Now Reading
Cinayət və cəza

Cinayət və cəza

Cinayət dedikdə, ilk olaraq, ağlımızda birini qətlə yetirmək və ya qarşılığında dəmir barmaqlıqların gözləndiyi bənzər hadisələr canlanır. Mütləqdir ki, qanunların  hökm sürdüyü ölkələrdə törətdiyin əməldən asılı olaraq, nəticə, məhkəmə qarşısına çıxıb  günahkar hesab edildiyin halda azadlıqdan məhrum edilmək və ya digər bənzər üsullarla cəzalandırılmaqdır. Həqiqətənmi insanlar etdiyi günahın cəzasını müddətli həbs ilə ödəyə bilər? Bəli! Əgər bir insanın arzularına yaşamaq istəyinə deyil bədəninə xətər yetirir, arzularını deyil əşyasını oğurlayırsansa. Bir sözlə, bu mənəvi cinayət deyilsə. Mənəvi cinayət nədir? Bu sualın cavabını isə eyni mövzu ilə səsləşən film və kitabları nəzərdən keçirməklə cavablaya bilərik. Mənəvi cinayət bir insanı müxtəlif yollarla öldürmək, ona qarşı sərgilədiyin davranışla onu Dostoyevskinin qəhrəmanlarının məkanı olan “yer altında saxlamaq”, Kafkanın həyati prizmasından yanaşsaq, insanların içində tək qoymaqdır. Məsələn Dostoyevskinin qəhrəmanlarından biri kimsə tərəfindən pəncərədən yerə atılmağı tapdalanmış ləyaqətin bərpası kimi görür. Çünki o insanların öldürdüyü ruhun nəticəsində yalnız cisminin mövcud olduğuna bu zaman inanacaq. Lakin insanların hissləri ilə oynamaq, onların mənəviyyatlarını heçə saymağın nəticəsində insan Miloş Formanın müəllifi olduğu “Qu-quşu yuvası üzərindən uçarkən” filmindəki  Billi adlı qəhramanın etdiyi  kimi intihar həddinə də çatdıra bilər. Nəticə etibarilə cəmiyyət insanı öldürür sonda isə insan ruhun öldüyü bədəndən imtina edir. Mütləq hərəkətin nəticəsi olaraq baş verməyən cinayətin isə hüquqidən kənar olan vicdan adlı məhkəməsi var. Ən çətini isə insanın  öz xoşu ilə o məhkəməni qurmağı istəməsidir. Bu isə insanın yeni “mən”ini formalaşdırır. Fəqət insanları dahi yazıçı Dostoyevskinin “Cinayət və Cəza” kitabında yazdığı kimi atacaqları yeni addım, söyləyəcəkləri yeni söz qorxudur. Eyni motivi filmlərdə axtardıqda, zaman və məkana vizual olaraq bələd olmağımız, qəhrəmanın A-dan B-yə keçidinin görüntülü təqdimatı, hadisələri canlı şəkildə yaddaşa həkk etməyimizə  səbəb olur. Rus rejissoru Andrey Zvyagintsevin “Sevgisizlik” filmində bu mövzunun  daha qabarıq şəkildə önə çəkilib. Filmin baş qəhrəmanları – ata və ana (Boris və Jenya) aparıcı personaj olan övladları Alyoşa qəfil yoxa çıxdıqdan sonra onun axtarışına başlayırlar.  Övladlarına qarşı məsuliyyətsiz davranan və hər ikisi üçün seksin və pulun daha vacib olduğu üçün övladlarının itməsindən bir neçə gün sonra xəbərdar olmaları uşaqlarının sevgidən məhrum edildiyinə işarədir. Bundan əlavə valideynlərinin dava və təhqirlərinə şahid olan bu uşağın gələcəyinin elə  o anlardan etibarən məhv olduğunu əminliklə söyləyə bilərik. Bu zaman belə nəticəyə gələ bilərik ki, uşaq dünyaya gətirib, lakin onu uşaqlığından məhrum etmək  heç bir yolla cəzasını çəkə bilmədiyin cinayət hesab edilir. Məşhur italyan rejissoru Federiko Fellinin “ Yol”  filmi də bu mövzulu filmlərdəndir. Varlığının yükdən başqa heçnə olmadığını söyləyən anası, Celsominanı, pəhləvanlıq etməklə məşğul olan Zampanoya verməklə ondan xilas olur. Lakin Celsominanın həyatının daha da qaranlıq səhifələri Zampanoyla olan münasibətlərində işıqlandırılır. Ona qarşı olan hər bir şiddətə, təhqirə dözən Celsomina yavaş-yavaş həyatdan əlini üzməkdədir. Film boyu onun həyatdan küsməsini Zampanonun hər biganə addımında görürük.  Mənəvi olaraq yaralanan Celsomina, sadəlövh Mattonun Zampano tərəfindən öldürülməsindən sonra xəstələnir və ölür.  Sonda isə gec də olsa etdiklərinin fərqində olan insani hisslərinin oyandığı Zampano  sahil qırağına gəlir və cinayətinin cəzasını isə ölümə məhkum olaraq çəkir. Heç bir cinayət cəzasız qalmır!

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top