Korleone haqqında dastan
Janrından asılı olmayaraq, bir çox Qərb, o cümlədən, Amerika filmlərində italyanların mətbəx mədəniyyətində spagettidən istifadə etmək ənənəsinin qeyri-təbii qastronomik ehtirasa çevrilməsi səbəbindən onlara “makaronnik” ayaması qoşurlar.
İtaliya mədəniyyətinin kino təsvirinə önəmli aspekt qazandıran italyanların zahiri görünüşü də fərqli cəhətlərə malikdir, bu – sərt qanqster obrazıdır. Bu obraz özündə gel ilə arxaya daranıb-yatırılmış saçları, dəri gödəkçələri, boyun zəncirlərini, qolbaqları və üzükləri ehtiva edir.
Bu anturaj və imicdən “Xaç atası”nın əsas personajları kimi ikinci planda qalan surətləri də məhrum deyillər. “Suda batmaz-odda yanmaz oğlan” obrazı “günəş altında isti yerə” sahiblənmək, “layiq olduğu hörməti qazanmaq” və qeyri-qanuni yolla olsa da belə, tutarlı pul məbləğini cibinə qoymaq həvəsilə alışıb-yanan yeni, gənc nəsil üçün yamsılama, pərəstiş obyektinə çevrilmişdi.
Kino sənətkarının istəyindən asılı olmayaraq o, hər zaman tərbiyəçi və pedaqoqdur. Mənəvi dəyərləri və cəmiyyətin perspektivlərini ön plana çəkərək o, zehinləri həyəcanlandırır, fəal həyatı dərketmə aclığı yaradır. “Xaç atası”nı ekranlaşdırmaqdan əvvəl Koppolanın ehtiyatlandığı bu deyildimi?!.
Kino insanların düşüncəsini idarə edir, dünyada baş verən proseslərin mahiyyətinin izahını verir. Lakin kinematoqraf, tamaşaçını müasir həyatın problemləri haqqında düşüncələrdən ayırıb yanlış qənaətlərə aparıb-çıxara bilər. Sənət əsəri yaradıcıları böyüməkdə olan nəslin hansı mənəvi irsə yiyələnəcəyinə cavabdehdirlər. Buna görə də hər bir vicdanlı sənətkarın məqsədi doğru-dürüst istiqamət verməkdir.
Qanqsterin statusuna və obrazına ləqəb də yapışdırılanda və ya əlavə ediləndə bütün bunlar sanballı və inandırıcı görünürdü.
Filmin yaradıcılarının düşüncələrindən çıxış edərək Fortuna özü qərar qəbul edir və balaca Vito Andolinini Korleonenin kəndinin adına uyğun ləqəb almağa yönəldir. Andolini bir anın içində dönüb Korleone olur, bu isə onun üçün sonrakı taleyinin təyin edilməsi anlamına gəlir. Tanınmış insanlar arasında soyadlarını doğulduqları yerin adına uyğun dəyişdirənlər az deyil.
Bir çox başqa millətlərdə olduğu kimi italyanlarda da ailə anlayışı və ailədaxili münasibətlər güclüdür.
Ruslarda – qardaşlıq, birlik – mənəvi yaxınlığın və dostluğun üzə çıxdığı bütün quldur filmlərinin əsas mövzusudur. İstər Sovet dövründə, istərsə də Rusiyada çəkilmiş filmlər olsun, hamısında birmənalı şəkildə “qanuni oğru”(“Görüş yerini dəyişmək olmaz”, “Briqada”, “Quldur Peterburq”, “Təbib”, “Antikiller”) fabulası və sistemə qarşı çıxan ədalət və qanun sistemi qabardılır.
Dostlarımız və qardaşlarımız türklərdə də cinayət qaydalarının oğru anlayışları postsovet respublikaları ilə təxminən eynidir. Tamaşaçılar arasında çox populyar olan “Qurdlar vadisi” serialı qanqster tərzində çəkilmişdir. Təəccüblü deyil ki, bu serialın rejissoru Sərdar Akar “Qurdlar vadisi”ni ərsəyə gətirəndə “Xaç atası”nın ilkin variantına istinad edib. Serialda “Xaç atası”nın bəzi elementləri mənimsənilərək fərqli dekorasiya, üslub və fəndlərlə ifadə edilib. Baş qəhrəman Polad Ələmdarla gənc Maykl və Vinçenso Korleonenin zahiri görünüşləri arasındakı oxşarlıq da təsadüfi deyil.
“Koza Nostra” (it. “Bizim İşimiz”) – bu, ətrafında ailə üzvlərini və qohumlardan ibarət böyük bir dairəni birləşdirən ailəvi mafiya biznesidir. Bu cür işgüzar yanaşma Korleone ailəsindən də yan ötməyib. Tanrı-ata-don Vitonun dörd oğlu (Sanni, Frederik, Maykl və Tom Hegen – Mario Pyuzonun romanının uydurulmuş personajı) və Konstansiya (Taliya Şayr) adlı bir qızı var. Məhz Konni, həyatın bütün dolanbaclarından keçərək kinolentin üçüncü hissəsində ailəsinə bağlılığını, minnətdarlıq və sevgisini əyani şəkildə sübuta yetirir. Onun nəfis cazibədarlıq ədası, ailənin təqdiri və təkanı qoca “tülkü” don Altabellonu (İllay Uollak) zəhər qatılmış tort tikəsinin köməyilə o dünyaya göndərir. Məhz Konstansiyanın himayədarlığı sayəsində Mayklın qardaşı oğlu Vinsent (Endi Qarsia) Don olmaqdan ötrü ailə başçısı roluna aşkar və yeganə varis və namizədliyini, davranışı və mövqeyi ilə əmisinə sübut edir.
Koppolada mafiya qarşıdurmalarının ailə xronologiyasında Mayklın oğlu Toni (Frenk D. Ambrossio) və qızı Meri (Sofiya Koppola) istisna olmaqla ailənin demək olar ki, bütün üzvləri iştirak edir.
Vyetnam müharibəsinin veteranı Maykl Korleone gələcəyini ailəsinin kriminal biznesi ilə bağlamaq fikrindən uzaq idi. Lakin Santinonun ölümündən sonra məhz o, Korleone ailəsinin hökmranlıq imperiyasını qurur. Yaradıcı başlanğıc – oğul – Maykl, həyat yoldaşı Key Adamsla (Dayana Kiton) düşüncələrini bölüşür: “Mən ailəyə başçılığı öz üzərimə götürməliydim, əks halda hamının həyatı təhlükə qarşısında qalacaqdı”.
Xanımı bunu sonadək dərk etməsə də, Maykl Korleone ailə xoşbəxtliyinin və rifahının nümunəsidir. O, qədərində sakit, tədbirli, soyuqqanlı, nikahdankənar əlaqələri olmayan bir ərdir. O, həyat yoldaşının ondan üz döndərməsini bağışlamadığı kimi, Fredonun şəxsən onun özünə deyil (o eqoistik qənaətlərdən çıxış etmir), məhz Korleone ailəsinə dönüklüyünü bağışlamır. Bir müddət sonra onu qardaş qatili olmasının qarşısıalınmaz ağrısı incidir. Papa ilə görüşü zamanı o, tövbə etirafı edir: “Mən atamın oğlunu öldürmüşəm, mən anamın oğlunu öldürmüşəm…”
Ailə dəyərləri və ailənin önəmi Maykl üçün o qədər vacibdir ki, öz vendettasında o, sonadək dönməz qalır: “Sən məni təəccübləndirirsən, Tom! Hər kəsi öldürmək olar. Tarixin bizə öyrətdiyi bu deyilmi?”.
Onun şəxsi ambisiyaları özünüqoruma instinktindən bir pillə aşağıda qərarlaşıb. Və buna görə “si vis pasem, para bellum” (“sülh istəyirsənsə, müharibəyə hazırlaş”) qanunu tam gücü ilə işləyir.
Uzunmüddətli məsafəni qət edən bumeranq kimi, vendetta Mayklın özünə sarı dönür – ona güllə atırlar, sevimli qızı Meri isə gülləbarana tuş gəlir. Bu məqamda Al Paçinonun aktyorluq ustalığı xüsusilə qeyd olunmalıdır – obrazının ən acı anının ağrı-qiyyəsini elə təbii hayqırtı ilə ifadə edib çatdırır ki, (bu rolunda da onun teatr aktyoru istedadı özünü büruzə verir) sanki norveçli ekspressionist-rəssam Edvard Munkun 1893-1910-cu illər arası ərsəyə gətirdiyi “Qiyyə” rəsmini canlandırır.
Koppola ekran əsərinin yaradılmasında teatrın rolunun nə dərəcədə önəmli olmasının birmənalı təsvirini verib. Korleonenin mühafizəsindən olan əkiz qardaşların öldürülməsi epizodunda istifadə olunmuş teatr elementi filmin koloritini, inandırıcılığını təmin edərək ona əbədi həyat qazandırır.
Filmin ikinci və üçüncü final hissələrində rejissor üçlü paralel montajdan ustalıqla istifadə edir. Bu isə filmə dinamika, coşqu və dolğunluq qatır.
Ciddi, dərrakəli, təzadlı xasiyyəti ilə və artıq yaşa dolmuş çağında Maykl biz tamaşaçıları gözəl yumor hissi ilə heyran qoyur. Söhbət, oğlunun ifa etdiyi operadan sonra dediyi: “İndi Korleone soyadını eşidəndə səs xatırlanacaq”.
Kinematoqraf səsli olandan bəri sözün ekran taleyi də dəyişdi. Bununla belə, əksər flmlərdə danışığın çox olmasından gileylənirlər və bəla təkcə onda deyil ki, bu danışıqlar məzmunsuzdur. Məlumdur ki, ədəbiyyat (ssenari) bütövlükdə dildən yeganə zəruri kəlməni seçib onu birinci yerə qoymaq kimi təkrarsız əlaməti ilə fərqlənir. “Xaç atası”nda müəyyən bir lakoniklik, təmkin və dialoqlarda dramaturji söz müxtəsərliyi vardır – bu isə, filmə bitkinlik, tutarlılıq və inandırıcılıq kimi xassələr qazandırır.
Məhz bu keyfiyyətlərinə görə indi “Xaç atası” filmi haqqında söz düşəndə Frensis Ford Koppolanın adı xatırlanır.
Yaxşı kitab kimi filmin də dahiyanəliyi yalnız onun süjetində və personajlarında ifadə olunmur. Burda əsas məsələ istənilən səhifənin mütaliə və ya hər hansı epizodun seyretmə məqamının necə dərk edlməsindədir və əgər vizuallıq emosiya burulğanı, maraq, tamaşaçı həvəsi, empatiya hissi və burdan doğan bütün digər hisslər doğurursa – bu, əsl şedevr əlamətidir.
İş ondadır ki, realist məktəbin nümayəndəsi kimi Koppola, kinematoqrafın gücünü və onun əsl təyinatını əks anlamda aşkar edib – məğzi, mətləbi olanı ikinci dərəcəlidən ayırmaq, görünən həyatı onun daha tam və dərin açılması naminə bədiiliklə süsləmək bacarığında.
“Xaç atası” ekran əsəri tamaşaçını əvvəldən axıradək öz arxasınca aparır, boşluqdan, anlamsızlıqdan məhrum atmosferə qərq edir, ona imkan verir ki, baxdığının ekran səthinin və beləliklə kriminal, amma ölümsüzlükdən məhrum aləmin bir zərrəsinə çevrilsin.
Elçin Əsədov (yazıçı, rejissor)
Tərcümə Samirə Behbudqızı