksək bacarıq və istedadına tamaşaçı artıq şahid olub. Əhəd obrazının dialoqları da onun böyük işlər iddiasında olduğundan xəbər verir. Amma onun xətti, Baratı qətlə yetirdikdən sonra sona çatır.  


Filmdə operator işi (Ayhan Salar), musiqi (Firudin Allahverdi), montaj (Rza Əsgərov) yüksək səviyyədə həll olunub. “Suğra və oğulları” filmi, rejissorun, adlarını sadaladığım insanlarla ilk iş birliyi deyil. Yuxarıda, filmdə verilmiş bir neçə metaforik məqamlardan söhbət açmışdıq. Diqqətimizi çəkən məqamlardan biri də, məramı xoş olmayan personajların təsvir həlli oldu. Filmin əvvəllərində, Suğranın evinə Musa üçün məktub gətirmiş Baratın təsviri, evin qapısındakı şəffaf çərçivədən verilir. Daha sonra bu üsul yenə Suğranın evinə gəlmiş NKVD əməkdaşlarının təsvirin verilməsində təkrarlanır. Sonda isə, Suğra, meyitlərin identifikasiyasına gələndə, V.İ.Leninin portreti qapının şəffaf çərçivəsindən verilir. Bu qayda ilə müəllif, “zərərvericiləri” ayıraraq bir çərçivəyə salır, və sonda Leninin portretini göstərməklə, baş verən bəlaların arxasında Sovet hakimiyyətinin banisinin durduğuna eyham edir.

Daha bir metafora, qışın oğlan çağında, qarlı çöllükdə balaca Bəxtiyarın tapıb çıxardığı qarpızdır. Qarpız – yayın, isti havanın, istirahətin, qayğısız günlərin “şirin” rəmzidir. Məhz Bəxtiyarın qarpızı çıxararaq evdə ac-susuz anasına uzatması metaforik işarə kimi verilib. Bu üsulla müəlliflər, “şirin” gələcəyin qarşıda və məhz gənc nəslin əlində olmasına işarə edirlər. Bu epizodda katarsisin baş verməsi – Suğranın hönkürərək ağlaması  qarpızı dadanda (ümid çırağının sönmədiyini dərk edəndən sonra) baş verir. Ümid həmişə var…


Filmdə haqqında söz açdığımız qəhrəmanların hansınasa baş və ya köməkçi rol demək biraz çətindir. Bu filmdə hər bir rolun özünün yükü və məqsədi var. Və onlar mövcud situasiya ilə mübarizə apararaq öz məqsədlərinə çatmaq arzusundadırlar. Onlar vəziyyəti yox, vəziyyət onları idarə edir. Bu filmdə “baş qəhrəman” zamandır.

Filmin çəkilişləri Daşkəsən rayonunda, qışda aparılıb. Çətin relyefi, hava şəraitini və mürəkkəb mövzunu nəzərə alsaq, filmin heyəti sınaqlardan ustalıqla və üzüağ çıxıb. Və “Suğra və oğulları” filminin beynəlxalq premyeralarının uğurla baş tutması, məhsulun keyfiyyətli alındığını demək üçün əsas verir.

Quliyev İlqar


© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya