İNDİ OXUYUR
Anam və atam haqqında

Anam və atam haqqında

Pandemiya dönəmində evə qapanma dünya kinosənayesinə də mənfi təsirini göstərdi. Bir sıra filmlərin çəkilişi dayandı, bəzi layihələr isə distant formada, onlayn rejimdə davam etdirildi. Hərçənd, digər tərəfdən mövcud şərtlər yaradıcı insanlara yeni mövzu və formalar üzərində düşünmək imkanını da verdi. Söhbət Azərbaycandan gedirsə, bəzi gənc rejissorlar bu müddətdə minimalist, kamera filmləri lentə aldılar. 

Yazımda yeni reallıqda çəkilən iki ekran işindən danışacağam: Sənan Səfərovun “Anamla dəqiqələr”, Nurlan Həsənlinin və Toğrul Musanın “Bir ata haqqında” sənədli filmlərindən.

Hər iki film müəlliflərin şəxsi təcrübələrinə əsaslanır. 

 “Anamla dəqiqələr” filmini izləyəndə ilk ağlıma gələn, milli kinomuzda haqqında ara-sıra danışdığımız maraqlı qadın obrazlarının azlığı mövzusunda müzakirələr oldu. Filmlərə baxanda belə təəssürat yaranır ki, rejissorlarımız əksər hallarda özünəxas, fərqli qadın personajlara necə cizgilər, xarakter verməkdə çətinlik çəkir və real həyatda qadınları az müşahidə edirlər. “Anamla dəqiqələr” filminin qəhrəmanı (o, həm də rejissorun anasıdır) Ruhəngiz Səfərovanın koloritliyi, fərdiliyi, reaksiyaları, bir daha rejissorlarımızın mütləq şəkildə həqiqi həyat materiallarına istinadını vacib edir. Yadıma düşən maraqlı bir faktı qeyd edim. Braziliya seriallarının məşhur ssenaristlərindən Qloriya Perez müsahibələrindən birində öz yaradıcı təcrübəsini bölüşərək,”Klon” serialının qadın obrazlarından İvetini necə tapdığını deyir: “Bərbərxanda iki qadının bir qadını necə müzakirə etdiyini dinləyirdim. Haqqında danışdıqları qadın bir az vulqar, impulsiv, bəzən pozğun, amma xeyirxah ürəyi olan biriydi. Düşündüm ki, hər kəs mütləq belə bir İvetini tanıyır”.

“Anamla dəqiqələr”, rejissor Sənan Səfərov

Sənan anasını həmişə çəkmək istəsə də, buna vaxtı və şərait olmadığını deyir: “Mən onda kinoya yararlı detalları görürdüm. Pandemiyada vaxtım bol oldu və bu fürsətdən istifadə elədim”.

Film boyu Ruhəngiz xanım bioqrafiyasından parçalar danışır. Və rejissor qəhrəmanının nəqlini “danışan baş” tərzində yox, “film içində film” fəndiylə qurur. “Anamla dəqiqələr” müəyyən mənada “Mise en abyme” prinsipinə əsslanır. Bu prinsipin mahiyyəti təsvir içində eyni təsvir, hekayə içində eyni hekayənin yerləşdirilməsindən ibarətdir. Təsviri sənətdə “Mise eb abyme”nin geniş yayılmış nümunələrindən biri Yan van Eykin “Arnolfin cütlüyünün portreti”dir.

Eyni zamanda filmdə istifadə olunan fəndi metakino anlayışına da aid etmək olar. Bu fəndə əsasən (Alen Renenin, Maks Ofülsün, Fellininin, Varmerdammın bəzi əsərlərində buna rast gəlinir) filmdə baş verən əhvalat şərh və müzakirə olunur.

Sənan Səfərov qəhrəmanın pandemiyadakı həyatını paralel xətlərdə göstərir: materialın montaj prosesində, yəni kompüter monitorunda və kadrın içində. Montaj elə qurulur ki, monitordakı həyat kadrdakı həyatın (və ya əksinə) davamına çevrilir: ana mətbəxdə işləyir, telefonla danışır və bu vəziyyətlərin davamını monitorda izləyir. O, həm də monitorda görünənləri, özünü şərh edir. Gah yumoristik-ironik, gah kədərli şərhləri, özünüanalizi filmi ənənəvi narrativdən, monotonluqdan xilas edir və əlbəttə ki, eyni zamanda onun ruhi ovqatını əks edir. Ümumiyyətlə, Ruhəngiz yaddaqalan, təsirli qəhrəmandır, onkoloji xəstə olmasına, həyatını istədiyi kimi qura bilmədiyinə rəğmən ən ümidsiz anlarına belə yumor qatır, həyata sevgisini (bu qədər problem içində dibçəklərin qayğısına qalması kimi) itirmir, qeyri-normativ leksikonu belə təbii, yerində olduğundan qıcıqlandırmır.

“Anamla dəqiqələr”, rejissor Sənan Səfərov

Bəzi hallarda kamera qadını xəbəri olmadan müşahidə edir və tamaşaçı qarşısında çılpaq səmimiyyəti ilə həqiqi, boyasız qəhrəman dayanır, ən əsası o, duyğulara toxunmağı bacarır.

Süjet daha çox qadından, onun pandemiya dönəmində dünyayla bağlayan televizordan və özünü gördüyü kompüter monitorundan ibarətdir.

Qəhrəman yorulub susanda, araya çökən sükutu məişətimizdəki vizual detallar – çıqqıldayan saat, masada gəzişən qarışqalar, mətbəx əşyaları və qısa natura mənzərələri doldurur. 

“Anamla dəqiqələr”, rejissor Sənan Səfərov

“Chaikhana” platforması ilə ortaq iş olan “Anamla dəqiqələr”i Sənan Səfərov iki həftəyə, sıfır büdcəylə, üstəlik, mobil telefonuyla çəkib:

“Pandemiya zamanı filmi “Aranfilm” in montaj otağında redaktə edirdim. Bu müddətdə film və anamın arasında yol gedirdim. İlkin versiya 7 dəqiqə idi, rejissor Mətləb Muxtarovun məsləhətindən sonra hekayəni genişləndirdim”.

“Anamla dəqiqələr” 11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalında münsiflər heyətinin diplomuna və SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalının “Ən yaxşı film” mükafatına layiq görülüb.

“Anamla dəqiqələr”, rejissor Sənan Səfərov

Sənan Səfərov  “Bir zamanlar…” qısametrajlı silsiləsinin də müəllifidir. Silsilə Bakıda, müxtəlif bölgələrdə çəklilib və hər biri fərqli ovqatı əks etdirən həyat mənzərələrinin estetik, poetik təsviridir.

Nurlan Həsənli və Toğrul Musanın “Bir ata haqqında” sənədli filmi pandemiya dönəmində alışqan olduğumuz, vətəndaşların evlərdə qalma zərurətini elan edən polis xəbərdarlığıyla başlayır.

Ənənəvi narrativə əsaslanan süjetdə də qəhrəman ətraf mühitlə əlaqəsini televizor, mobil telefon vasitəsilə qurur. Ailənin digər üzvləri yeni reallığa heç cür alışa bilməyən atanın narahatlığı fonunda göstərilir. O, qızının rusca öyrənməsinə yardım edir, mətbəxdə yemək bişirir. Yalnız bir səhnədə peşəcə musiqiçi olan atanın hazırkı həyatı monitordakı təsvirlərlə (ata, toyda gitaradakı ifasını izləyir) növbələşir. Sənan Səfərovun filmi daha çox ananı xarakter olaraq tanıtmaqdırsa, bu film yeni şəraitə uyğunlaşmaqda çətinlik çəkən atanın yaxın keçmişə, nə vaxtsa azad olan həyata xiffətini ifadə edir.

“Bir ata haqqında”, rejissorlar Nurlan Həsənli və Toğrul Musa

Burada əsas ideya atanın simasında, pandemiya gerçəkliyinə insanların reaksiyasını, necə yaşamasını, qapalı rejimə münasibətini ümumiləşdirməkdir. Başqa cür desək, ata pandemiya dönəmi insanının ümumi obrazıdır.

Düşünürəm ki, əhvalatda ideyanı vizual, dramaturji baxımdan genişləndirmək üçün daha çox material vardı, üstəlik, atanın maraqlı fakturası, obrazı buna imkan verirdi. Misalçün, atanın eyvanda yemlədiyi göyərçinləri seyrində azadlığa xiffət konteksti dərinləşə, boş küçə və yalqız görünən binalar isə ekzistensial anlam qazana bilərdi. Atanın da ruhi vəziyyəti bunu diktə edirdi.

Yaxud ata iş dalınca evdən çıxaraq avtomobilinə oturur və kamera artıq yeni məkanda onu izləmir. Kameranı “həbsxanadan” çıxa bilməyən obraz qismində nələrləsə dolğunlaşdırmaq olardı.

“Bir ata haqqında”, rejissorlar Nurlan Həsənli və Toğrul Musa

Finalda ata dəhlizdə yaxşı işləməyən, yanıb-sönən işığı düzəltməyə cəhd göstərir və cəhdi alınmır. Pandemiya dövrünün əhvalına uyğun pessimist, qeyri-müəyyən ovqatla bitən filmdə quruluş verilmiş səhnələr əhvalatı tamamlayır.   

Qısa müddətə çəkilən “Bir ata haqqında” 11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya