İNDİ OXUYUR
Kinomagiya

Kinomagiya

Metafizika

Baş verən bütün proseslərin fiziki qanunlara tabe olduğunu iddia edən fiziklər haqlıdırlar. Fizika, həyatın bütün sahələrinə aid olan, ədəbiyyat kimi bir elmlə bir cərgədə dayanmağa haqqı olan, metafizikayadək inkişaf edib fəlsəfəylə qovuşan elmdir. Bir sitat üçün fizikanı bu qədər mədh etmək azdır, əlbəttə. Amma yenə də… Fizikada “enerjinin itməməsi” qanunu var. Bu qanuna görə, enerji heçdən yaranmır və heç yerə itmir. Bir şəkildən başqa şəklə keçir. Bunun din və o dünyaya inancla, Ruhun ölməzliyi barədə söhbətlərdə misal gətirildiyini bir neçə dəfə eşitmişəm.. Kino nə qədər material sənətdirsə, ondan iki dəfə artıq ideoloji və psixoloji (psixo-ruh) hadisədir. Və baş verən əhvalatın enerjisi yalnız lentlərə yox, aktyorlara, məkana və hətta zamana hopa bilər. Haradan peyda olur bu kino kabusu və hara qeyb olur?

Təqlidin lənəti

Ölümündən sonra – postmodernizm zamanında məşhurlaşan və qədri bilinən fransız sosioloqu Qabriel Tard öz nəzəriyyələrini tənqidi analiz üzərində inkişaf etdirirdi. Yəni o, özündən əvvəlki elmi-nəzəri fikirləri inkar edirdi. Tard cəmiyyətə münasibətdə mexaniki aqreqat (sosial mexanizm) və ya bioloji orqanizmlə  (sosial darvinizm) analogiyalar aparan naturalist nəzəriyyələri rədd edirdi. Bu barədə onun öz fikirləri vardı. O, sosial prosesləri üç əsas tipə ayırırdı: təqlid, əks mövqe və adaptasiya.

Tardın fikrincə, sosial proseslər bu üç qanun-prinsiplə davam edirdi. Onlardan ən əsası  təqlid qanunlarına əsaslananı idi. Sosioloq özünün “Təqlid qanunları” əsərində bunu geniş izah edir, təqlidin növlərinə aydınlıq gətirirdi: idealın təqlidi, nümunəyə əsaslanan təqlid və qarşılıqlı təqlid. Qarşılıqlı təqlid insanların qarşılıqlı təsirindən yaranırdı. Əlbəttə, Tard dövrümüzdə yaşasaydı, televiziyanın və kinonun, vizual vasitələrin həyatda bu qədər nüfuzunu görsəydi, öz nəzəriyyəsindən bir daha arxayın olardı. Hərçənd, o belə də hər şeyi görə bilirdi. Tard “Gələcəyin tarixindən qeydlər” yazan bir fikir adamı idi. Bu gün televiziya, kino, virtual şəbəkələr təqlidin əsas ötürücüsüdür. İnsanlarmı TV-də gördüklərini təqlid edir, televiziyamı baş verənlərin ekranda bir daha təqlidini göstərir? Yoxsa televiziyada göstərilənlər təkrarən baş verir? Biz kinonu, yoxsa kino bizi təqlid edir? Yeganə görünən budur ki, lənətlənmiş kimi təqliddən yaxa qurtarmaq olmur. Və bu “təqlid” həyatımızı məhv etmək gücünə malikdir. Kriminal proqramlardakı kriminal xəbərlər artdıqca, təfərrüatları yayımlandıqca həyatda da belə hadisələr artmaqda davam edir. Televiziya, kino, cəmiyyət, təbiət bir-birini təqlid edirlər.

Qabriel Tard

Kino ən bədii vizual təqliddir. Amma bu təqlid bəzən şüurlu, bəzən də şüursuz olur. Şüurlu olmayanda o, ilk baxışda yuxu kimi izaholunmazdır. Kino yuxudur…

Kino onu çəkənin hamıya göstərə bildiyi yuxusudur – kino hamımızın yuxusudur.

Baş verən hər şey – teraktlar, müharibələr, texniki-mənəvi nailiyyətlər və faciələr bu yuxuların çin olmasıdır. Çünki yuxunu su aparsın deyə suya yox, adamlara danışdılar. Onlara hopdurdular. Onlara yoluxdurdular. Bəlkə də, gələcəkdə baş verəcək nəsə o yaddaşın (yaddaşdakı filmin) proyeksiyası olacaq.

Məsələn, mən dünyanın dağılcağını məhz “Melanxoliya”da olduğu kimi təsəvvür edirəm. Hər səhər üfüqdən o naməlum planet nəhəng sifəti ilə bizə boylana bilər. Və bəlkə də, bəşər övladı bu yaxınlaşan nəhəng sifətə baxıb özünü tanıyacaq.

“Melanxoliya”, rejissor Lars von Triyer

Bu pis yuxuların qorxusundanmı, “təsir əks təsirə bərabərdir” kimi başqa bir fiziki qanunun həqiqətindənmi, ya nədən, dəqiq deyə bilmərəm,  “pis və yaxşı filmlər” – yəni insanı pis və yaxşı göstərən filmlər, bunun cəmiyyətə təsiri” mövzusunda esse yazmalıydım. Yazılacaq məqalədən danışanda “İnsanı pis göstərdikcə, o da əks təsir göstərib daha da pisləşir” deyirdim. Pis filmlər üçün Pyer Paolo Pazolininin bircə “Salo və ya Sodomun 120 günü” filmi bəs idi. Məqalə alınmadı. Nəticəsiz bir iş olduğu üçün alınmadı. Çünki bir rejissora “niyə belə film çəkirsən?” sualını vermək “niyə bu yuxunu gördün?” qədər axmaq sualdır.  

Yuxu öncəgörmə kimi kino öncəgörmə kimi

Çox uzağa getmədən, elə ölkəmizin içindən, elə bu günlərin əhvalatını yazmaq istəyirəm. Bu günlərdə artıq deputat mandatı əlindən alınmış Gülər Əhmədovanın məşhur videoçarxları çıxdı. Ən yüksək vəzifəli məmurların adlarının hallandığı videoçarx deputatla, deputat olmaq istəyən arasında rüşvət sövdələşməsini təsvir edirdi. Bu gizli kamera ilə çəkilmiş videoçarx yüksək sürətlə yayıldı, izləndi və hələ də hətta “ardı var” xofu ilə çoxlarını qorxu altında saxlayır. Ayaz Salayevin baş tutmayan “Ehram TV” filmində ölkədə sanki üçüncü bir göz peyda olub, haradan, nə vaxt çəkəcəyi bəlli olmadan çəkilişlər edir və “Ehram” kanalından birbaşa yayımlanır. Gizlinlər aşkardır və hamı görür. Bunun necə, hansı prinsiplə, nə zaman, harada çəkiləcəyi və kimi çəkəcəyi məlum deyil. Bu, mistikadır. Bu, əlahəzrət həqiqətdir. Və bu görüntülərdən qorxmamağın tək bir yolu var – səmimi və ədalətli olmaq. Kino belə bir qüvvəyə malikdir. O qüvvəni hesaba almamaq, “ay dayı, bu kinoduuu” deyib əlini yelləmək sadəlövhlükdür.

Kino tarixində unudulmaz bir film var – “Rozmarinin uşağı”. Film hamilə qadının həyatındakı dəhşətli hadisələrdən bəhs edir. Bu film, rejissoruna bədbəxtlik gətirib. Ekran əsəri təhvil veriləndən az sonra rejissor Roman Polanskinin hamilə arvadı Şeron Teyt vəhşicəsinə qətlə yetirildi. 

“Rozmarinin uşağı”, rejissor Roman Polanski

Lənətlənmiş filmlər bunları yazmamaq da olardı

Doğrudan da, bunları yazmamaq da olardı. Oxucu cəlb etmək istəyən yüngül mağaza jurnallarının, tamaşaçı toplamağı hədəfə alan telekanalların, izləyici axtaran internet saytlarının istifadə etdiyi, kökündə mövhumat, cəfəngiyyat, yatan fakta oxşayan nəsnələr bura qədər yazılanların ciddiliyini şübhə altına qoya bilər. Yazımıza paranormal hadisələr, parapsixoloq rəyləri qatmaq fikrimiz yoxdur əsla. “Guyalar”la başlayan əhvalatların burada qeyd olunmasının balaca bir səbəbi var. Yuxularımızı da danışarkən “guya”dan başlayırıq. Amma orada qatı açılmamış həqiqətlər olur. Elə özümüz haqqında.

“Guya”lar…

Çarli Çaplinin filmində telefonla danışan qadın görünür, amma o zaman hələ telefon – mobil telefon icad olunmamışdı. Rejissorlarda Bulqakovun əsərini ekranlaşdırma zamanı, kiçik də olsa, narahatlıq yaranır – bu, lənətlənmiş əsərdir, əsərin ekranizasiyası zamanı iştirakçıların başına bədbəxt hadisə gəlir.

Bunlar mövhumatdır, əlbəttə ki, belədir. Amma məhz naturadan meyitləri çəkən rejissorun “Polterqeyst” filmində çəkilmiş 4 aktyor qısa bir zamanda vəfat etdi. “Supermen” filminin lənətlənməsi haqda şayiələr gəzdi. Əlbəttə, aktyorun ölümü istisna bir hadisə deyil. İnsan öləcək məxluqdur.

Bu həqiqətin əlacsızlığı, qorxusu qarışmış misralar da var –  rus  şairəsi Marina Svetayevanın “Ölümdən yazmayın. Sonra o, çin çıxır” misraları acı yumora bürünmüş istehzadır… 

Əsl mistika – aramızda baş verənlər

Kinorejissor Əli İsa Cabbarovla kinonun mistikası ilə bağlı söhbət edəndə rejissora “uzun bir istehsal mərhələsi boyunca filmin ruhunu necə qoruyub saxlayırsan?”, – deyə bir sual vermişdim. Cənab rejissor söyləmişdi: “mən bir şeyi kəşf etmişəm, əsas olan kamera ilə, qurduğun mizan-məkan, aktyorlar arasında baş verənlər olmur, kadra daha çox hopan səninlə – yəni rejissorla kamera arasındakı hisslər olur”.

Aliyə Dadaşova

“Fokus” analitik kino jurnalı №02(08) dekabr 2012

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya