İNDİ OXUYUR
Qərb cəbhəsində hələ də sakitlikdir

Qərb cəbhəsində hələ də sakitlikdir

Almaniya builki Oskara namizəd kimi “Qərb cəbhəsində sakitlikdir” filmini hələ üç ay əvvəlcədən – avqust ayında elan etmişdi. Erix Mariya Remarkın bu ölümsüz əsəri daha əvvəl ekranlaşdırılsa da, ilk dəfə idi ki, almanlar tərəfindən istehsal olunacaqdı. Film üçün nəzərdə tutulan büdcənin Almaniya kino tarixinin ən yüksək rəqəmlərindən biri olması, üstəlik layihəni alıb reallaşdıran tərəfin “Netflix” olması film barədə gözləntiləri yüksəltməyə bəs edirdi. Əvvəlcə Toronto Film Festivalında nümayiş olunan film, oktyabrın 28-də “Netflix”də tamaşaçılara təqdim olundu. Filmin özü barədə danışmazdan əvvəl əsərin ilk ekran adaptasiyasından söz açmaq istəyirəm.

Remarkın bu əsəri ilk dəfə 1929-cu ildə çap olunub və həmin andan etibarən oxucuların diqqətini çəkməyi bacarıb. Əsərin dünyada yaratdığı səs-küyün miqyasını bildirmək üçün belə bir faktı bildirmək kifayətdir deyə düşünürəm: “Qərb cəbhəsində sakitlikdir” əsəri Azərbaycanda ilk dəfə 1930-cu ildə nəşr olunub, tərcüməçisi İsgəndər Nəfisidir.  Hazırda dünya ilə bu qədər iç-içə olduğumuz internet əsrində olsaq da, beynəlxalq uğur qazanmış bədii əsərin bir il içində dilimizə tərcüməsi çox da real görünmür. Əsər çox keçmədən, elə 1930-cu ildə “Universal Pictures” studiyası tərəfindən ekranlaşdırılır, hətta film iki Oskar da qazanır. Lyuis Maylstounun çəkdiyi film həm də tarixə romandan adaptasiya edilərək “Ən yaxşı film” Oskarını qazanan ilk iş kimi düşür.

“Qərb cəbhəsində sakitlikdir” (1930) rejissor Lyuis Maylstoun

Həm filmdə, həm də romanda, hadisələr Birinci Dünya müharibəsində gənc alman əsgərlərinin başına gələnlər barədədir. Pol Boymer 17 yaşlı gəncdir və müəlliminin məktəbdə “Vətəni xilas etmək” nitqindən sonra özünü müharibəyə gedərək təsdiq etmək ehtiyacı duyur. Onun sinif yoldaşları da eyni təəssübü çəkir, qələbə qazandıqdan sonra geri qayıtdıqları zaman necə qəhrəman kimi qarşılanacaqlarına dair xəyallar qururlar. Lakin nə müharibə onların gözlədiyi kimi bir yerdir, nə də vətəni xilas etmək bu qədər asandır. Müharibənin sərt üzü, gənclərin yaşadıqları məhdudiyyətlər, düşdükləri çıxılmaz vəziyyət, sözügedən filmi, kino tarixinin ən yaxşı antimüharibə filmlərindən birinə çevirir.

Filmin daxildəki uğurundan sonra “Universal” şirkəti onu Almaniyada da nümayiş etdirmək niyyətinə düşür. Film ilkin olaraq senzuradan heç bir problem olmadan keçir, hətta Almaniyadakı premyerası da uğurlu olur. Bir neçə gün sonra isə gözlənilməz bir hadisə baş verir. Hələ dünyada çox da tanınmayan bir partiyanın üzvləri kinoteatra basqın edir, filmin nümayişinin dayandırılmasını tələb edir. Bu tələbi irəli sürən şəxs isə sonradan faşist Almaniyasının “Propaqanda naziri” olacaq Yozef Gebbelsdir. Həmin dövrdə Gebbels nasist partiyasının Berlin idarəçisi idi və o, tərəfdaşları ilə birlikdə filmin nümayişinin dayandırılmasını bacarmışdı. 1931-ci ildə bir çox hissəsi tamamilə kəsilmiş film yenidən Almaniyada nümayişə girir, lakin çox da diqqət cəlb etmir. 1933-cü ildə nasistlər hakimiyyətə gələn kimi isə film tamamilə qadağan olunur, Remarkın kitabları isə yandırılaraq məhv edilir.

“Qərb cəbhəsində sakitlikdir” (2022) rejissor Edvard Berger

Nasistlərin filmdə qarşı çıxdıqları əsas məqam, onlara görə, Birinci Dünya müharibəsində həlak olan almanların ruhuna, qəhrəmanlıqlarına olunan hörmətsizlik və ehtiramsızlıq idi. Xüsusilə, əsgərlərin bombardman ərzində qorxaq göstərilməsi onları qəzəbləndirmişdi. Digər tərəfdən, filmin rejissorunu Lyuis Maylstounun yəhudi əsilli olması da həmin dövrdə populyar olan “arxadan vurulma” mifini təsdiqləyirdi. Bu mifə inananlara görə, Almaniyanın Birinci Dünya müharibəsini uduzmasının əsas günahkarı onlara xəyanət edərək arxadan vuran sosial-demokratlar və yəhudilər idi.

90 ildən sonra ilk dəfə almanlar tərəfindən çəkilən versiyada isə rejissor Edvard Berger məhz bu yanaşmanın və mifin çürük olduğunu sübut etməyə çalışır. Rejissor verdiyi müsahibələrin birində deyir: “patriotizmin və korluğun bizi haralara apardığını daha əvvəl görmüşük”. O, bu cəhdini film barəsində etdiyi seçimlərdə də göstərir. Bir tərəfdə gənclərin içinə düşdüyü dəhşəti göstərir, digər tərəfdə laqeyd, bivec siyasətçilərin, patriotizmdən gözləri dönmüşlərin portretlərini cızmağa çalışır. Bununla da, ilk versiyadan fərqli olaraq, təkcə sıravi əsgərlərin başına gələnləri görmür, eyni zamanda ölkəyə rəhbərlik edən şəxslərin davranışlarını müşahidə edirik.

Edvard Berger müharibənin dəhşətlərini göstərmək üçün bircə addım da geri atmır. Diri-diri yanan əsgərlər, çarəsizcəsinə yerə qapanan insanlar və sanki insan yox, rəqəm imiş kimi ölümə göndərilən varlıqlar hər səhnədə özünü göstərir. Bu əzablarla birgə film janr olaraq getdikcə qorxuya yaxınlaşır və müharibənin dəhşətləri aydın şəkildə özünü göstərir. Bu filmi digər müharibə filmlərindən fərqləndirən əsas məqam isə qəhrəmanlıq anlayışının yaxınından belə keçməməsidir. Burada qəhrəmanlıq yoxdur, əvəzində axmaqlıq, kütlük, dəhşət və qorxu var.

“Qərb cəbhəsində sakitlikdir” (2022) rejissor Edvard Berger

Əgər əsərin ilkin ekran adaptasiyası tamaşaçıya nəfəs dərmək üçün məqamlar verirdisə, bu filmdə həmin anlar da qorxuya çevrilir. Səssizlik olduğu zamanlarda nəyinsə düzgün getmədiyinə dair olan intuisiya həm qəhrəmanı, həm də izləyicini ağuşuna alır. Obrazların xoşbəxt anlarının belə ötəri olduğunu, yenidən hər şeyin tərsinə çevriləcəyinin hiss etdirilməsi bütün atmosferə hakim kəsilir. Obrazların hekayələrinin yarımçıq kəsilməsi və siyasətçilərin göstərilməsi ümumi gedişata zərər versə də, final səhnəsində niyə belə bir seçim edildiyi anlaşılır. Rejissor mifi dağıtmaq, insanların şəxsi ambisiyaları, eyni zamanda axmaqlıqlarına görə saysız insanı ölümə göndərməyini hər kəsə nümayiş etdirmək istəyir.

Gənc Feliks Kammerer (Pol Boymer) bütün bu dəhşətlərin izlərini öz aktyor oyununda və görünüşündə cəmləyə bilir. Quruluşçu operator Ceyms Frendin tez-tez istifadə etdiyi geniş planlarla əsgərlərin sıxılıb qaldığı bir neçə yüz metr, təzad təşkil edir. Mənzərələrin gözəlliyi müharibənin şiddəti ilə yarıda kəsilir. Volker Bertelmannın musiqiləri isə nigaranlıq hissinin daha da artmasına təkan verir.

“Qərb cəbhəsində sakitlikdir” (2022) rejissor Edvard Berger

Edvard Berger, filminin indiki dövr üçün də keçərli olduğunu düşünür. Ələlxüsus Avropanın İkinci Dünya müharibəsindən bəri gördüyü ən böyük müharibə dövründə uyğunluğun artdığı şübhəsizdir. Avropanın bir çox ölkələrində artmaqda olan faşizm meylliyi filmin aktuallığını daha da artırır. Rejissor siyasətçiləri hekayənin mərkəzinə qoyaraq onları etdikləri ilə üzləşməyə məcbur edir. Çünki, əsgərlərin bir-birini öldürməsi də, travmalar alması da, bütün bu dəhşətləri görməsi də siyasətçilərin əməyinin nəticəsidir.

Film bu seçimlərlə məsələnin kökünə enməyə çalışır, insanları da xəbərdar etməyə çalışır. Dünya müharibələrinin travmaları hələ tam sağalmamış Avropa yenidən böyük bir problemlə üz-üzədir. Yaradıcı insanlar isə öz əllərindəki alətlərlə, bacarıqlarla bu barədə xəbərdarlıq etməyə çalışırlar. Eynilə, filmin ilk adaptasiyasının etdiyi cəhd kimi. Təəssüf ki, həmin film də, əsər də manipulyasiya edilərək kontekstdən çıxarılaraq nasist ideyalarının daha da güclənməsinə təkan verdi. Əvəzində isə, dünya başqa bir dünya müharibəsinə məruz qaldı. Elə buna görə də, Edvard Berger konteksti daha dəqiq, məsələni daha fundamental, filmi isə daha qorxulu bir ab-havada ifadə etməyə çalışır. Tamaşaçının vəzifəsi isə lazımi dərsləri, ismarışları qavrayıb eyni səhvlərj etməməkdir. Ümid edək ki, tarix, ən azından bu dəfə, təkərrürdən ibarət olmasın.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya