İNDİ OXUYUR
Propaqanda ya kino?

Propaqanda ya kino?

Bu il Beynəlxalq Kinotənqidçilər Assosiasiyası tərəfindən təşkil olunan “Varşava Tənqidçilər Layihəsi”ndə iştirak etmək şansını əldə etdim. Bu layihə Varşava Film Festivalı ilə birlikdə paralel keçirilir. Layihənin məqsədi Mərkəzi və Şərqi Avropadan olan gənc kinotənqidçiləri bir araya gətirərək onların peşəkarlıq səviyyəsini təlimlər vasitəsilə daha da yüksəltmək, ingiliscə məqalələr yazmağı təşviq etmək və bu barədə lazım olan bacarıqlarla təmin etmək idi. Bu layihəyə seçilən gənclər həm də festivalda jüri kimi seçim edir və izlədikləri filmlər arasından ən bəyəndiklərinə mükafat da verirlər.

Festivala getməmişdən qabaq proqramına nəzər yetirərkən diqqətimi çəkən filmlərdən biri Ermənistan istehsalı olan “Görünməz respublika” adlı sənədli film oldu. Bu film İkinci Qarabağ müharibəsi haqqındadır. Xankəndidə fəaliyyət göstərən Lika Zakaryanın müharibə ərzində başına gələnlər barədə 44 günlük xronikadır. Bu film barəsində sosial şəbəkə hesablarımda yazandan sonra Mədəniyyət Nazirliyinin keçirdiyi brifinqdə bu barədə sorğulandı və nazirliyin rəsmilərinin mövqeyi belə oldu: “Film “A” kateqoriyalı festivalda iştirak etmirsə, ondan danışmağa dəyməz. Ən yaxın zamanda sizə Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filminin nüfuzlu festivalda nümayişi barədə şad xəbər verəcəyik”.

“Görünməz respublika” barədə fikirlərimə keçməmişdən qabaq bu məsələyə aydınlıq gətirmək istəyirəm. Dünyada həddindən artıq festival var deyə onların bəzilərini fərqləndirmək, prestijinə vurğu etmək üçün “A kateqoriyalı” adlandırırlar. Bu adlandırmanın əsas istinad nöqtəsi isə FIAPF-ın (Beynəlxalq Film Prodüserləri Assosiasiyası Federasiyası) etdiyi bölgüdür. Bu qurum təkcə müəllif hüquqlarının qorunması ilə məşğul olmur, həmçinin festivalların idarə olunması ilə məşğul olurlar. Onlar festivallara akkreditasiyalar verir, müxtəlif qruplara bölürlər. Nəticədə, 15 film festivalını yüksək dəyərləndirərək “A kateqoriyalı” festival hesab edirlər. Həmin film festivalları arasında Varşava Film Festivalının da adını görə bilərik. Bu fakt Mədəniyyət Nazirliyinin arqumentinin əsassız olduğunu göstərir.

Qeyd etdiyim məqamı təsdiqləyən başqa bir fakt isə bir neçə gün əvvəl “Mərmər Soyuğu” filminin (rejissor Asif Rüstəmov) Tallin Qara Gecələr Film Festivalına seçilməyi oldu. Sözügedən festival da FIAPF tərəfindən seçilən 15 festivaldan biridir və özlərini “A kateqoriyalı” olaraq adlandırırlar. Hətta Rüfət Həsənov məhz bu məqamı qeyd edərək xəbəri paylaşmışdı. Əgər, bizə sərf edəndə film festivalı “A kateqoriyalı”, sərf etməyəndə isə görməzdən gəlinirsə, deməli, hələ getməli olduğumuz çox yol var.

Bu kateqoriya məsələsini bir kənara qoyaraq yenidən filmə qayıtmaq istəyirəm. Başlanğıcda biz qəhrəmanı – Liza Zakaryanı tanımağa başlayırıq. O, reportyorluqla məşğuldur və İkinci Qarabağ müharibəsi başlayanda öz xalqı ilə birlikdə qalmağa qərar verir. Eyni zamanda sosial şəbəkələrdə müharibədə baş verənləri gündəlik yazır, məlumatlar bölüşür. Liza konfliktin tarixçəsindən bəhs etmək üçün tələsmir, sadəcə “Artsaxın” beynəlxalq səviyyədə tanınmadığını vurğulayır. Eyni zamanda, göstərilən xəritələrdə “Artsax” adlı dövlətin Dağlıq Qarabağ ilə sərhədlənmədiyini, işğal edilən ətraf rayonlar isə həmin dövlətin bir parçası kimi göstərilir. Yalnız bir məqamda – Birinci Qarabağ müharibəsində ermənilərin qələbə qazandığını, Dağlıq Qarabağdan əlavə bir neçə yaşayış məntəqəsini ələ keçirdiyini deyir. 700.000-dən çox azərbaycanlı məcburi köçkün olmayıbmış kimi danışılan narrativ filmin obyektivlikdən nə qədər uzaq olduğunu anlamaq üçün bəs edir.

Digər tərəfdən film ermənilərin azərbaycanlılar barədə sahib olduğu bütün stereotipləri də istəmədən bizə göstərir. Onlara görə, Osmanlı imperiyasının törətdiyi soyqırımı türklərin qəsdidir və azərbaycanlılar da eynisini etməkdə qərarlıdılar, çünki azərbaycanlılar da elə türklərdir. Diasporlarının dəstəyindən, Mento Melkonyanın onların yaddaşında əziz olan xatirəsindən və başqa propaqanda məqamlarından bəhs edir. Amma bütün bunlar filmin əsas hekayəsini təşkil etmir, çünki əsas hekayə müharibənin ortasında qalan sadə insanlar, onların üzləşdiyi çətinliklərdir. Tamaşaçı bu insan hekayələrini izləyə-izləyə özləri də bilmədən propaqandanı qəbul etmiş olur.

Qəhrəman bizi ailəsi ilə tanış edir, operatorundan danışır, yaxın və uzaq qohumlarının hərbi səfərbərliyə görə müharibəyə getdiyindən bəhs edir. Qardaşı müharibədədir və qəhrəman ona görə narahatdır. Birlikdə bütün çəkilişləri etdiyi operator da müharibəyə çağrılır və Liza operatoruna verdiyi balıq hədiyyəsini yadına salır. O, balıqları ofisdə unudub və operator geri qayıdana qədər onların qayğısına qalmalıdır. Yaşadığı sığınacaqdan çıxaraq ofisə getməlidir və adətən 15-20 dəqiqəlik getdiyi yol ona sonsuzluq kimi gəlir. Balıqları tapanda isə onların hərəkətsiz olduğunu görür, öldüyünü düşünüb təəssüflənir, lakin hərəkət etdiyini görəndə sevinir. Sözdən əlavə, başqa varlıqlarla, nəsnələrlə bu cür narrativ qurulması filmi insaniləşdirir. Sadə insanların travmaları, qorxuları, həyəcanları filmi insana daha yaxın etməyi bacarır.

Liza eyni anda bir neçə hekayə xətti qurur. Qarabağda yaşayan ermənilərin “Tərs qarabağlı” adlandırılmasından, yaxınlarının xiffətinin çəkilməsinə və ümumilikdə müharibənin gedişində baş verən hadisələrə qədər… Başlanğıcda “Biz qələbə qazanacağıq” sloqanını seçən erməni döyüşçüləri, döyüşü dəstəkləyən Liza, müharibənin 20-ci günündən sonra bir məqamda deyir ki, atəşkəs yenə pozuldu, biz sülh istəsək də, azərilər görünür sülh istəmirlər. Bu situasiyanın ironikliyi insanı heyrətə salır. Digər tərəfdən isə bu filmi bölgədən tamamilə xəbərsiz bir şəxs izləsə, yekuna qədər müharibənin ermənilərin xeyrinə nəticələndiyini düşünər. Belə məqamlar tarixi kənara qoysaq belə, filmin öz daxilində ziddiyyət təşkil edən məqamlardır.

Filmin sonluğunu isə rejissor nikbin bitirir. “Tərs qarabağlılar” yenidən qələbə qazanacağına, öz müstəqilliklərini əldə edəcəklərinə inanırlar. Beləliklə, bir erməni jurnalistin gözündən müharibə dövrü və konfliktin keçmişi göstərilməyə cəhd edilir. Maraqlıdır ki, bizim də eyni səpkidə çəkilən sənədli filmimiz var. Amma bizim hekayəsini qabartdığımız jurnalist azərbaycanlı deyil, azərbaycanlıların travmaları ilə dərindən tanış deyil və filmin özü də – “Fulya” da (rejissorlar Tahir Tahiroviç, Aykut Taşkın) bu məqamlara görə xüsusi heç nə göstərə bilmir. Sadəcə baş verən hadisələrin təkrarı ilə məşğul olur, insan hekayələrinə enə bilmir, özünə inandıra bilmir.

“Görünməz respublika” da həddən artıq propaqandaya meyl etdiyinə görə fərqlənə bilmir. Xüsusilə arxiv kadrlardan istifadəsi zəifdir və tarixə aid perspektiv bəxş edə bilmir. Xəbərlərdən, “tvit”lərdən ibarət kadrlarda insani tərəf unudulmağa, yerini informativliyə verməyə başlayır. Bəlkə də buna görə, film festivaldan əliboş geri qayıdır.

Yekun olaraq, bunu demək olar ki, “Görünməz Respublika” təktərəfli narrativinə və bütün stereotipləri (istəməyərək də olsa) ekrana gətirdiyinə görə zərərlidir. Eyni səhvi müxtəlif Azərbaycan filmlərində də görmək olar, insan hekayələrinə çox da enə bilməyiblər və bunun nəticəsində indi həmin filmlər unudulublar. Ümid edirəm ki, Mədəniyyət Nazirliyinin nüfuzlu festivalda premyerasını vəd etdiyi, İkinci Qarabağ müharibəsinə aid “Həyat, deyəsən, gözəldir” filmi eyni xətaları təkrarlamayıb və biz haqqında həqiqətən danışmağa layiq bir film izləyə biləcəyik.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya