Əmrah Kılıç: “Dövlətin öz filmini dəstəkləməsi mütləqdir”
Müsahibimiz türkiyəli rejissor və prodüser, İstanbulda keçirilən Boğaziçi Film Festivalının keçmiş (2022-ci ildə istefa verib) art-direktoru, həmçinin Berlin və Kann festivallarında Türkiyə pavilyonlarının direktoru Əmrah Kılıçdır.
Ə.Kılıç, kino fəaliyyətinə sənədli filmlərlə (“Gecəqondu məhəlləsi”, “Çəpər””, “Babam” və s.) başlayıb. Hazırda fəaliyyətini daha çox prodüser kimi davam etdirir. Prodüser qismində ilk işi oskarlı rejissor Danis Tanoviçin filmində olub. O cümlədən, həmyerlilərimiz Hilal Baydarovun “Balıqlara xütbə” bədii filminin və Teymur Hacıyevin “Mavi sviterli adam” layihəsinin prodüserlərindən biridir. Xatırladaq ki, Əmrah bəy XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının beynəlxalq bölməsində münsiflik edirdi. Elə festival çərçivəsində baş tutan söhbətimizdə müasir Azərbaycan kinosu, kinofestivalların xarakteristikası, yeni trendlər və bununla bağlı digər mövzulardan danışmışıq.
- Əmrah bəy, artıq ikinci azərbaycanlı rejissorla əməkdaşlığa başlamısınız. Ümumiyyətlə, Azərbaycan kinosu ilə nə qədər tanışsınız? Kənardan baxanda necə görünürük?
- Çox əvvəlki filmlərdən xəbərim yoxdur. Elçin Musaoğlunu tanıyıram; – onu “Nabat” filmiylə tanımışam, Boğaziçi Film Festivalında müsabiqəyə salmışdıq. Elvin Adıgözəli tanıyıram, beynəlxalq nüfuzu olan bir rejissordur. Hilal Baydarovu tanıyıram; son filmində də ortaq prodüseriyəm. Teymur Hacıyevi qısa filmlərindən tanıyıram; Boğaziçi festivalında yarışıb. Onun da son layihəsinin ortaq prodüseriyəm. Rüfət Həsənovu da rejissor kimi tanımışam. O da ilk filmiylə Boğaziçi festivalında yarışmağa gəlmişdi. İlqar Nəcəfi tanıyıram, onun da son filmi – “Suğra və oğulları” Boğaziçi Film Festivalında işitrak edib. Məncə, son dövrdə çəkilən bütün filmlərin ortaq cəhətləri var, hamısının eyni yerdən gəldiyini anlamaq mümkündür. Kinematoqrafik olaraq yaxşı filmlərdir. Sovet ənənəsi hiss olunur. Tarkovskilərin başlatdığı, bizim indi “art-haus” kinosu adlandırdığımız, yeni ifadəylə “slow cinema” – “ləng kino” deyilən sahəyə aid olan filmlər olduğunu deyə bilərəm. Mövzu baxımından çox insani mövzulara toxunan filmlər olduğunu düşünürəm. Sadəlövh bir yanı var. Məncə, daha çox film çəkiləndə və rejissorlar da nə çəkdiklərini düşünməyə başlayanda bir istiqamətə axacaq. Amma bunun üçün bu rejissorlar rahat şəkildə filmlərini çəkməlidirlər.
- Hilal Baydarovun filmləri sizi nə ilə cəlb etdi? Çünki Hilalın tərzi Azərbaycan üçün fərqli olsa da, dünya kinosu üçün o qədər də yeni bir şey deyil.
- Mən Hilalın sənədli filmlərini də, “Səpələnmiş ölümlər arasında” adlı bədii filmini də izləmişdim. Onun tərzi mənim sevdiyim bir tərzdir. Sonuncu Boğaziçi festivalına Lav Diazı dəvət eləmişdim. Dünyada Hilalın tərzinin ən yaxşısını çəkən rejissordur və bu kinonun fəlsəfi olaraq bir qarşılığı var. Əslində, Hilalın seçdiyi tərz, yəni minimalist kino asan görünə bilər – kamera heç hərəkət etmir, uzun planlar, sanki heç nə baş vermir – amma çox çətin bir şeydir. Onu çəkə bilmək üçün kinonu çox yaxşı bilməlisiniz.
- Məlumdur ki, festivallarda üstünlük verilən mövzular, trendlər gündəmdə olan hadisələrə görə dəyişir. Hansı festivallara hansı mövzuların maraqlı olduğunu necə bilmək olar?
- Fərq var, doğrudur. Hər festivalın üztünlük verdiyi film tərzi fərqlidir. Belə deyim: Venesiya kinofestivalına göndərdiyiniz film qəbul olunmayıbsa, bu, o demək deyil ki, film pisdir. Sadəcə filmə görə festivalı tapmaq vacibdir. Bunu necə edə bilərsiniz? Birinci, bu festivalları çox yaxşı izləməlisiniz. Festivallarda göstərilmiş filmləri başqa yerlərdə, ya da festivalların özündə izləmək sayəsində hansı festivalın necə filmlərə üstünlük verdiyi barədə təsəvvürünüz yaranar. Məsələn, Lokarno festivalı daha çox eksperimental filmlərə üstünlük verir, amma Venesiya festivalı daha çox klassik narrativ axtarır. Bu fərqləri onların seçdikləri filmləri izləyərək anlaya bilərsiniz. Ya da hansı coğrafiyaya daha çox önəm verirlər? Yenə Lokarnonu misal çəkim. Bu kinofestival, son beş ildir ki, daha çox Asiyaya diqqət yetirir: Kamboca, Tayland, Vyetnam. Oralar üçün məxsusi ustad dərsləri təşkil edirlər. Bu, festival təşkilatçılarının strateji seçimi, qərarıdır. Çünki Avropada çəkilən yaxşı film nümunələri Lokarnodan bir pillə yuxarıda duran festivallara – Kanna, Berlinə, Venesiyaya gedir. Buna görə də Lokarno Asiyaya yönəlib. Dediyim kimi, bunları hətta festivalların sosial media hesablarını belə izləyərək anlaya bilərsiniz: o festivallar il boyu nələr edirlər, necə ustad dərsləri keçirirlər, sənət direktorları kimdir, daha əvvəl harada işləyib, neyləyib – bunların əsasında festival haqqında bir fikir formalaşdıra bilərsiniz. Məsələn, Rotterdam kinofestivalı Kanndan çox fərqlənir. Kann, daha böyük rejissorların iştirak etdiyi bir festivaldır, Rotterdam kinofestivalı isə ölkələrə görə strategiya qurur. Məsələn, Azərbaycanda hansı problemlər olduğuna baxır – erməni məsələsi, Qarabağ münaqişəsi və s. – və deyir ki, bunlardan danışan bir film varmı? Türkiyədən gələn filmlərdə kürd, azlıqlar, xristianlarla bağlı məsələlər, İraqdan gələn filmlərdə sosial problemlər, yoxsulluq və s, İran filmlərində çadra, qadın, rejimlə bağlı problemlər axtarır. Varsa, o filmlərə üstünlük verir. Rotterdam belə festivaldır. Orda da Asiyadan çox film götürürlər. Orda hər il azyaşlı qızların seks işçiliyinə cəlb olunmasından bəhs edən, ən azı, bir Tayland filmi qəbul edilir. Çünki bizim kimi ölkələr oralarda belə mövzularla gündəm olur. Yəni Qarabağda bir şey olmasa, Hollandiyada Azərbaycan haqqında danışılmaz; Türkiyədə iqtisadi-siyasi və s. bir böhran yaranmasa, heç kim orada Türkiyədən danışmaz. Niyə danışsın?! Buna görə, festival da sənin filmlərində bu mövzuları görmək istəyir. Bir festivalın ideologiyası belə ortaya çıxır. Bütün bunları da yalnız festivalları izlədikcə görə bilərsiniz. Buna görə də, məncə, “elə çəkim ki, festivala götürsünlər” doğru yanaşma deyil. Siz öz iç dünyanızı, anlatmaq istədiyiniz hekayəni və öz sevdiyiniz tərzdə danışmalısınız. Hansısa festival onu bəyənir-bəyənmir, bir yerə göndərəcəksiniz, ya yox – bu, çox vacib deyil. Vacib olan odur ki, öz iç səsinizi eşidəsiniz. Festivala düşmək üçün kimisə təqlid etmək, ya da “Rotterdam məndən Qarabağ haqqında film gözləyir, gedim, bundan çəkim, məni götürsünlər” yanaşması ucuz bir şeydir. Bunu bir dəfə edərsiniz, yeyərlər, götürərlər. İkinci dəfə heç nə çəkə bilməzsiniz. Buna görə də öz iç səsini duymaq, tapmaq və yaratmaq istədiyiniz şeyi yaratmaq önəmlidir. Festival üçün film çəkilməz.
- Haqlısınız, sırf festival üçün film çəkmək yanlış addımdır. Digər tərəfdən də bir festival gerçəkliyi var: trendlər, tendensiyalar və s. Üstəgəl bir də sənətçi eqosu var – filmlərini festivallara göndərmək istəyir, baxılmasını, qiymət verilməsini istəyir, tanınmaq istəyir. Bəs bu ziddiyətin həlli nədir?
- Əslində, o qədər də zidd şeylər deyil. Yaxşı film var, bir də pis film var; başqa bir şey yoxdur. Yəni siz yaxşı film çəkmisinizsə – istər trendlərə uyğun olsun, istər olmasın – insanlara təsir edə bilirsinizsə, kinonun nə olduğunu bilirsinizsə, yəni kamera ilə hekayə danışmağı, mizan qurmağı, aktyorları istiqamətləndirməyi bacarırsınızsa, bir şəkildə fərqlənəcəksiniz, sizi görəcəklər.
- Bütün o festival trendlərinə, festival ideologiyalarına rəğmən?
- Hər şeyə rəğmən. Siz trend olmayan bir şey yaradarsınız, sizin yaratdığınız trend olar. İnsanlar bir yerə yığışıb “gəlin, belə bir trend yaradaq” demirlər. Biri yeni bir şey yaradır, çox bəyənilir, başqaları da onun kimi film çəkmək istədiyi üçün trendə çevrilir. Yəni siz də bir film çəkərsiniz; bu gün trend olmasa da, beş il sonra trendə çevrilə bilər və ilkini siz çəkmiş olarsınız.
- Siz şedevrlərdən danışırsınız.
- Yox, bu, hər şey üçün keçərlidir. Yeni başlayan rejissorlar üçün də bunu deyim: böyük rejissorlar vacibdir, çünki yenilər onları təqlid etməklə başlayırlar bu işə. Amma böyük rejissorların çəkdikləri filmləri izləyəndə gənc rejissor özünə bu sualı verməlidir: mən, məsələn, Tarkovskini hər kəs sevib bəyəndiyi üçün bəyənirəm, yoxsa həqiqətən bəyənirəm? Bəlkə, əslində, mənə darıxdırıcı gəlir? Yeni başlayan rejissor əvvəlcə bu sualın cavabını tapmalı, ondan sonra film çəkməlidir. Bu suala cavab tapsa, artıq “trendə uyğun film çəkim; necə çəksəm, festivala düşərəm” kimi məsələləri öz başında bitirəcək və öz səsini axtaracaq. Vacib olan da budur. Yəni sadəcə trend film çəkdiyiniz üçün festivala seçilməyəcəksiniz; bir Azərbaycan filmi çəkdiyiniz zaman dəyər görəcəksiniz. Heç kim sizin fransız kimi film çəkməyinizi istəmir. Siz azərbaycanlı kimi çəksəniz, öz problemlərinizi, hekayələrinizi mədəniyyətinizlə iç-içə danışsanız, o, hər kəs tərəfindən bəyənilər. Əsgər Fərhadi Oskar aldı, çünki İranın hekayələrini İrana xas üslubda, İran mədəniyyətindən bəhrələnərək şairanə bir şəkildə danışır. Zatən Əsgər Fərhadinin sözüdür: dünyaca məşhur rejissor olmaq istəyirsinizsə, lokal olmalısınız; nə qədər lokal ola bilsəniz, o qədər qlobal olarsınız.
- Müəllif kinosunda prodüserin əsas hədəfi nə olur?
– Bilirsiniz ki, iki istiqamət var: kommersiya, meynstrim – yəni pul qazanmaq məqsədilə istehsal olunan filmlər, bir də müəllif kinosu – “art-haus” dediyimiz. Hər iki istiqamət iki fərqli prodüserlik ortaya çıxarır. Birincidə – kommersiya, meynstrim filmlərdə prodüser maliyyə tapır, ya da öz cibindən qoyur və kassadan, satılan biletlərdən qoyduğunun ikiqat, üçqat artığını qazanmaq istəyir. Art-haus filmlərdə prodüser sərmayəni öz cibindən qoymağa yox, başqa mənbələrdən tapmağa çalışır. Daha doğrusu, belə filmlərin prodüserləri heç bir filmə öz ciblərindən pul qoymazlar. Bu forma bizim “kreativ prodüserlik” dediyimiz başqa bir strukturdur. Burada bir rejissor və ya prodüserdən gözləntiniz onun haradansa – əsasən, fondlardan pul tapmasıdır. Bir çox ölkələrin öz kino fondları var, fərqli ölkələrin birləşib yaratdıqları kino fondları var; məsələn, Avropa Kinoya Dəstək Fondu “Euroimage” kimi. Art-haus filmlərin prodüseri belə fondlara gedib sizin layihənizi tanıdan və onun üçün pul tapan şəxsdir. Kreativlik qismi də bu pulu tapmaq şəkli və üsullarıyla bağlıdır. Həmçinin yaradıcı prodüser ssenariylə iş mərhələsində iştirak edə, rejissorla filmin mövzusunu müzakirə edə, fikir verə bilər. Kommersiya kinosunda isə prodüser ssenarini sifariş verər, rejissoru tapar və sərmayə qoyduğu pulu artırmağa çalışar.
- Pitçinqlərdə diqqət çəkmək üçün hansısa xüsusi taktikalar varmı? Məsələn, layihəyə kənardan tanınmış bir ssenarist cəlb etmək kimi…
– Məncə, başqa bir ssenarist dəvət edib onun adından istifadə etmək o qədər də işə yarayan taktika deyil və kiminsə buna əhəmiyyət verdiyini düşünmürəm. Çünki arthaus kinosu ssenarist yox, rejissor kinosudur, burada rejissor önəmlidir. Məsələn, biz Teymurla Hacıyevlə əməkdaşlıq barədə razılığa gələndə onun ssenarisi yox idi. Mən Teymurun qısa filmlərini görmüşəm, özünü tanıyıram, kinoya münasibətini bilirəm. Buna görə də ondan ssenari tələb etmədim. Məncə, ən inandırıcı şey, ən yaxşı referans – əgər uzun film çəkəcəksinizsə – qısa filmdir. Filmi çəkmək üçün xarici fondlara ehtiyacınız var və kino elə bir sənətdir ki, heç kimi istedadsız bir şeyə inandıra bilməzsiniz. Çünki mal ortadadır, pis olduğunu görürsən. Amma, yaxşı bir qısa film çəkmisinizsə, onun vasitəsilə hər kəsi inandıra bilərsiniz. Avropada rejissorlara belə baxırlar: ona sərmayə qoymaq olar ya olmaz. Qısa film, prodüserə rejissorun potensialını az-çox hiss etdirir. Yaxşı bir qısa filminiz varsa, riski azaldırsınız. Riski minimallaşdırmış bir prodüser də o layihəyə daha çox inanır və pul üçün müraciət etdiyi fondları əyani bir şeylə inandıra bilir. Avropada da ssenari, hekayə önəmlidir. Bununla bağlı müxtəlif pitçinqlər, müsabiqələr və s. keçirilir. Amma elə rejissorlar var ki, filmlərində daha çox vizual atmosferi önə çəkirlər. Belə olanda ssenari o qədər də əhəmiyyət kəsb etmir. Məsələn, Bela Tarrın, ya da Lav Diazın filmlərində ssenari çox önəmli deyil, çünki onun hədəfi başqa şeydir. Bu səbəblərdən də çox zaman ssenari yox, rejissor seçilir. Avropada da belədir, Amerikada da. Bütün fondlar üçün də əsas sual budur: filmi kim çəkəcək? Sonsuz sayda ad var və bu adların arasından seçilməyin yolu bir film göstərməkdir. Bir fond rəhbəri olduğunuzu təsəvvür edin: minlərlə insan var, hamısı sizdən pul istəyir, hamısı rejissor olduğunu, çox yaxşı film çəkəcəyini deyir. Min insan müraciət edir, amma onuna pul verə bilirsiniz. Bu on nəfəri necə seçəcəksiniz? Deməli, sizə digərlərindən fərqli bir şey göstərməlidirlər. İlk 2-3 filminizdən sonra özünüzü rejissor kimi təsdiq edə bilirsinizsə, bir müddət sonra fondların özləri sizi axtarmağa başlayır. Digər tərəfdən bərbad film də çəkə bilərsiniz, heç kim rejissor kimi doğulmur. Çəkə-çəkə, çəkdiyiniz şeyləri montaj masasında quraşdıra bilməyəndə nəyi bacarıb-nəyi bacarmadığınızı öyrənirsiniz. O ki qaldı pitçinqlərə… Adətən, layihə müəllifləri onlara verilən 15-20 dəqiqə ərzində filmin bütün hekayəsini danışaraq münsifləri, salondakı digər fond və satış təmsilçilərini inandırmağa çalışırlar. Amma bütün hekayəni anlatmaq lazım deyil, çünki bu, yorucu olur. Təsəvvür edin ki, sizin kimi əlavə on beş insan var və siz on ikincisiniz. Münsiflər artıq on bir hekayə dinləyib, beyinlərində hamısı bir-birinə qarışıb. Sizin danışdıqlarınızı anlamayacaqlar. Ən yaxşısı, həm zahiri bir detal, həm də qısa və konkret cümlələrlə yadda qalmağa çalışmaqdır. Məsələn, jüri belə deməlidir: qırmızı papaqlı oğlan, ya da şərfli qız və s. Belə detallar bir taktikadır. Onda jüri sizi vizual olaraq yadında saxlayar. Yanında da hekayənizi təsirli edən bir neçə qısa və yığcam cümlə kifayətdir. Pitçinqlərdə ən əsas şey münsiflərin yadında qalmaqdır. Bir də münsiflər ssenariyə nə qədər hakim olduğunuzu, nə etmək istədiyinizi bilib-bilmədiyinizi öyrənmək, sizi yoxlamaq üçün bir neçə sual verə bilərlər. Onlara da qısa və qaneedici cavab versəniz, önə çıxarsınız.
– Festival strategiyası deyilən bir şey varmı? Yoxsa lap əvvəldən böyük festivallardan başlamaq lazımdır?
– Bu məsələ belədir. Berlin kinofestivalında hər bölümün fərqli direktoru və fərqli heyətləri var. Məsələn, əsas müsabiqə və “Encounters” bölümünün art-direktoru Karlo Şatriandır. Ona görə də Berlin festivalının əsas müsabiqəsinə film göndərəndə sizdən soruşrular ki, filminizi “Encounters” üçün də dəyərləndirə bilərikmi? Və ya deyirlər ki, filminizi əsas müsabiqəyə yox, “Encounters” bölməsinə sala bilərik; bu bölmənin hədəfi cəsur sınaqlar edən, yeni dil axtaran müəlliflər tapmaqdır və sizin filminiz ora çox uyğundur. Kannda da belədir. Yəni orada da festivalın əsas müsabiqəsinə müraciət edəndə, əslində, bunu demək istəyirsiniz: mən festivalın əsas müsabiqəsinə və “Xüsusi baxış” (“Un Certain Regard”) bölməsinə müraciət edirəm. Çünki bu iki bölməyə festivalın direktoru Tyeri Fremo cavabdehdir. Digər bölmələrə fərqli insanlar rəhbərlik edirlər. Buna görə də həmin bölmələrə ayrıca müraciət etməlisiniz, ya da müraciətinizdə hansı bölmələri seçdiyinizi bildirməlisiniz. Məncə, çəkdiyiniz filmi hər kəsdən əvvəl özünüz dəyərləndirməyi bacarmalısınız: mənim filmim hansı festivala, hansı bölməyə uyğundur? Hər kəs film çəkir və Kannın əsas müsabiqəsinə göndərmək istəyir. Heç elə şey olar? Oralar çətin yerlərdir. Buna görə də özünlə səmimi olmaq çox vacibdir. Film çəkərkən və çəkdiyiniz işi dəyərləndirərkən “Kanna gedə bilərəm?” deyə, özünüzə sual verməlisiniz. Tutaq ki, ilk filminiz Kann kinofestivalının əsas müsabiqəsinə düşüb. Orada Azərbaycandan olan balaca bir uşaq kimi itib-bata bilərsiniz. Çünki Kannda çoxlu böyük rejissorlar var və filminiz orada layiq olan dəyəri görməyə bilər: heç kim sizdən danışmaz, filminiz haqqında rəylər yazılmaz və s. Ona görə də festival strategiyasını doğru qurmaq lazımdır. Bu da başqa bir mütəxəssisin sahəsidir. Bəlkə də siz ilk filminizlə Karlovı-Varıya getməlisiniz, ikinci filminizi Lokarnoya göndərməlisiniz. Bundan sonra, bəlkə üçüncü filminizi Berlinə göndərə bilərsiniz; və bəlkə Berlindən sonra Kann özü sizi istəyəcək. Bu, uzun və əziyyətli bir yoldur.
- Xarici fondlara müraciət zamanı öz ölkəndən dəstək almaq vacibdir?
– Çox vacibdir. Bilirəm, bu, Azərbaycanda ən ciddi problemlərdən biridir və mən də üzləşmişəm bu problemlə. Məsələ belədir: müştərək istehsal adlandırdığımız şeyi reallaşdıra bilmək üçün hansı ölkənin vətəndaşısınızsa, o ölkənin beynəlxalq kino fondundan dəstək almağınız vacibdir. Yəni bir fransız, alman – başqa ölkədən olan bir prodüserin sizin layihənizə öz ölkəsindən pul ala bilməsi üçün əvvəlcə öz ölkəniz sizi dəstəkləməlidir. Bu, mütləq şərtdir.
– Tutaq ki, layihə hər hansı bir səbəbdən – siyasi, ideoloji və s. – öz ölkəmdə qəbul olunmur və dəstək almır.
– O zaman sizi maliyyələşdirə biləcək başqa bir ölkəyə gedəcəksiniz və filminiz həmin ölkənin istehsalı olacaq. Məsələn, mənim yanıma gələcəksiniz və mən deyəcəyəm ki, gəlin, filmi Türkiyədə istehsal edək, türk filmi olsun. Çünki istehsalçı ölkəni, aldığınız maliyyənin miqdarı müəyyənləşdirir. Tutaq ki, mən filmim üçün Türkiyə dövlətindən 1 milyon lirə almışam, lakin kifayət etmir, əlavə maliyyə tapıram. Həmin maliyyənin sahibi, verdiyi məbləğdən asılı olaraq haqq sahibinə çevrilir. Əgər onun verdiyi məbləğ 1 mlyon lirədən daha çoxdursa, film onun ölkəsinin filmi olur, məsələn, “Oskar”a onun ölkəsinin filmi kimi gedir.
– Bizim kimi problemləri olan ölkələrin çıxış yolu nədir?
– Mən sizin kinodakı problemləri bilirəm. Hər ölkədə fərqli-fərqli problemlər var. Avropa başqadır, özümüzü onlarla müqayisə etməyək; Fransa Milli Kino və Animasiya Mərkəzi CNC-nin illik büdcəsi bir milyard yarım avrodur. Geri qalan ölkələrə baxanda – biz, siz, Bolqarıstan, Gürcüstan və s.- hamımızın problemləri var. Problemlərin öhdəsindən necə gəlmək olar? Məsələn, Türkiyədə 2005-ci ilə qədər kino fondu yox idi, dövlət filmlərə maliyyə vermirdi. Hər şey 2005-ci ildən sonra başladı. Kino şöbəsi quruldu, dəstək qurumu formalaşdırıldı və ordan, təxminən, 5-10 layihə müəyyən qədər maliyyə dəstəyi almağa başladı. Necə başladıq? Ceylan, Kaplanoğlu, Dərviş Zaim və digərlərindən ibarət, yüksək səviyyədə kino yarada bilən bir nəsil ortaya çıxdı və öz imkanları ilə, dost-tanışdan kamera alaraq yaxşı filmlər çəkməyə başladılar, xaricdə çox əhəmiyyətli beynəlxalq uğurlar qazandılar. Bu, ölkədə bir fərqlilik yaratdı, dövlətin də marağını oyandırdı. Sonra kino adamları təşkilatlanmağa başladılar, məslək birlikləri, müəlliflik hüquqları ilə məşğul olan birliklər quruldu. Dəstəkləmə qurumunda kimlərin olacağını özümüz seçirik. Ssenaristlərin, rejissorların, prodüserlərin, operatorların və s.- hər peşənin öz birliyi var. Bunlar olduğu üçün dövlətə daha çox təsir edə bilirik, sözümüzü deyəndə bizi eşitməyə başlayırlar. Yəni siz tələb eləməsəniz, dövlət heç nə etməz. Bizim kino adamları tələb etdilər, getdilər-gəldilər, dedilər, bir də dedilər, istədiklərini alana qədər dedilər. Mən dava-dalaşdan, etirazdan, üsyandan danışmıram. Əslində, dövlət nəyi necə etməli olduğunu bilmir, çətin gəlir. Məmurdur, belə şeylərlə əlləşmək istəmir. Pulu yol çəkmək üçün ayırıb, sən də deyirsən ki, kinoya pul ver. Bəlkə də adam heç kinonun nə olduğunu bilmir. Amma Türkiyədə heç kim bundan bezmədi. Hər zaman danışdıq, “kino, sektor, lazımdır” dedik, bunların vacibliyi, dəyəri izah olundu və nəhayət, 2005-ci ildə dövlətin dəstəyini ala bildik. Yəni sizin inandırmağınız, davamlı izah, tələb etməyiniz lazımdır; ictimai rəy, təzyiq formalaşdırmalısınız. Tələb olmayanda heç bir dövlət heç nə etməz. Hətta lazım gələndə, məsələn, “filan yerdə filan şey edilir, Amerika belə, Fransa elə; bizdə niyə yoxdur” deyib utandırmalısınız. Onlar da “hə, bizdə də olsun” deyib edirlər.
– Mənim suallarım bitdi. Təşəkkür edirəm.
Müsahibəni hazırladı: Aygün Aslanlı