76-cı ilin Berlin festivalının yekunları haqda

12-22 fevral tarixlərində keçirilən 76-cı Berlin Film Festivalında qısamüddətli olsa da, iştirak etmək fürsətim oldu. Festivalın qalibləri açıqlananda izləmək fürsəti tapdığım iki – İlker Çatakın “Sarı zərflər” və Emin Alperin “Qurtuluş” – filmin əsas mükafatları qazandığını görüb sevindim. Ən azından, festivalda izləmək fürsəti tapdığım filmlər növbəti aylarda kino dünyasını məşğul edəcək, Kann Film Festivalında yeni və maraqlı filmlər göstərilənə qədər. Adını çəkdiyim iki filmin haqqında fikirlərimi bölüşməmişdən əvvəl festival ətrafında baş verən qalmaqallardan söz açmasam olmaz. Çünki qələbə qazanan filmlərin məhz bu “fırtına”nın nəticəsi olduğuna dair şübhəm yoxdur.
Festivalın ilk günündə baş tutan jüri mətbuat konfransında bir jurnalistin Vim Vendersə siyasət barədə sual verməsi və alman rejissorun “kinematoqrafçılar siyasətdən kənar durmalıdır” deməsi, əsas fokuslanmalı olduğu məqamın incəsənət olduğunu vurğulaması, onsuz da festival ətrafında kifayət qədər olan söz-söhbəti daha da alovlandırdı. Məlumat üçün bildirim ki, bəzi rejissorlar və birliklər, sözügedən festivalı boykot etməyə çağırmışdılar. Bunun əsas səbəbi, Almaniyanın İsraillə olan yaxın əlaqələri, festivalın da həmin siyasi xətti davam etdirməsi idi. Vim Vendersin açıqlamasından sonra hindistanlı yazıçı Arundhati Roy festivalda iştirak etdiyini bildirdi. O, yenicə bərpa edilmiş, ssenari müəllifi olduğu “In Which Annie Gives It Those Ones” (1989) (“Enninin bədbəxtlikləri”) filminin nümayişi üçün Berlinə gəlməyi planlaşdırırdı. Ardınca müxtəlif açıqlamalar gəldi, əsas yarışmada “Qurtuluş”u göstərilən Emin Alper filminin premyerası zaman “Dünyada filmimdəki kimi müxtəlif qətliamlar tarix boyu yaşanıb. Eynisi indi Qəzzada İsrail tərəfindən davam etdirilir” deyə bildirdi. Ardınca festivala iki ildir rəhbərlik edən Trisia Tatl açıq məktubla ictimaiyyətə müraciət etdi. Məktubda insanların yaşadığı qəzəbi və məyusluğu anladıqlarını, buna baxmayaraq Berlin Film Festivalı barədə dezinformasiyanın və haqsız ittihamların səsləndiyini bildirdi. Bütün bu hiddət, qəzəb dolu çağırışlar filmlərin qabağına keçdi və daha çox müzakirəyə filmlər yox, məhz bu siyasi-ictimai məqamlar oldu. Bu yazının girişini də məhz bu mövzuya ayırmağım həmin o atmosferi aydın çatdırmaq üçündür. Maraqlı məqam budur ki, həm “Sarı zərflər”, həm də “Qurtuluş” filmi festivalda nümayiş olunan ən siyasi filmlər idi. Vim Venders bu yolla öz günahını yumağa çalışırdı, yoxsa festivalın məhv olmağa doğru gedən nüfuzunu hansısa formada xilas etməyə çalışırdı? Bunu deyə bilmirəm. Nəticəni zaman göstərəcək.

“Qurtuluş” filmi Türkiyənin ucqarlarında keçən qan davası hekayəsidir. Hazeran tayfası Türkiyədə dövlət tərəfindən dəstəklənən, “qoruculuq” edən paramilitar bir tayfadır. Qorucular Türkiyədə dövlət tərəfindən terroristlərə qarşı mübarizə aparsın deyə, silahlandırılan kənd əhalisidir. Hazeran tayfası uzun illər şəhid verərək, terroristlərə qarşı mübarizə apararaq özü üçün torpaqlar qazanıb, şərait qurmağı bacarıb. Bu qazandıqları torpaqlar Bezari tayfasının qoyub getdikləri ərazilərdir. Ancaq terrorun sona çatması ilə Bezari tayfası geri qayıdır və Hazeranlardan öz torpaqlarını geri istəyir.
Emin Alper bu filmində bəzən didaktik formada Qəzza-İsrail hadisələrinin metaforunu yaratmağa çalışsa da, geri qalan məqamlarda insan təbiətinin qaranlıq tərəflərini ustalıqla göstərməyi bacarır. Xüsusilə insanları bir-birinə düşmən edən səbəbləri, nifrət toxumlarının gizlincə kollektiv yaddaşda özünə yer tapmasını maraqlı yollarla təsvir edir. Burada tayfanın dədə-babadan qalan hekayələrini mənimsəyib mütləq həqiqət kimi qəbul etməsi ironik formada deyil, həqiqətin özü kimi çatdırılır. Yaxın Şərqdə baş verən bəlaların məhz ənənə tərəfindən formalaşdırıldığı, nəsildən-nəsilə ötürülərək davam etdirildiyini və sülh istəyənlərin də tayfadan uzaqlaşdırıldığı bir dünyanı görürük. Bu ciddi sosial-ictimai müşahidə isə insani olanla birləşdirilir – insanın ən yaxınına belə şübhə ilə yanaşması, həqiqətin nə olub-olmadığını ayırd edə bilməməsi, yad təsirlər altına düşməsi və qurtuluş adı ilə qaranlıq tərəfə keçməsi işlənən mövzulardır.
Emin Alper dini inancları olan tayfaların davranışlarını yad bir gözlə – orientalist baxışla çatdırmır. Bu cür orientalist baxışda kinayə nəzərə çarpır, ancaq rejissor öz insanının, xalqının hekayəsini amansızlıqla çatdırmağa cəhd edir. Bunu etmək üçün yuxu, yuxunun müxtəlif formalarda təzahürü bir alətə çevrilir. Vəhylər yuxu vasitəsilə ötürülür, bütün kənd eyni yuxunu görməyə başlayır. Burada reallıq tez-tez yerini qarabasmaya, narahatlığa verir və həqiqətin nə olduğu qaranlıqda qalır. Rejissor gözlənilən bir soyqırımın anatomiyasını yaratmağa cəhd edir və Türkiyəyə xas magik-realizm elementləri ilə hekayəni diri tutur. “Qurtuluş” triller janrının yuxularla, zikrlərlə, öncəgörmələrlə dolu nümunəsinə çevrilir.

Caner Cindoruk ailənin kənara atılmış övladı olan “Mesut” obrazını şübhə, qorxu və tərəddüd ilə canlandırmağı bacarır. Berkay Ateşin “Yılmaz”ı isə ustalıqla yaradılmış hiyləgər obrazıdır. Kristian Verbekin musiqisi mistik atmosferi qurur və filmin hekayəsinin tempinin aşağı düşdüyü anlarda növbəti səhnələrə keçid üçün vacib körpü rolunu oynayır. Barış Aygen ilə Ahmet Sesigürgilin ortaq kamera işi xüsusilə gecə səhnələrində diqqət çəkməyi bacarır. Qapalı məkanlarda statik, çöl məkanlarında isə dinamik kamera ilə düzgün həllər tapılır.
Ümumilikdə, Emin Alper bir çox filmində Türkiyənin sosioloji vəziyyəti ilə birgə, dəyərlərini, insanların həyat tərzini, inanclarını danışarkən həm realistik tonda qalmağı bacarır, həm də daha çox şey haqda olan bir metafor yaratmağa cəhd edir. “Qurtuluş” təkcə Türkiyənin deyil, həm də dünyanın mövcud vəziyyəti ilə bağlı müəyyən fikirlər ortaya atan, tamaşaçını sorğu-sual etməyə dəvət edən bir işdir.
İlker Çatak əvvəlki filmi “Müəllimlər otağı” ilə xeyli diqqət çəkməyi bacarmış, hətta Almaniyanın Oskar namizədi olaraq seçilmişdi. Yeni filmi “Sarı zərflər” də bu səbəbdən Almaniya fondlarının bir çoxundan dəstək almağı bacarıb. Hərçənd filmin Almaniya ilə birbaşa heç bir əlaqəsi yoxdur. Sadəcə rejissor, Berlini Ankara, Hamburqu İstanbul kimi təqdim edir və tamaşaçını da bu hipotetik situasiyanı qəbul etməyə dəvət edir.
Baş rollarda Özgü Namal və Tansu Biçerin oynadığı filmdə yaradıcı bir ailənin içindən keçdiyi qatma-qarışıq bir dövr göstərilir. Derya (Özgü Namal) dövlət teatrında baş rolda oynayan aktrisadır, Aziz (Tansu Biçer) Deryanın oynadığı pyesin müəllifidir, həm də universitetdə dramaturgiya dərsi keçir. Uğurlu premyeranın ardından Ankara Valisi Derya ilə foto çəkdirmək istəsə də, aktrisanın laqeydliyi ailənin qarşılaşacağı problemlərin başlanğıcı olur. Tezliklə Derya teatrdan istefa verir, Aziz işdən çıxarılır və ailə, içində olduqları yeni sistemin qaydaları ilə oynamağa məcbur qalır, öz kimliklərini yenidən qurmalı olurlar.
“Sarı zərflər” iddialı başlanğıc etsə də, bunu sona qədər davam etdirə bilmir. Ailəyə bütün bəd xəbərlər bu kimdən gəldiyi məlum olmayan, amma yuxarılardan olduğu aydın olan sarı zərflərlə baş verir.
İlker Çatak Türkiyənin içindən keçdiyi siyasi vəziyyəti ekranlaşdırmağa çalışır. İnsanların bir gün içində çox şeylərini itirməsi, müxtəlif səbəblərlə məhkəmələrə ayaq döyməkləri, yaradıcı insanların müxalif fikir və düşüncəyə görə təqib, eyni zamanda, təcrid olunması filmin ələ almağa çalışdığı mövzulardır. “Çalışdığı” yazıram, çünki rejissor bu mövzuların hamısına səthi, reportaj səviyyəsində yanaşır. Nə dövlət mexanizmlərinə, nə kapitalizmə, nə də bu şəraiti yaradan səbəblərə dərindən bir baxış gətirə bilmir. Sadəcə gündəmdə olan bütün mövzuları iç-içə keçirib bədii formada işlənmiş xəbərlər verilişinə çevirməyi bacarır.
Üstəlik, bunu edərkən baş qəhrəman Derya və Azizin problemləri də yetəri qədər psixoloji nüanslar ehtiva etmir. Hər nə qədər Özgü Namal və Tansu Biçer rollarının öhdəsindən uğurla gəlsələr də, onların obrazlarının portretləri inandırıcılıqdan uzaq qalır. “Müəllimlər otağı”nda İlker Çatak yaşadığı mühiti, gördüyü və şahid olduğu sistematik rasizmi incə xətlərlə göstərirdisə, “Sarı zərflər”də daha çox, eşitdiyini, ancaq öz təcrübəsində yaşamadığı bir hadisəni təsvir etmək təəssüratı yaradır. Elə buna görə də, nə Hamburq İstanbulu əvəz edə bilir, nə də Berlin Ankaranı. Hər daş öz yerində ağırdır.
Hər nə qədər Berlində çox vaxt keçirmək imkanı tapmasam da, izlədiyim filmlərdən, müzakirələrdən və atmosferdən gəldiyim qənaət budur ki, bir vaxtlar böyük rejissorların ilk çıxış nöqtəsi olan Berlin Film Festivalı qan itirməyə davam edir. Festivalda iştirak etməyən siravi bir tamaşaçı bu festivaldan çıxmış çox az filmlə ilboyu ünsiyyətdə olur. Burada nümayiş olunan filmlər istər incəsənət baxımından, istərsə də kommersiya baxımından Kann və Venesiya film festivallarından xeyli geri qalır. Böyük maliyyə resurları ilə təmin olunan festivalın bir anda dünya arenasından yox olması mümkünsüzdür, lakin kinoya dair yeni fikirlərə, yeni baxışlara yer vermədikcə, 14 il əvvəl “Ərəb baharı”na fokuslanıb, sonra “biz siyasətə qarışmırıq” dedikcə və özlərinə gələn tənqidləri düzgün analiz edib nəticə çıxarmadıqca, festivalın gələcəyi şübhə altındadır.
Son olaraq bunu qeyd edim ki, Berlin Film Festivalı uzun illərdir Azərbaycan istehsalı olan filmlərə qapılarını bağlayıb. Bu qərarın arxasında hansı səbəbin yatdığı mənim üçün çox maraqlıdır. Ən azından məsələnin təkcə bədii-estetik tərəf olmadığı aşkardır.
Hacı Səfərov