78-ci Kann festivalının ilk günü

Kann Beynəlxalq Kinofestivalı kino ilə maraqlanmağa başladığım ilk andan etibarən əlçatmaz, xəyali bir yer kimi təsəvvürümdə canlanırdı. Bu festivala görə şəhəri də nəhəng, ucsuz-bucaqsız bir yer kimi düşünürdüm. Dünya kinosevərlərinin hər il iki həftə özünə bağlayan və başqa heç bir mövzudan danışmağa imkan verməyən tədbirin keçirildiyi yer necə balaca, Bakının bir mikrorayonu boyda yer ola bilərdi? Demək, əsas məsələ kəmiyyətdə yox, keyfiyyətdə imiş və bu festival həmin bayrağı artıq 70 ildən çox daşımağı bacarır.
Festival, qonaqlarının qayğısına ilk andan etibarən qalır. Festival üçün akkreditasiya olunmuş mətbuat nümayəndələrinə xüsusi məktublar verir ki, jurnalistlər Nitsadan Kanna heç bir ödəniş etmədən səyahət edə bilsinlər. Hələ hotelə yerləşməmiş film izləmək arzusunda olanlar üçün də xüsusi saxlanc yerləri ayrılıb. Çamadanlarını gətirib təhvil verirsən və filmi rahat izləyirsən. İşin bitəndən sonra isə gedib təhvil alırsan. Festivalın keçirildiyi konqres mərkəzində də müxtəlif üstünlüklər media üçün yaradılıb. Mediaya isti və sərinləşdirici içkilər verilən terras var ki, nümayişlər arasındakı fasilədə vaxt tapıb təmiz hava almaq istəyəndə müraciət edə bilərsən.
Müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də çoxdur. Bu mənfilər daha çox, festivalın uğurunun gətirdiyi dezavantajlardır. Hətta biletin olsa belə, sıraya girib içəriyə daxil olmaq üçün gözləməlisən. Bəzən bu gözləmə 15 dəqiqəyə çata bilir ki, günəşin altında durmaq üçün kifayət qədər uzun vaxtdır. Hələ festivalın dillər əzbəri olan “bilet rezervasiyası”nı demirəm. Kann Film Festivalında heç bir film üçün ödəniş etmirsən. Sadəcə, istədiyin seansa yer tapıb rezervasiya etməyin kifayətdir. Tələbat o qədər çoxdur ki, ən yaxşı ehtimalda gündəlik iki arzuladığın film üçün seçim edə bilirsən. Digər seçimləri isə yerdə qalanlar arasından edirsən və bir növ özün də istəmədən, bəlkə də heç vaxt izləməyəcəyin filmləri və rejissorları kəşf edə bilirsən.

Konqres mərkəzinin içində gəzişərək ərazinin xəritəsini müəyyənləşdirməyə çalışıram. Müxtəlif ölkələrin pavilyonları olan ərazidə siyahıya baxıram, Azərbaycan yoxdur, təəssüf ki… İlk nümayiş üçün tələsirəm. Çarli Çaplinin “Qızıl hərisliyi” filminin 100 illiyi münasibətilə bərpa edilmiş versiyasını izləyəcəyəm. 1068 tamaşaçı tutumuna malik zalda iynə atsan yerə düşmür. Sanki Çaplin, dövrümüzün ən böyük, yaşayan rejissorudur və bu onun ilk dəfə nümayiş edilən, gözlənilən olan filmidir. Yaşlı bir kişi yanıma əyləşir, mən isə saata baxıram ki, tezliklə nümayiş başlasın.

Yaşlı kişi mənə müraciət edib deyir ki, sənə bir iş tapşırıram. Əvvəlcə anlamıram, sonra isə sözünə davam edir: Film bitəndə yadıma sal, jaketimi burada unutmayım. Söhbətləşməyə başlayırıq. Harlan Yakobson adlı qocaman amerikalı kinotənqidçi olduğunu öyrənirəm. 30 ildən çoxdur Kanna gəlir. Haradan olduğumu soruşur, Azərbaycan deyirəm, tanımır. Ardınca Bakı deyirəm və sanki çoxdan tanıdığı bir şəxsin adını eşidirmiş kimi sevinir. Uzun müddətdir Bakıya gəlməyi arzuladığını deyir. Səbəbini soruşuram, Qurban Səidin “Əli və Nino” romanını oxuduğunu, hətta ondan sonra Məhəmməd Əsəd bəyin “Şərqdə neft və qan” əsərini də oxuduğunu, başqa insanlara da tövsiyə etdiyini deyir. Ona Bakıya gələrsə, şəhəri gəzdirməyə hazır olduğumu deyirəm. O da öz növbəsində Nyu-Yorkda eynisini etməyə hazır olduğundan, Nyu-Yorkda post-sovet ölkələrindən olan immiqrantların yaşadığı bölgədən söhbət açır.
Filmdən əvvəl festivalın rəhbərlərindən olan Tyerri Fremo çıxış edir və Çarli Çaplinin nəvələrini səhnəyə dəvət edir. Onlar da babalarına verilən dəyərdən mütəəssir olduqlarını bildirir və təşəkkür edirlər. Fremo isə auditoriyadan soruşur: Bu filmi daha əvvəl izləməyənlər varmı? Xeyli sayda insan əlini qaldırır, əksəriyyəti gənclərdir. Həm təəccüblü, həm də maraqlı situasiyadır. Görəsən, 100 il sonra Çaplin gənclərin qarşısından üzüağ çıxa biləcəkmi?
“Qızıl hərisliyi” Çaplinin humanizminin zirvələrindən biridir. O, insanları qızıla həris olduğu üçün qınamır, bu acgözlüyün təbiətimizin bir hissəsi olduğunu çatdırır. Vacib məqamlarda auditoriya uyğun reaksiya verir. Gülür, diqqət kəsilir, səssizləşir və yenidən gülür. Film bitəndə isə gurultulu alqışlar qopur. Aydındır ki, Çaplin 100 il ötsə də, hələ də aktualdır. İşıqlar yanır. Mən Harlana jaketini unutmamağını deyirəm. Gözlərinin altında toplanan damcılar ağladığından xəbər verir. Onunla sağollaşırıq, ancaq, sözləşirik və ümid edirik ki, yenə foyedə ya hansısa nümayişdə qarşılaşarıq. İlk gündən yetərli təəssüratla ayrılıram. İndi dincəlmək və festivalın yarışma bölmələrində olan filmləri izləmək vaxtıdır. Kim bilir, bəlkə də aralarında Çaplin qədər 100 il olmasa da, ən az 50 il yaşayacaq filmə rast gəldim.
Hacı Səfərov