Sosial mövzuya fəlsəfi yanaşan iki film
Azər Allahverdinin “Üç yol” və Elnur Paşanın “Quyu” qısametrajlı bədii filmləri müasir cəmiyyətə, onun problemlərinə sosial-fəlsəfi rakursdan yanaşmadır. Müəllif, kinomuzda və ədəbiyyatımızda çox işlənmiş mövzuya – həyatını dəyişmək məqsədilə bölgələrdən şəhərə köçən kiçik insanın taleyinə ənənəvi baxmır.
“Üç yol” filmi ilk səhnələrindən, əyalətdən şəhərə qazanc dalınca getməyi planlaşdıran gənclərin həyatı haqqında tipik sosial dram təsəvvürü yaradır. Sonradan dostlardan birinin onların pulunu çırpışdrıb aradan çıxması və üç dostun onun nəticəsiz axtarışı nəticəsində film detektiv motivli bir yol hekayəsinə çevrilir. Finalı isə müəllif fəlsəfi intonasiyada bitirir.
Rejissorun məqsədi, harasa yoxa çıxan dördüncü dostun tapılıb digərləri tərəfindən cəzalandırılması deyil əlbəttə ki. Hətta filmin əvvəlində günəşin batması fonunda dörd dost uzaq planda siluet kimi təsvir olunur və dördüncü dostun vizual kimliyinin sonadək tamaşaçıya məlumatsız qalması təsadüfi deyil. Çünki məqsəd axtarış prosesində üç gəncin fərqli reaksiyaları, onların dəyişməsini göstərməkdir. Düzdür, onların dəyişməsi prosesi yetərincə işlənmir, ən azı buna səbəb olacaq xüsusi vəziyyətlər sarıdan boşluq var və Azər Allahverdi nəzərdə tutduğu ideyanı nisbətən formal səviyyədə çatdıra bilir. Ayrı-ayrılıqda isə qəhrəmanların daxili xiffətini, arzularını ifadə edən bir neçə təsirli səhnə vardı, misalçün, onların təyyarəyə həsədlə baxması kimi… Düşünürəm ki, ucsuz-bucaqsız, adamsız natura təsvirləri personajların çarəsizliyi ilə daha çox ahəngləşə və narrativə daha estetik, dramaturji dərinlik qazandıra bilərdi.
Üç dostun sondakı mövqeyi müəyyən dəyərləri simvolizə eləyir. Onladan biri dələduzu qətlə yetirməyə hazırdır, digəri bağışlayır, sonuncu isə unutmağın ən yaxşı yol olduğuna inanır. Əslində unutmaq da, bağışlamaq da insanın özüylə harmoniyasına bir cəhddir, ağır yükdən xilasdır. Məhz bağışladıqları və unutduqları andan əhvalat ağ-qaradan rəngli təsvirlərə keçir. Rəngli təsvirlər personajların həyata yeni münasibətlərinin formalaşması kimi də başa düşülə bilər.
Əhvalat boyu süjetə real həyatdan daxil olan kadrlar (qoyun sürüsü, oynayan uşaqlar, tələsən qarı) önəmli dramaturji funksiya daşımasa da, görünütü faktı kimi qalsa da, əhvalata müəyyən mənada dolğunluq qatır.
Çəkilişləri Babəkdə və Ordubadda baş tutan filmin operatoru, ssenari müəllifi Azər Allahverdidir. Az büdcə ilə çəkilən “Üç yol”da rejissorun qohumları (Coşqun Hüseyn, Ülvi Behbud, Vüsal İman və Xəzər Behbud) oynayıb. Rejissor da daxil olmaqla bu, hamının kinoda ilk təcrübəsidir.
Elnur Paşanın “Quyu” filmi də özlüyündə sosial-fəlsəfi mənalar daşıyır.
Süjetə görə, dayı (Tofiq Seyidov) və bacısı oğlu Vüsal (Vüsal Rzasoy) ucqar bir kənddə suyun çıxdığı yeri taparaq quyu qazmalıdırlar. Burda da axtarış əsas motivlərdən biridir. Ancaq müəllifin yozumunda su axtarışı maddi, məişət hadisəsi olmaqdan çıxaraq daha dərin məna kəsb edir. Çünki dayıdan ötrü quyu qazmaq, vaxtilə onun kimi kankan olan, iş başında həyatını itirən atasının ruhuyla ünsiyyətdir, ona çata bilmək vasitəsidir. Və rejissor quyunun mistik obrazının ifadəsinə (qarının quyuda nəsə dua oxuyaraq od atması, müxtəlif rakurslardan təsviri, səs effektləri, finalda şamanizmi xatrıladan musiqi, işıq və qaranlıq kontrastı – operator Azər Allahverdi) nail olur.
Əhvalatda iki xətt paralleləşir: dayının və sevdiyi qadınla konflikt yaşayan bacısı oğlu Vüsalın. Müəllif onların ziddiyyətli dünyagörüşünü tez-tez vurğulayır: dayını quyu, gənci isə şəxsi problemləri, pul qazanmaq qayğılandırır. Dayı köhnə dəyərlərin daışıycısıdır, texnologiyaya laqeyddir, Vüsal isə şəxsi konfliktlərində gəzişir, mobil telefon onu öz dünyası ilə əlaqələndirən tək vasitədir.
Hərçənd, dayı öz hekayəsini bacısı oğluna danışandan sonra, onun “sənə baxanda xoşbəxt oluram” fikri, nəhayətdə, doğmalaşmanı ifadə eləsə də, bu doğmalaşma nə vizual planda, nə aktyor ifasında yetərincə əsaslandırılmır.
Burda da kənd sakinləri, kənd görünütüləri filmə daxil olur və təsvirlər dramaturji struktura oturur.
Rejissorun musiqidən izafi istifadə etməyib: radiodan yayılan musiqi Vüsalın xəyalı ilə sinxronlaşaraq kadrarxası musiqini əvəzləyir və personajların ovqatını əks etdirir.
Elnur Paşa sel səhnələrinin gerçək olduğunu deyir: “Yazda kəndə sel gəldiyindən, çəkilşləri o vaxta saxladım. Çünki selin mənim üçün ifadə etdiyi məna vardı. Sel axır gedir və su bolluğunun içərisində insanlar su qıtlığı yaşayırlar. Bununla, həm də cəmiyyətin iqtisadi və mədəni vəziyyətini göstərmək istəmişəm. Sel gözlədiyimdən çox oldu, bütün kəndi, hətta öz evimizi də sel basdı. Film çəkməklə yanaşı evimizi seldən qorumağa çalışırdım”.
Müəllifin quyu mövzusuna marağı, quyunun nəsə mistik bir atmosferini duyması ilə bağlıdır. O, mövzu haqda bilgilər əldə etmək məqsədilə kankanlarla söhbətləşib, araşdırma edib.
Çəkilişlər Şərur rayonunun Həmzəli kəndində aparılıb və film əsasən müəllifin ailə büdcəsiylə çəkilib.
Elnur Paşa Dövlət Pantomima Teatrında aktyor və rejissordur.
“Üç yol” və “Quyu” filmlərinin çəkilməsində eyni zamanda müəyyən dəstəyi Azərbaycan Kinematoqrafçılar İttifaqı verib. Və hər iki rejissor ittifaqın Kino Məktəbinin məzunlarıdır.
11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalında isə “Üç yol” “Ən yaxşı bədii film” kateqoriyası üzrə “Qızıl nar”, “Quyu” isə münsiflər heyətinin diplomuna layiq görülüb.
Sevda Sultanova