Now Reading
60 ilin Kinematoqrafçılar İttifaqı

60 ilin Kinematoqrafçılar İttifaqı

2023-cü il Azərbaycan kinosu üçün yubileylər baxımından əlamətdardır: milli kinomuzun 125, “Azərbaycanfilm” Kinostudiyasının 100, Azərbaycan Kinematoqrafçılar İttifaqının isə 60 yaşı tamamlanır. Və qarşıdan, avqustun 2-si Milli Kino Gününün gəldiyini nəzərə alaraq, bu kontekstdə bəzi vacib məsələlərlə bağlı fikirlərimi bölüşmək istəyirəm.

Ara-sıra mediada, sosial şəbəkələrdə yaradıcı ittifaqların cəmiyyətə faydasızlığı, sözügedən qurumların qapadılması haqda polemikalar gedir. Səslənən fikirlərdə müəyyən haqlı məqamlar var. Yaradıcı ittifaqların bəzilərinin passivliyini, fəaliyyət göstərdiyi sahədə proseslərə təsir imkanlarının minimum səviyyədə baş verdiyini nəzərdə tuturam. Lakin yaradıcı ittifaq işlək mexanizmə malikdirsə, proseslərə çevik reaksiya verirsə, xüsusən, ictimai nəzarəti həyata keçirirsə, onun mövcudluğu zəruridir.

İctimai nəzarətdən söz düşmüşkən, prezident İlham Əliyev, çıxışlarında dəfələrlə güclü ictimai nəzarətin vacibliyini vurğulayıb. Dövlət başçısının ayrı-ayrı çıxışlarında mövzu ilə bağlı dediyi fikirləri bir daha xatırladım: “Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq.

…Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri – onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq”.

İctimai nəzarətin düzgün qurulması və fəallığı məmurların qanunlara əməl etməsini, şəffaflığı və hesabatlılığı təmin edir, məsuliyyəti artırır, həllini tapmayan problemləri aktuallaşdırır.

1963-cü ildə rejissor Lətif Səfərovun qurucusu olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) o vaxt belə bir zərurətdən yaranmışdı. 1952-ci ildə Moskvada keçirilən kino işçilərinin ümumittifaq müşavirəsində Azərbaycanı təmsil edən nümayəndələrdən biri, Lətif Səfərov kinodakı problemlərdən cəsarətlə danışır: “Mən əyalətdənəm, bu əyalət Bakı kinostudiyasıdır. Mən əyalət adından çıxış edirəm. Əyalətdə işləyən adamlar unudulurlar, əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlükdə həyata keçirə bilmirlər. Onlar artıq inanmırlar ki, nə vaxtsa mərkəzi studiyalarda olan səviyyədəki texnika ilə film çəkə biləcəklər. Axı eyni vaxtda tələbəlik sevincini yaşamışıq, eyni partalarda yanaşı oturmuşuq. Bütün bunlara baxmayaraq bəzilərimizin hər şeyi var, çoxlarımızın isə heç bir şeyi yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləngər vuran ştativlər üzündən epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək, onların gözünün içinə necə baxaq? Bizim, nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni şərait nə vaxt olacaq, nə vaxt?”

Lətif Səfərovun və digər respublikalardan olan kinematoqrafçıların çıxışları sayəsində SSRİ Nazirlər Sovetinin qərarı ilə Kinematoqrafçılar İttifaqlarının yaradılması məsələsi reallaşır. O vaxtdan etibarən AKİ həmişə kinonun problemlərini gündəmdə saxlayıb, yaradıcı insanların haqlarını qoruyub, milli kinonun inkişafı və təbliği yönündə işlər görüb.

2020-ci ildə qurum, kinoda yaranmış vəziyyətlə bağlı sərt bəyanat qəbul etmişdi. Həmin bəyanatda böhranlı vəziyyətin əsas səbəbi kimi Mədəniyyət Nazirliyinin kadr siyasəti, kinoya məsul şəxslərin qeyri-peşəkarlığı göstərilmişdi. Məmurların özəl kino şirkətlərinin inkişafına diqqət ayırmaması, birgə istehsalın dəstəklənməməsi, “Eurimages” Fonduna üzvlüyün həyata keçirilməməsi, milli və xarici kinematoqrafçıların yaradıcı əlaqələrinin yaranmasında rolu olan nüfuzlu “Şərq-Qərb”, Audiovizual festivallarının fəaliyyətinin dayandırılmasını, kinomuzun inkişafında mühüm rol oynayan kino mətbuatının formalaşmasına lazımi əhəmiyyət verilməməsini qeyd edmiş və zəruri təkliflər irəli sürmüşdü.

Bəyanatın, kino ictimaiyyətinin etirazı nazirliyin kinoya məsul məmurları dəyişdirilməsində rol oyandı. 2020-ci ildə həm Mədəniyyət Nazirliyinin rəhbərliyinə, həm kino şöbəsinə yeni kadrlar təyin olundu. Təəssüf ki, kino şöbəsinə (hazırda Audiovizual və interaktiv media şöbəsi) gənc nəslin gətirilməsi vəziyyəti yenə dəyişmədi. Hətta iş o yerə çatdı ki, kinoproses ölü nöqtəyə dirəndi, ötən il bir tammetrajlı bədii film çəkilmədi, Türkiyə ilə istehsalı birgə nəzərdə tutulmuş Qarabağ haqda seriala vəsait ayrılsa da, taleyi naməlum qaldı, “Azərbaycanfilm” kinostudiyası iflic duruma salındı. Maliyyə nazirinin dəfələrlə vurğuladığı “kino çəkilişinə vəsait ayrılıb” fikri kino məmurlarının səhlənkarlığı səbəbindən həllini tapmadı. Anar Kərimovun nazir olduğu dönəmdə AKİ yuxarıda sadalanan problemləri səsləndirərək kinoprosesi canlı saxlamağa, onu ölü nöqtədən tərpətmək üçün davamlı layihələr həyata keçirdi. Hesablama Palatasının ötən il kino sektorunda pozuntularla bağlı hesabatına da münasibətini ilk bildirən AKİ oldu.

Bu ilin aprelində AKİ sədri, Xalq artisti Rasim Balayevin Kino Forumundakı çıxışında tənqidi rakurs və təkliflər medianın xüsusi diqqətində oldu. Rasim Balayev, çıxışında çətin günlərini yaşayan “Azərbaycanfilm”in, ideoloji əhəmiyyət kəsb edən animasiya, uşaq, debüt filmlərinin dövlət dotasiyasında saxlanılması, kinozalların artırılması üçün sahibkarların bu sahəyə investisiya qoyulmasına şərait yaradılması, dərsliklərin nəşri, təkmilləşdirici kursların təşkili, vergi güzəştlərinin tətbiqi, bir sıra nazirliklərlə birgə işçi qrupunun yaradılması, Kino Agentliyinin rəhbərliyində karyeristlərin yox, kinomuzu sevən insanların işləməsi kimi vacib məsələlərdən danışdı.

AKİ peşəkarların iştirakilə silsilə müzakirələrində, nazirliyin özünü hermetik çərçivəyə salmış kino şöbəsini problemlərin həllinə və əməkdaşlığa çağırıb. Müzakirələrdə serial sektorunun, kommersiya və müəllif kinosunun, operatorların, kino rəssamlarının, ssenaristlərin yaradıcı, texniki problemləri qabardılıb, bu sahələrdəki boşluqlar vurğulanıb. “Qadın.Müharibə.Kino” mövzusunun kinoda necə işıqlandırılması peşəkarlarla yanaşı, Qarabağ müharibəsi iştirakçısı olmuş qadınlarla birgə araşdırılıb, ədəbiyyatla kino arasında sarsılmış əlaqələrin bərpasını gündəmə gətirib.

Qarabağ müharibəsi həqiqətlərinin kinoda təsviri və dünyada təbliği məqsədilə “Qarabağ.İnsan.Qələbə” tammetrajlı ssenari müsabiqəsi keçirilib və müsabiqədə qalib gəlmiş Çingiz Rəzulzadənin “Alagöz” ssenarisi Avropanın müxtəlif kino platformalarında prodüserlərin, marağına səbəb olmuş, həmçinin, Nuri Bilge Ceylanın prodüseri Zeynəb Atakan bu layihədə birgə əməşkdaşlıq etmək istədiyini bildirmişdi.

“Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsini keçirməsində isə məqsəd, müasir Azərbaycan qadınının obrazını dolğunluğu ilə tamaşaçıya çatdıran ssenarilərin çoxalması, qadın müəlliflərinin aktivliyinin artmasıydı. Yeni adları üzə çıxarmaq, xarici kinematoqrafçılarla əlaqəni möhkəmləndirmək məqsədilə beynəlxalq festivalları dəstəkləyən AKİ, DokuBaku Beynəlxalq Sənədli, ANİMAFİLM Beynəlxalq Animasiya və Sevil Beynəlxalq Qadın Sənədli Filmləri Festivallarının tərəfdaşı, təşkilati və maliyyə dəstəkçisidir.

Ssenari və rejissor işinin təməl qaydaları, “ideyanı ssenariyə necə çevirməli?” kimi sualları əhatə edən “Qəlbdən qələmə”, ASAN Könüllüləri” təşkilatı ilə birgə “Gənc Kinematoqrafçılar” adlı təlim proqramlarını, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi ilə bərabər “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihələrini reallaşdırıb.

Film istehsalı AKİ-in birbaşa öhdəliyi olmasa da, yeni nəsil kinematoqrafçıların formalaşmasına yardım məqsədilə (Ülviyyə Əhmədovanın “Yad adam”, Ruslan Mollayevin “İmtahan” qısametrajlı bədii filmi, Amil Amalın “Vulkan üzərindəki ev”, Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” sənədli və digərləri) onların film layihələrinə kiçik maliyyələr ayırıb. Və qurumun Kino Məktəbinin yetirmələri Elnur Paşanın “Quyu”, Azər Allahverdiyevin “Üç yol” filmləri 11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri olub.

Kinoşünas və kinotənqidçilərimizin beynəlxalq tədbirlərdə iştirakını kinomuzun dünya kinosuna inteqrasiyası üçün vacib məqamlardan hesab edən AKİ-nin “NETPAC” film (Asiya Kinosunun İnkişaf Şəbəkəsi) təşkilatı ilə əməkdaşlığı çərçivəsində kinotənqidçi Aygün Aslanlı bu il 24-cü Joenju Beynəlxalq Film Festivalında (Cənubi Koreya) NETPAC jüri heyətinin sədri seçilib. Digər kinotənqidçi Hacı Səfərov qurumun maliyyə dəstəyilə Avropanın kinematoqrafiya haqqında ən böyük mətbu orqanlarından olan Cineuropa tərəfindən təşkil olunan, kinotənqidçilərin bacarıqlarını inkişaf etdirən “GoCritic!” Proqramına qatılıb.

Təəssüf ki, yerinə yetirilməyən Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair proqramında əsas hədəflərdən biri kino tənqidinin inkişaf etdirilməsiydi. İttifaqın resurslarında peşəkarlar üçün nəzərdə tutulan “kinoyazar.az” saytı (kinomuzun təbliği məqsədilə saytın ingilisdilli versiyası da hazırlanıb) yaradılıb. “Azernyumedia” şirkəti və “Film aç” layihəsi ilə kinomuzun təbliğinə yönəlmiş əhəmiyyətli kontentlər istehsal edir, ölkədə yeganə akademik analitik kino jurnalı “Fokus”a Mədəniyyət Nazirliyi ilə birgə təşkilati və maliyyə dəstəyi verib.

Kino dərsliyi və ümumiyyətlə bu sahədəki nəşr boşluğunu doldurmaq məqsədilə ittifaq, Azərbaycan dilində Andrey Tarkovskinin “Həkk olunmuş zaman”, həmçinin, sənətşünas və ssenarist Nadir Bədəlovun “Kino gözlə söz arasında”, Nəriman Əbdülrəhmanlının dördcildlik “Azərbaycan kino sənəti tarixi”, “Həsən Seyidbəyli: Şəxsiyyət və yaradıcı”, operator Rafiq Quliyevin uzun illərin təcrübəsindən bəhrələnərək yazdığı “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar”, kinoaraşdımaçıları üçün nəzərdə tutulmuş “Rakurs” rüblük informasiya bülletenləri nəşr olunub. Bu kitablar da daxil olmaqla, İnqmar Berqmanın “Sehirli fənər”, Robert Makkinin ssenarinin əsaslarından bəhs edən “Hekayə” nəşrləri tələbələrə, kinematoqrafçılara pulsuz paylanıb.

Rejissorların, xüsusən, gənc kinematoqrafçıların filmlərini geniş auditoriyaya tanıtmaq, onları dəstəkləmək məqsədilə, AKİ onların ekran işlərinin müntəzəm nümayişlərini keçirir. Moderator olduğum bu nümayişlərdə yaradıcı müzakirələrdən başqa, dəfələrlə kinonun problemləri qaldırılıb, gənc rejissorlar qarşılaşdıqları çətinlikləri səsləndirib, məmurların iş prinsipləri tənqid olunub.  Eyni zamanda İsveç, Fransa səfirlikləri ilə əməkdaşlıq çərçivəsində dünya klassiklərindən İnqmar Berqmanın, Jan Viqonun və digər rejissorların filmləri orijinal versiyada, Azərbaycan subtitrləri ilə nümayiş olunub. Və hər il Milli Kino Günündə öz dəst-xətiylə seçilən, beynəlxalq festivallarda filmləri nümayiş olunan kinematoqrafçılara (Hilal Baydarov, Teymur Hacıyev, Emil Quliyev, İlkin Yusif və digərləri) pul mükafatları təqdim edilib.

…Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi artıq, kino ilə bağlı müəyyən addımlar atır, əvvəlki rəhbərliklərdən fərqli olaraq, media ilə sağlam münasibətlər qurur. Amma bütün hallarda məmurların fəaliyyətini saf-çürük edən, ictimai nəzarəti həyata keçirən qurumların mövcudluğu vacibdir.

Sevda Sultanova

Məqalə “525-ci qəzet”də dərc olunub

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top