İNDİ OXUYUR
32407 nömrəli məhbus

32407 nömrəli məhbus

“O, Laleyə nə məhbus kimi, nə də dustaq kimi baxırdı. O, ona canlı bir insan kimi baxırdı. Lale də Gitaya qorxu, güc və incəlik dolu baxışlarla cavab verirdi.”

“Osvensimli döyməçi” romanı

Hezer Morris

Kinematoqrafiya tarixində İkinci Dünya müharibəsinə həsr olunmuş minlərlə filmlər çəkilib. Bu filmlərin hər biri yalnız müharibənin dəhşətlərini nümayiş etdirmir, həm də insanın həyata olan sarsılmaz sevgisini, müqavimət göstərmək qabiliyyətini və ən çətin şəraitdə belə iman və ümidə olan istəyini vurğulayır.

Bu filmlərin qəhrəmanları müharibənin vəhşi şəraiti ilə qarşılaşırlar, lakin onların sağqalma və insanlıqlarını qorumaq arzusu daha önə çəkilir. “Həyat gözəldir” filmində Qvido, konsentrasiya düşərgəsinin dəhşətlərini balaca oğlu üçün oyuna çevirərək onu yumor və təxəyyülü vasitəsilə qorumağa çalışır. “Şindlerin siyahısı” filmində Oskar Şindler, minlərlə yəhudini xilas etmək üçün öz həyatını riskə atır, nasist rejimində də mənəvi prinsiplərin qoruna biləcəyini göstərir. “Pianoçu” filmində Vladislav Şpilman, ailəsini və evini itirməsinə baxmayaraq, yenə də həyatda qalmağı seçir, musiqiyə olan sevgisi ona yaşamaq üçün güc verir. “Zolaqlı pijamalı oğlan” filmində iki günahsız uşaq arasında qurulan dostluq, nifrətlə dolu bir dünyada saflığın və insanlığın simvoluna çevrilir. “Saulun oğlu” filmində Saul Auslender ölüm düşərgəsinin dəhşətinə baxmayaraq, bir oğlan uşağını yəhudi adətinə uyğun dəfn etməyə çalışır, insan həyatına hörmət nümayiş etdirir. “Zoopark müdirinin arvadı” filmində Antonina Jabinskaya və əri Jan, evlərində yəhudiləri gizlədərək onların həyatını xilas etmək üçün öz həyatlarını riskə atır və fədakar sevgi, mərhəmət timsalı olurlar. Bu filmlərin siyahısına 2024-cü ildə avstraliyalı yazıçı Hezer Morrisin “Osvensimli döyməçi” romanı əsasında ekranlaşdırılmış eyniadlı tarixi dram janrındakı serialı əlavə etmək istərdim.

Lüdviq (Lale) Sokolov – yəhudi əsilli slovakiyalı idi, nasistlər tərəfindən Osvensim konslagerinə göndərilmişdi. Ona düşərgədə yeni məhbusların qollarına nömrə döymək vəzifəsi verilmişdi.

Bu şəxsiyyəti dünya daha yaxından Hezer Morris sayəsində tanıdı. O, “Osvensimli döyməçi” romanında Lalenin həyat hekayəsindən bəhs edib.


1942-ci ilin aprelində, 26 yaşlı Lale Sokolov nasistlərin Osvensim konslagerinə düşür.  Məhz bu andan etibarən Lalenin həyatda qalmaq uğrunda çətin və yorucu mübarizəsi başlayır – o, hər gün ölümün bir addımlığında olsa da, yaşamaq və insanlığını qorumaq üçün bütün gücü ilə mübarizə aparır.

Hezer Morrisin romanı Lale Sokolovla apardığı şəxsi söhbətlər əsasında ərsəyə gəlib. Maraqlıdır ki, Tali Şalom Ezer (serialın rejissoru) də altı seriyadan ibarət ekran işində bu məqamı xüsusi vurğulayır. O, tamaşaçıya etimad aşılamağı hədəfləyir, hadisələrin uydurulmuş bir hekayə olmadığını, əksinə, insan həyatında dərin iz buraxmış həqiqi bir təcrübə olduğunu önə çəkir.

Serialın baş qəhrəmanı Lale (Lüdviq) Sokolovun gəncliyini Cona Hauer-Kinq, qocalığını isə Harvi Keytel canlandırır. Lale təkcə insanlığa qarşı törədilən vəhşiliklərin şahidi olmur, həm də, inanılmaz cəsarət və mərhəmət nümunələri ilə qarşılaşır. Bir gün o, Gita adlı bir qızla tanış olur və onların arasında yaranan sevgi Laleni nasistlərin dəhşətlərindən qurtulmağa ruhlandırır.

Serialın süjeti yalnız Osvensim-Birkenau ölüm düşərgəsində baş verən qorxunc hadisələri deyil, həm də, Lale ilə Gita (Anna Pruhnyak) arasında yaranan heyrətamiz məhəbbət hekayəsini açır. Bu iki insan müharibənin dəhşətlərindən sağ çıxmağı bacarır, bir-birlərində dayaq, ümid və sevgi tapırlar. Serial həmçinin Laleni azadlıqdan sonrakı həyatında müşayiət edən daxili mübarizələri, qaranlıq keçmişlə üzləşməsini və işıqlı gələcəyə can atmasını da əks etdirir. Bu, insan ruhunun fövqəladə gücündən, ən dəhşətli şəraitdə belə yalnız sağ qalmaq yox, həm də cəhənnəmin içində sevgi və mərhəmət tapmaq bacarığından bəhs edən bir hekayədir.

Serialda ürəkaçan bir epizod var, burada Lale sevinclə və sanki sonuncu dəfə anası ilə söhbət edir. Bu epizod xüsusi bir istilik və işıqla doludur, onun ailəsinə olan dərin bağlılığını əks etdirir. Bu həssas epizod vasitəsilə biz onun anası ilə və ümumiyyətlə, ailəsi ilə olan əlaqəsinin nə qədər əhəmiyyətli olduğunu hiss edirik. Ailəsi ilə nahar zamanı qarşıda gözləyən çətinlikləri hiss etsə də, Lale öz şəriksiz sevgisini və bağlılığını yaxınlarına ötürərək həyatın mənasını xatırlayır.

Tali Şalom-Ezer bu serialda “baxışları” dərin təcrid və qorxu şəraitində ünsiyyətin əsas formasına çevirib. Bu, xüsusilə, Lalenin ilk dəfə Gitanın qoluna döymə vurduğu səhnədə aydın görünür. Sözün gücsüz və hətta ölümcül təhlükəli olduğu yerdə məhz baxışlar qəhrəmanların hiss və düşüncələrini ifadə edir. Tez-tez Lale və Gita təsadüfən düşərgə ərazisində qarşılaşarkən bir-birlərinə gözucu baxırlar – bu baxışlarda “Mən səni sevirəm”, “Mən səni gözləyirəm”, “Salamatsan?”, “Qayıdacaqsan?” sözləri səslənir. Bu şəraitdə hər hansı bir özbaşına söz ən yaxşı halda güllə ilə nəticələnə bilərdi — amma onların arasındakı bağın gücü bəzən qorxunu belə üstələyir. Səhnələrin birində Gita Laleni görəndə riskə gedir —  Laleni çağırmaq üçün fit çalır. Bu ona həyatı bahasına başa gələ bilərdi, amma o özünü saxlaya bilmir. Aşiqlərin, eləcə də bir çox digər dustaqların taleyi, insanların hissləri və həyatı üzərində hakimiyyətindən zövq alan nəzarətçi Baretskidən asılı idi.


Hər edamdan, ölümdən sonra kamera bir anlıq insanların (bir növ onların ruhlarının) üzərində fokuslanaraq, onları tamamilə hərəkətsiz, sözsüz və emosiyasız göstərir. Hans Zimmerin ürək dağlayan və kədərli musiqisi fonunda qəhrəmanlardan yalnız istismar olunan obrazlar qalır və sonra onların ruhları yox olur.

Bu fənd baş verən faciənin dramatizmini xarici vəhşiliklə deyil, daxili sükunətlə gücləndirir.

Filmdə paradoksal və tamaşaçını narahat edən bir obraz var: SS (Schutzstaffel/Mühafizə dəstəsi) zabiti Stefan Baretski (Yonas Nay) obrazı ən mürəkkəb və ziddiyyətli obrazlardan biridir. Ölüm düşərgəsinin zabiti özünəməxsus bir “satanist Erosu” rolunu oynayır. Belə bir qarşılaşdırma – sevgini təcəssüm etdirən Kupidon və İblis xisləti – dərin kontrast yaradır. Bu obraz düşərgə dünyasının mənəvi pozğunluğunu vurğulayır. Rejissor onun obrazını sadəcə bir cani kimi yox, daxili ziddiyyətlərlə dolu çoxqatlı bir fiqur kimi formalaşdırıb. Tədricən aydın olur ki, Baretski təkcə ölüm düşərgəsi sisteminin bir mexanizmi deyil. Onun kobudluğu və zahiri qəddarlığının arxasında bəlkə də daha dərin bir şey gizlənir — vəzifədə yararsız olması, mənəvi boşluq və ya sevə bilən və insanlığını qoruyub saxlayanlara qarşı paxıllığı.

Xüsusilə, onun Lale Sokolovla münasibəti maraq doğurur. Bütün hakimiyyətinə baxmayaraq, Baretski tez-tez Laleyə güzəştə gedir: ona müəyyən azadlıqlar verir, Gita ilə görüşməsinə imkan yaradır. Bir vəhşi üçün bu davranış qeyri-məntiqli görünə bilər, amma elə bu cəhət haradasa onu real insan kimi göstərir. Ola bilər ki, Lale onda həsəd hissi oyadır, çünki Lale hiss etməyi, sevməyi və ən ağır şəraitdə belə ləyaqətini qorumağı bacarır. Baretski isə zahiri gücünə baxmayaraq mənəvi şikəst təsiri bağışlayır. Onun qəddarlıq maskası bəzən titrəyir və tamaşaçı onda daxili qeyri-sabitlik və tərəddüdlər hiss edir.

Bəlkə də Lale onun üçün başqa, itirilmiş bir həyatın proyeksiyasıdır — elə bir həyat ki, orada o da insan ola bilərdi, amma bundan imtina edib. Lalenin Gita ilə görüşməsinə yardım etməsi yalnız mərhəmət aktı deyil, həm də özünün çatmadığı bir işığa yaxınlaşmaq cəhdidir. Bu, Baretskinin obrazını xüsusilə faciəvi edir: sanki o, yanlış yola düşdüyünü hiss edir, lakin geri dönməyə nə gücü, nə də iradəsi çatır. Məhz bu daxili ikililik onu sadəcə cani deyil, sözün əsl mənasında ziddiyyətli bir obraza çevirir. Səhnələrin birində o, Laledən qadın diqqətini, sevgisini qazanmaq üçün nə etmək lazım olduğunu soruşur. Nəticədə heç özünü “kişi” olaraq da doğrulda bilmir.


Rejissor, Stefan Baretski obrazının vizual təqdimatına xüsusilə dəqiqliklə yanaşır. Onun mimikası, hərəkətləri, danışıq tərzi — hamısı daxili ziddiyyəti əks etdirir. Avtomobil qəzası nəticəsində aktyorun üzündə yaranan çapıq, onun vəhşi obrazına daha çox “ədviyyat” əlavə edir, xarakterin qorxulu, qeyri-təbii və daxili ağrı təsirini gücləndirir. O, sadəcə hakimiyyətdən zövq alan biri deyil, sanki bu hakimiyyətdə möhkəmlənməyə, öz zəifliklərini bu yolla boğmağa çalışır. Kamera tez-tez onun üzünü iri planla göstərir: Bu, tamaşaçıya onun həm də canlı, müharibə nəticəsində daxilən bərk yaralanan, bu vəhşi siyasətin qurbanı olan bir insan olduğunu göstərmək üçündür. Baretski özü də bəzən bu tarixin bir hissəsi olduğuna heyrətlənir. Baretski döyüləndə Lale onu öz barakına gətirir. Bu vaxt onun duruşundakı sərtlik, gərginlik tamamilə yox olur, səsinə çarəsizlik tonları qarışır, hətta göz yaşlarını belə saxlaya bilmir.

Baretskinin obrazı tam mənada rəğbət doğurmur, amma maraq oyadır, çünki o, təbiət etibarilə cani deyil, Şər sisteminin bir hissəsinə çevrilmiş bir insandır. Onun qəddarlığı seçim, qorxu və güclülərə aid olmaq arzusunun nəticəsidir. Lakin rejissor tamaşaçıya bununla bağlı birmənalı cavab vermir: bunun əvəzinə o, Xeyir və Şər arasındakı sərhədin nə qədər mürəkkəb olduğunu göstərir. Mənəvi dəyərlərin yox olduğu düşərgə reallığında hətta SS zabiti də insanlığa bənzər hərəkətlər edə bilər. Bununla belə, serial aydın şəkildə göstərir ki, Baretskinin daxili şübhələri onu məsuliyyətdən azad etmir. O yenə də qatildir və heç bir şey ona bəraət qazandırmır.

Baretski obrazı vasitəsilə müəlliflər, zorakılıq və hakimiyyətin şəxsiyyəti necə deformasiyaya uğratdığını, qorxu və əskiklik hissinin necə dəhşətli əməllərə səbəb ola biləcəyini araşdırır. Bu, qəhrəmana “bəraət qazandırmaq” cəhdi deyil, sadə bir insanın fəlakətin bir hissəsinə necə çevrildiyini izah etməyə çalışan bir cəhddir.

Seriala baxanda məni daim bir sual düşündürürdü: Niyə məhz Lale Sokolov xilas ola bildi? Niyə təkcə o, digərləri yox — məsələn, hələ bütün həyatı irəlidə olan gənc Aron, ya da hamilə arvadı ilə eyni düşərgəyə düşən, amma onunla görüşə bilməyən Tomas, yaxud Laledən xeyli əvvəl döyməçi işləyən Pepan? Axı, Lale və Gitanın yerində onların hər biri ola bilərdi. Bu sadəcə təsadüfdürmü? Tale, yoxsa Laleni başqalarından fərqləndirən xüsusi bir keyfiyyət vardımı? Lale başqalarının edə bilmədiyi nəyi bacarmışdı?  Yeganə fərq onların düşərgədəki vəzifələrində idi. Hər birinin həyatda qalmaq üçün öz yolu və mövqeyi vardı. Lale də cəzalandırılırdı, alçaldılırdı, döyülürdü, mənəvi baxımdan sındırılırdı. Amma o, bütün bunlara rəğmən sona qədər getməyi seçdi. Bəzən bu yol xəyanət tələb etsə belə.


Onun yaşamaq istəyi eqoizm deyildi, əksinə, hələ də içində qoruyub saxladığı insanlıq hissini yaşatmaq cəhdi idi: duymaq, sevmək, arzulamaq, nəfəs almaq. O, yenidən həyata qayıtmaq, onun dadını yenidən hiss etmək, vətəninə, ailəsinin yanına dönmək, nəhayət, sadəcə yaşamaq, sevmək və sevilmək istəyirdi. Çünki doğulandan ona bu aşılanırdı, ailəsində bunu görmüşdü – həyata olan sevgini. Digər qəhrəmanlar isə, Tomas, Martin, Henrix — sanki başqa bir yol seçmişdilər: iztirabla təmizlənmək yolunu. Onlar əzablarını, qəzəblərini, nifrətlərini susmayaraq ifadə edirdilər və bu yolla “özlərinə xəyanət etmədən” bir-bir həyatdan köçürdülər. Bu nə qınamadır, nə də qəhrəmanlaşdırma. Bu, ləyaqətin müxtəlif formalarının toqquşmasıdır. Bəziləri sonadək səssiz qalmağı seçir, digərləri isə mübarizə aparır, risk edir, bəzən güzəştə gedir, amma sağ qalır. Serial bu suala birmənalı cavab vermir, sadəcə bir şey haqda düşünməyə vadar edir: insanlığın dibinə qədər məhv olduğu yerdə insan olmaq nə deməkdir.

“Osvensimli döyməçi” filmində aktyor oyunu, xüsusilə də, baş rolların ifası güclü və ya arzuolunan emosiyalar yaratmır. Anna Pruhnyakın canlandırdığı Gizela Furman isə ziddiyyətli təəssürat buraxır. Fikrimcə, aktrisa qəhrəmanının daxili mahiyyətini — onun gücünü, ağrısını, ləyaqətini və dözümünü tam şəkildə çatdıra bilmir. Obraz bulanıqdır, xarakterik cəhətlərdən və müəyyənlikdən məhrum qalıb sanki. Halbuki Hezer Morrisin kitabında Gita daha bütöv və dərin, güclü bir şəxsiyyət kimi təqdim olunub; aydın ifadə olunmuş xüsusiyyətlərə, daxili mətanət və faciəli, amma məna dolu həyata sahibdir. Düşərgə reallığının bütün dəhşətlərinə baxmayaraq, ləyaqətini qoruyur, ehtiyatlı və demək olar ki, soyuq bir səbir nümayiş etdirir. Lale ilə münasibətləri isə sadə bir vurğunluq hissi deyil, daxili mübarizə, şübhələr, qorxu və həmin qorxuları aşmağa çalışmağın nəticəsidir. O, zəifliyini, həssaslığını büruzə vermir, çünki bu, həyatda qalmaq üçün əhəmiyyət kəsb edir.


Serialda isə aktrisa tamam fərqli bir yanaşma təqdim edir. Anna Pruhnyakın canlandırdığı Gita olduqca həssas və uşaq kimi görünür. Onun baxışlarında tez-tez qorxu, davranışlarında qərarsızlıq hiss olunur. Lale ilə olan səhnələrdə isə onun hissləri çox yüngül, bir anlıq, nağılvari təqdim olunur. Kitabda isə sevgi zaman və ağrı ilə sərtləşən dərin inamın nəticəsi olaraq inkişaf edir. Məsələn, kitabda Gita ilk dəfə Lale ilə adını, keçmişini paylaşanda bu, böyük bir inam aktıdır, içindəki qorxuları aşaraq edilən cəsarətli hərəkətdir. Serial bu anı kitabla müqayisədə sadə və ötəri şəkildə göstərir.

Digər bir nümunə: kitabda Lale ilə hər görüşdən sonra Gita özünü daha təmkinli aparır, sanki özünə bir qədər zaman verir. Serialda isə biz onu çox sürətli şəkildə münasibətlərə atıldığını  görürük.

Beləliklə, fərq açıq şəkildə ortaya çıxır: kitabdakı Gita yetkin və yavaş-yavaş açılan bir obrazdır; serialda isə Gita yaşanan faciənin dərinliyini, mənəvi dəyişkənliyi səthi ötürür.

“Su pərisi” filmində şahzadə Erik rolu ilə tanıdığımız Con-Hauer Kinqin də oyunu ilə bağlı təəssüratlarım birmənalı olmadı. Aktyorun bu qədər dramatik və tarixi əhəmiyyət daşıyan bir obrazda görünməsi gözlənilməz idi. Lakin real həyatda Lalenin portretini araşdırdıqda və onu ekran obrazı ilə müqayisə edəndə xarakterindəki daxili ağrını, dözümlülüyü və mənəvi yükü Con Hauerin ifasında yetərli qədər müşahidə etmək olmur. Digər tərəfdən onun tərəf müqabili də sanki ona tam açılmağa imkan vermir. Onların ekran münasibəti emosional baxımdan tutqun və səthi görünür. Xarakterlər arasında dərin bağlılıq nümayiş olunsa da, mən bir tamaşaçı kimi bu hissləri tam formada yaşaya bilmirəm. Əksinə, ikinci planda olan qəhrəmanların — məsələn, Tomas və onun hamilə həyat yoldaşının (onların görüşə bilməməsi filmdə xüsusi ağrı ilə təqdim olunur) xətti daha çox ön plana çəkilsəydi, bu hekayə serialın emosional mərkəzinə çevrilə bilərdi, zənnimcə.

Aktyor oyununu müşahidə edəndə qeyri-ixtiyari “Sarsılmaz” (“Unbroken”) filmini xatırladım. Həmin filmdə Cek O’Konnel İkinci Dünya müharibəsi zamanı əsl cəhənnəmdən keçmiş amerikalı qaçış üzrə idmançı Lui Zamperini obrazını parlaq şəkildə canlandırır. Lale Sokolov və Zamperini arasında həm həyat hekayələri, həm də xarakter baxımından ciddi fərqlər olsa da, O’Konnel öz qəhrəmanının dolğun, ifadəli və canlı portretini yaratmağa nail olur. Onun ifası daxili ağrı, ləyaqət hissi ilə doludur və bu, hər səhnədə hiss olunur. Aktyor obraz üzərində dəqiq və ölçülü şəkildə işləyib, emosional spektri süni pafossuz çatdırıb. Məhz bu cür nümunənin fonunda “Osvensimli döyməçi” filmindəki aktyor oyununda dərinliyin və daxili dramatizmin çatışmazlığı xüsusilə nəzərə çarpır.

Serialın rejissoruTali Şalom-Ezer, Lale Sokolovun hekayəsindən bəhs edərkən, yalnız onun taleyini deyil, həm də digər real simaların faciəli həyatlarını qısaca da olsa, nümayiş etdirir. Bu insanların hər biri əsl qəhrəmandır: cavan hamilə qadını xilas etmək üçün özünü fəda edən xanım Hofmanova; ölməyi yox, namusunu qurban verərək yaşamağı seçən 16 yaşlı Silka; Gitadan bir an belə ayrılmayan və onun da heç vaxt tərk etmədiyi rəfiqələri; Lalenin həyatını xilas edən və krematoriyaya göndərilməsinin qarşısını alan Aron; və nəhayət, ona döyməçi işi verərək nisbətən daha təhlükəsiz həyat qazandıran Pepan — bütün bu insanlar Lale Sokolovun həyat hekayəsinin ayrılmaz hissələrinə çevrilirlər. Rejissor bu vasitə ilə tamaşaçıya göstərir ki, sonlarının necə olacağını bilə-bilə bu insanlar yenə də ümid etməyə, başqalarına kömək etməyə və insanlıqlarını qorumağa çalışıblar. Bu qısa epizodlar bizə cəhənnəmin içində belə insan ruhunun gücünü xatırladır.

Serialın ən təsirli səhnələrindən biri, artıq azadlıqda olan Lalenin Baretskidən məktub aldığı andır. O, bu məktubu həbsxanadan yollayaraq ondan kömək istəyir. Baretski, əslində, “yaxşılıqlarını” xatırladaraq, Lalenin onu qoruyacağına ümid edir. Lakin Lale ona yardım göstərməyi rədd edir.

Bu səhnə, Roman Polanskinin “Pianist” filminin finalını xatırladır. Orda Vladislav Şpilmana yardım edən alman zabiti Vilhelm Hozenfeld müharibə bitdikdən sonra həyatda qalmaq üçün düşmən tərəfdə olan bir şəxsdən yardım istəyir. Amma nəticədə meydanda tək qalır və öldürülür. Hər iki ekran işi bu mənəvi dilemmanı ortaya qoyur: zülm, işgəncə verən sistemin bir hissəsi olan şəxs yaxşılıq göstərdiyi halda belə, bağışlanmalıdırmı?

Həm “Osvensimli döyməçi”, həm də “Pianist” filmləri bu suala qəti şəkildə “xeyr” cavabını verir. Bu, vəhşilik deyil, tarixi həqiqəti qorumaqdır: hətta bir əsgər bir insanı xilas etmiş olsa belə, o hələ də cinayətkar sistemin bir hissəsi olaraq qalır. Onun vəhşilikdə iştirakı artıq tarixin gözündə “əfv edilməsi” imkanını aradan qaldırır. Qəhrəmanların keçmiş zülmkarlarını xilas etməkdən imtinası əxlaqi dürüstlükdür.

Tarixdə belə hallar mövcuddur: müharibə sonrası məhkəmələrdə günahkarlar zaman-zaman “humanist” davranışlarını, yaxşı əməllərini bəhanə edərək özlərini müdafiə etməyə çalışıblar. Məsələn, real həyatda Stefan Baretski 1965-ci ildə məhkəməyə çıxarılaraq kütləvi qətllərə görə mühakimə olunmuşdu və orada “daha humanist” olduğunu bildirmişdi. Amma məhkəmə bir-iki yaxşı əməlin onun törətdiyi cinayətlərin üstünü örtmədiyini qərar vermişdi.

Aktyor oyunundakı bəzi qeyri-müəyyənliklərə və mübahisəli məqamlara baxmayaraq, serial tamaşaçıya ən vacib hissi — inam və ümid duyğusunu ötürməyi bacarır, sevginin gücünün nəyə qadir olduğunu göstərir. İnsanlar arasındakı bu isti münasibətlər (burada söhbət yalnız Lale və Gitadan getmir) sanki mənəvi bir dayaq yaradır və ən dəhşətli şəraitdə belə ruhdan düşməyə imkan vermir. Lale və Gitanın hekayəsi əsl möcüzədir, qeyri-mümkün görünən bir şeydir. Onların sevgisi cəhənnəmin içində bir işıq, insanlığın daha mövcud olmadığını düşündüyümüz yerdə yanan bir ümiddir.


Romanın yaranma prosesi də serialda öz əksini tapır – yazıçı Hezer Morrisin (filmdə yazıçını aktrisa Melani Linski canlandırır) artıq yaşlanmış Lale Sokolovla görüşləri vasitəsilə. Xüsusilə, bu hissələrdə Harvi Keytelin aktyor oyunu diqqətəlayiqdir. O, personajının daxili dünyasına o qədər dərindən nüfuz edir ki, bəzən kadrlar sənədli film təsiri bağışlayır. Keytel Lalenin həyat hekayəsini sanki öz ruhunun süzgəcindən keçirir, onun ağrılarını, sükutunu və iztirabını öz varlığında yaşayır. Nəticədə isə obraz həm gerçək, həm də dərin emosiya ilə tamaşaçıya ötürülür.

Serialın quruluşçu rəssamı Stiv Herbert və komandasının işi xüsusi qeyd olunmağa layiqdir. Məhbusların geyimlərindən tutmuş barakların memarlığına qədər hər detal onlar tərəfindən işlənib.

Qrim ustası Fransis Haunsomun işi də yüksək səviyyədədir. Məhbusların arıqlamış sifətləri, döyülmə izləri, çirk, göyərmiş dodaqlar — bunların hamısı inandırıcı görünür, qəhrəmanların üzləri həddindən həddən artıq yüklənməyib. Fransis Haunsom Osvensimdən sağ çıxmış insanların üz cizgilərindəki ağrını və fiziki iztirabları vizual şəkildə dəqiq əks etdirmək üçün tələb olunan materialları diqqətlə araşdırıb.

Alman bəstəkarı və musiqi prodüseri Hans Zimmer və gənc Kara Talvenin bəstələri ölüm düşərgələrindəki insanların yaşadıqları inanılmaz əzabları çatdırmağa kömək edir.

Serialda diqqətimi çəkən fəndlərdən biri, yazıçının yaşlı Lale ilə danışdığı səhnələrdə arxa planda dünyasını dəyişən insanların ruhlarının görünməsidir. Bu, Laleyə kömək edənlərin, ya da onu satqın sayan məhbusların ruhlarıdır. Baretskinin ruhu isə onu heç vaxt tərk etmir. Bu, keçmişin dəhşətinin hələ də onu tərk etmədiyini simvolizə edir. Nə qədər illər keçsə də, yaşadığı qorxular və travmalar hələ də onunla qalır.

Serialdakı ən vacib qəhrəmanlardan biri də Pepandır (Adam Karst). Məhz onun sayəsində Lale döyməçi işini ala bilir. Pepan mühüm həqiqəti nümayiş etdirir: ölüm düşərgəsində sağ qalmaq çox vaxt insanlar arasındakı əlaqələrdən asılı idi. Hətta bu cəhənnəmdə belə, başqalarının həyatına biganə olmayan insanlar vardı və insan həmrəyliyi, qarşılıqlı yardımın gücü ən dəhşətli şəraitdə belə həyati əhəmiyyət kəsb edir. Pepan böyük ürəyə, hikmətə və şübhəsiz ki, zəngin həyat təcrübəsinə sahib bir insandır, bütün dəhşətlərə baxmayaraq, insanlara və onların mərhəmət hissinə olan inamını qoruyur.

Kanadalı aktyor, rejissor, prodüser, ssenarist Adam Karst daha çox “Yeniyetmə”, “Qar yağışı”, “Auşvitsdən döyməçi”, “Ölümü izləyərək” kimi seriallardan tanınır. Aktyor, Pepan obrazının necə yarandığı, bu rola necə hazırlaşdığı haqqında belə deyir:

– Adam, ssenarini ilk dəfə oxuyanda Pepanı necə qəbul etdiniz? Onunla bağlı sizə xüsusilə nə təsir etdi?

-Ssenarini ilk dəfə oxuyanda dərhal Pepanın digər personajlardan fərqləndiyini gördüm. O, sakit və gözə çarpmayan hərəkəti ilə bir insanın taleyini dəyişdirən şəxs idi. Pepan bütün serialda cəmi bir neçə dəqiqə görünür, amma onun mərhəmətinin ağırlığı bütün hekayə boyu hiss olunur. Zorakılığın normal sayıldığı bir dünyada o, müqavimətin simvoluna çevrilir — zorla deyil, məhz mehribanlıqla. Qəhrəmanın məhz bu cəhəti diqqətimi çox çəkdi.

– Pepan hekayədə necə qəfil meydana çıxırsa, eləcə də müəmmalı şəkildə yox olur. Ekran xaricində onun həyatını necə təsəvvür edirsiniz? Sizin fikrinizcə, onun düşüncələri və hissləri necə idi?

-Məncə, Pepan uzun və dərin mənəvi yol keçmişdi. Mən onu çox şey görmüş, bəlkə də ədalət və ya azadlıq uğrunda mübarizə aparmış, nəticədə, siyasi məhbus olaraq Osvensimə göndərilmiş biri kimi təsəvvür edirdim. Serial xaricində isə onu müşahidə və analiz edən, insan ləyaqətini qorumağa çalışan biri kimi gördüm. Onun son jesti — Laleni xilas etməsi — bəlkə də həyatı ilə barışmaq üçün etdiyi son cəhd idi.

Pepanı daxili qorxu ilə boğulan bir insan kimi canlandırmısınız, yoxsa taleyi ilə barışmış və düşərgə cəhənnəmində bir missiya tapmış biri kimi?

– Pepanı öz məqsədini tapmış bir insan kimi canlandırmışam. Düşərgədə qorxu hər zaman vardı, amma mən hiss etdim ki, Pepan onu çoxdan aşıb. O öz taleyini qəbul edib və bir qərar verib: Əgər bir insanın belə sağ qalmasına kömək edə bilsə, ətrafındakı dəhşətlərdən daha güclü bir şey edəcək, arxasınca insani irs qoyacaq. Biz insanlar ən dəhşətli vəziyyətlərə belə uyğunlaşa bilirik.

– Pepanı real bir şəxs və ya simvolik bir obraz kimi daha yaxşı anlamağınıza kömək edən istinadlarınız – kitablar, şahidliklər, tarixi sənədlər – oldumu?

– Viktor Franklın “İnsanın məna axtarışı” kitabı mənim üçün çox vacib bir kitabdır. Bu kitab mənə ən qaranlıq vəziyyətlərdə belə mənanın necə tapıla biləcəyini öyrətdi. Mənim əlcəzairli babam Vyetnamda Fransız Xarici Legionunda xidmət edərkən Hind-Çin Müharibəsi zamanı hərbi əsir olmuşdu. Onun əsirlik, soyuqluq və sağqalma haqqında danışdığı hekayələr də mənim obrazımın formalaşmasında böyük rol oynadı. Həmçinin mən İsraildə böyümüşəm və uşaqlıqdan Holokost haqqında çox eşidirdim. Bu uzaq tarix deyildi, mənim həyatımın və kimliyimin bir hissəsi idi. Yəhudi uşağı kimi mən, daim müharibə vəziyyətində olan və mövcudluq təhdidləri altındakı bir ölkədə böyümüşəm. Eyni zamanda hərbçi olmuşam.
Bütün bunlar mənim travma, sağqalma və insan dözümlülüyü haqqında anlayışımı formalaşdırdı.

Sizin fikrinizcə, Pepanın xəttində tamaşaçı üçün dönüş nöqtəsi hansıdır?

– Pepanın Laleyə xilas yolunu təklif etdiyi məqam çox vacibdir. Pepanın bu sakit və mərhəmətli hərəkəti həm özünün, həm də Lalenin həyatında izi qoyur. Bu hərəkət Osvensimdə belə, insanlığın tamamilə itirilmədiyini xatırladır.

– Obrazınız ilə Lale arasında “sükut kimyası”nı necə inkişaf etdirdiniz? Bu sükut ağrı və ya etimad üzərində qurulmuş bir bağ idimi?

– Bizi birləşdirən 3 məfhum var idi – ağrı, qorxu və sağ qalmaq uğrunda mübarizə. Bir-birimizi çox tez anladıq. Biz bu “kimyanı” sakitlik üzərində qurduq — baxışlarla ötürdüyümüz mesajlar vasitəsilə: “Səni görürəm. Səni anlayıram”. Bəzən etimad üçün sözlərə ehtiyac olmur, xüsusilə də, sözlərin təhlükəli ola biləcəyi bir yerdə. Baxışlar hər bir jestdən və sözdən daha güclüdür.

– Pepanın yoxa çıxdığı səhnə sizin üçün nə məna kəsb edir? Həyatının istənilən anda bitə biləcəyini bilən bir insanı necə canlandırdınız?

– Bu an ürəkdağlayan məqam idi. Elə bil ki, yolun sonunun gəldiyini bilə-bilə dumanda qeyb olursan. Amma o, ləyaqətlə getdi. Mən onu məhz bu cür canlandırmağa çalışdım — sınmış biri kimi yox, öz taleyi ilə barışmış və məşəli başqasına ötürmüş biri kimi.

– Daimi qorxu və düşərgə dəhşətləri içində yaşayan bir insanı canlandırmaq üçün fiziki və emosional olaraq necə hazırlaşdınız?

– Soyuq havada, reallığa çox yaxın şəraitdə aparılan çəkilişlər mənə çox kömək etdi. Çəkiliş qrupu, demək olar ki, real materiallardan istifadə edərək, az qala, real Osvensim yaratmışdı. Fiziki baxımdan əsirlərin hiss etdiklərinin, heç olmasa, kiçik bir hissəsini hiss edə bildim. Emosional olaraq isə mən içimdə daşıdığım, nəsildən-nəslə ötürülən travmaları xatırladım. Yəhudi olaraq, uşaq vaxtından Holokost haqqında hekayələr eşitmişəm, müharibənin gündəlik həyatın bir hissəsi olduğu bir ölkədə böyümüşəm — bütün bunlar məni öncədən formalaşdırmışdı. Travma onu yaşayan nəsillə bitmir. O, bizim DNT-mizdə, psixologiyamızda, incəsənətimizdə yaşayır. Biz hamımız – bəşəriyyət olaraq- bunu dərk etməliyik.

– Əgər sizə Pepanı tammetrajlı filmdə canlandırmaq imkanı verilsəydi,  tamaşaçıya nəyi göstərmək istərdiniz?

– Mən sükutun arxasında olan insanı, onun keçmişini, inamını, onu sındıran və ayaqda saxlayan şeyləri, demək olar ki, bir kəlmə belə demədən addım atan insanın necə müdrik və cəsarətli olduğunu göstərmək istərdim.

– Qeyri-insani şəraitdə insan olaraq qalmaq nə deməkdir?

– Birinə çörək vermək, kiçik bir təbəssüm, çiyninə dostyana vurmaq və ya kimdənsə üz döndərməmək kimi seçimlər “insan qalmaq” deməkdir.

– Sizcə, bu cür dəhşətləri sadəcə “oynamaq” mümkündür, yoxsa onları real hiss etmədən inandırıcı formada ötürmək olmur?

– Mən hesab edirəm ki, insan öz təcrübəsindəki emosional həqiqəti tapmalıdır, ağrı hissinə açıq olmalıdır. Onu bəzi mənada hiss etməlidir ki, ekranda da yaşaya bilsin. Kaş ki, mənə ən azı 5 dəqiqəlik bir an versəydilər, gerçək düşərgələrin necə olduğunu görə bilmək və bəlkə də, hətta bir anlıq da olsa, gerçək ağrını yaşamaq istərdim. Amma eyni zamanda, ümid edirəm ki,  bəşəriyyət heç vaxt bir daha belə dəhşət yaşamaz!

– Müharibə haqqında – aktyor olaraq, insan olaraq və bu dəhşətli tarixin “ekran qəhrəmanı” olaraq – bəşəriyyətə nə demək istərdiniz ki, bu cür faciələr bir daha təkrarlanmasın?

– Mən müharibə yaşamışam. Onun təsirini İsraildə uşaqlıqda görmüşəm. Mən qorxunu, irsən alınan travmanı daşımışam. İndi isə bir aktyor kimi bu məsuliyyəti faciəni yaşayanların, dünyasını dəyişənlərin, tamaşaçıların və öz qarşımda daşıyıram. Müharibə abstrakt bir şey deyil, o gerçəkdir, o bizim qanımızda, ailələrimizdə, gələcək nəsillərimizdə artıq qoyub öz izini. Mən həmçinin Azərbaycan haqda da düşünürəm — müharibənin ailələri parçaladığı və dərin izlər buraxdığı başqa bir ölkə haqda. Münaqişəni, müharibəni yaratmazdan əvvəl özümüzə sual verməliyik: növbəti nəsil üçün hansı travmanı yaradırıq? PTSP (Post-Travmatik Stres Pozuntusu) yalnız hərbçinin vəziyyəti deyil, o, uşaqlarda, valideynlərdə və bütöv mədəniyyətlərdə müşahidə olunur. Ümid edirəm ki, bir gün valideynlər öz uşaqlarını müharibə haqqında öyrənmək üçün yalnız muzeyə aparacaq. Beləliklə, onlar müharibənin necə dəhşətli və mənfi bir şey olduğunu öyrənə biləcəklər. Qoy müharibə yalnız tarix kitablarda və sənətdə mövcud olsun, real həyatda yox.

Nəzrin Mahu

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya